Təhsil (13-06-2018, 13:57)
Əlyazmalar İnstitutunda AXC-nin 100 illiyinə həsr olunmuş konfrans keçirilib
13 iyun 2018-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda III beynəlxalq elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Əlyazmalar İnstitutunun Azərbaycan xalqının milli-mənəvi sərvətlərinin və dəyərlərinin qorunması sahəsindəki rolundan danışıb. O, Əlyazmalar Fondunun Əlyazmalar İnstitutuna çevrilməsini Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndirib. O, deyib ki, Gürcüstanda, Ermənistanda əlyazmalar saxlanılan müəssisələr çox-çox əvvəllər institut statusu almasına baxmayaraq, Azərbaycanda buna imkan verilmirdi. Yalnız Ulu Öndərin səyləri nəticəsində Respublika Əlyazmalar Fondu instituta çevrilə bildi. Akademik vurğulayıb ki, milləti dünyaya onun əlyazmaları, kitabları tanıdır. İ.Həbibbəyli Əlyazmalar İnstitutu üçün gələcəkdə yeni və müvafiq binanın tikilməsinin planlaşdırıldığını bildirib. Amma o deyib ki, həmin vaxta qədər hazırki binada əsaslı təmir aparılacaq.
AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli konfransın məramı və məqsədi barədə məlumat verib. O, bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının tarixində ən şərəfli yerlərdən birini tutur.
T.Kərimli Cümhuriyyət tariximizin dərindən və hərtərəfli öyrənilməsini bu gün qarşıda duran ən vacib vəzifələrdən biri olduğunu qeyd edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamını tariximizə, milli-mənəvi irsimizə böyük qayğının təzahürü kimi dəyərləndirib.
Sonra AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Aybəniz Əliyeva-Kəngərli “Cümhuriyyət dövrünün ədəbi konsepsiyası (M.Ə.Rəsulzadənin ədəbi görüşləri)”, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov “Nəsib bəy Yusifbəylinin “Təslim” hekayəsi”, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, filologiya üzrə elmlər doktoru Nailə Səmədova “Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülündə Yusif Vəzirin fəaliyyəti”, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadova “Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir” mövzularında məruzə etmişlər.
Daha sonra konfrans bölmələrdə davam edib.