Təhsil (30-05-2018, 18:13)
Əlyazmalar institutunda tədbir keçrilib
30 may 2018-ci il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunda Məhəmməd Füzuli “Divan”ının əlyazma nüsxəsinin “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsi ilə bağlı təqdimat mərasimi keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri-YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Humanitar Elmlər Bölməsinin akademik–kaibi, akademik Teymur Kərimli, institutun əməkdaşları və digər qonaqlar iştirak ediblər.
AMEA-nın prezidenti, akademik A.Əlizadə M.Füzuli “Divan”ının əlyazma nüsxəsinin “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsini Azərbaycan üçün əlamətdar hadisə kimi dəyərləndirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, vitse-prezident Mehriban Əliyevanın xüsusi qayğısı sayəsində mədəni irsimizin dünyada tanıdılması istiqamətində əsl dönüş başlandığını bildirib. A.Əlizadə digər Azərbaycan mütəfəkkirlərinin əsərlərinin də “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsi istiqamətində iş aparılmasının vacibliyini bildirib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri-YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov bu sənədli irsin “Dünya Yaddaşı” Proqramı Reyestrinə daxil edilməsini onun müstəsna dəyəri ilə əlaqələndirib. O, deyib ki, bu həmin irsin bəşəriyyət üçün mühüm əhəmiyyətini bir daha təsdiqləyir. E.Sultanov Beynəlxalq Reyestrin həmçinin kollektiv yaddaşın əhəmiyyətinə və onun mümkün qədər çox insan üçün əlçatan olmasına şərait yaratdığını qeyd edib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də YUNESKO qeydiyyatını respublikamız üçün uğurlu bir addım kimi dəyərləndirib. O deyib ki, haqqında söhbət gedən əsər Füzulinin türkcə (azərbaycanca) “Divan”ının ən mötəbər nüsxəsi sayılan, şairin ölümündən 16 il sonra - 1572-ci ildə üzü köçürülən Bakı əlyazmasıdır. YUNESKO rəhbərliyi əlyazmanın əhəmiyyətini və mahiyyətini düzgün dəyərləndirib. Akademik təşkilatın universal çıxış və qorunma sektorunun müdiri Boyan Radoykov tərəfindən göndərilən məktubda da bu məqama işarə edildiyini bildirib. O, əsərin YUNESKO-nun baş qərargahının yerləşdiyi Paris şəhərində “Dünya Yaddaşı” Proqramının Beynəlxalq Məşvərət Komitəsinin tövsiyəsi ilə Beynəlxalq Reyestrə salındığını bildirib.
AMEA-nın Humanitar Bölməsinin müdiri, akademik Teymur Kərimli Əlyazmalar İnstitunun böyük xəzinə olduğunu və bu xəzinənin dünyaya tanıdılmasının vacibliyini vurğulayıb. Daha sonra çıxış edən akademik Rəfael Hüseynov, filolologiya üzrə elmlər doktoru Paşa Kərimov və digərləri çıxış edərək Məhəmməd Füzulinin həyatı, yaradıcılığı və irsi barədə məlumat veriblər.