Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (26-11-2014, 19:56)
Sabiq hakimin məhkəməsində sensasion açıqlamalar

Dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi noyabrın 25-də Gəncə Ağır Cinayətlər Məhkəməsində davam etdirildi.
Virtualaz.org saytının Gəncəyə ezam olunan müxbirinin verdiyi məlumata görə, prosesdə sabiq hakim H.Əliyev sərbəst ifadə verdi.
Özü haqda məlumat verən H.Əliyev Perm Dövlət Unuversitetində təhsil aldığını, bir müddət Rusiyada məhkəmə sistemində çalışdığını, 1990-cı illərdə Azərbaycana gəldiyini, 1992-ci ildə Naxçıvan Şəhər Prokurorluğunda işlədiyini, iki dəfə mərhum prezident Heydər Əliyevin qəbulunda olduğunu dedi. Hər zaman dövlətə və dövlətçiliyə sadiq olduğunu deyən sabiq hakim birdən-birə məhkəmə sədri olmağında da mərhum prezidentin böyük rolunun olduğunu vurğuladı.
H.Əliyev ifadəsində Elman Məmmədovu Binəqədi Rayon Məhkəməsinin sədri işləyən dövrlərdən tanıdığını, onun Binəqədidə yaşayan köçkünlərlə bağlı yanına xahişə gəldiyini dedi: "Elmanı düz adam kimi tanımışam. Həmişə sözünün ağası olub. 2011-ci ilin payızı idi. Elmanla məhkəmənin qarşısında görüşdük, yanında bir nəfər var idi. Dedi dostumdur, adı Ramazandır, soyadı Səlimov, əvvəl vəzifədə işləyib, indi işə düzəlmək istəyir...
Hansı vəzifəyə düzəlmək istədiyini soruşdum. Dedi ki, qaz, işıq, su idarəsinə. Dedim CV-ni hazırlasın, baxarıq. Həmin gün hətta bir yerdə oturub çörək də yedik. Ramazan Səlimov söhbət əsnasında dedi ki, Rusiyada zavodum olub, satmışam, 7-8 milyon civarında pulum var və s. Ramazan indi burada elə danışır ki, elə bil biz məcbur eləmişik ki, gəl səni vəzifəyə qoyaq.
Elman da bir neçə gün sonra Ramazanın CV-ni gətirdi. Biz pul söhbəti danışmamışıq. Ona dedim ki, bu haqda sonra özünüz danışarsınız. Ramazanı Siyəzənin icra başçısı Arif Qasımovun yanına aparmışam, demişəm ki, qaz, su, işıq idarəsinə işə düzəlməyinə köməklik etsin. O, həmin vaxt Arif müəllimə hədiyyə verməyib. Bu söhbət alınmadı və biz çıxıb gəldik.
Sonradan eşitdim ki, Ramazan yenidən Arif müəllimin yanına gedib və o da Ramazanı qovub. Məndə mərhəmət hissi güclüdür. Ramazanın məhkumluğu olmasını da bilməmişəm, bunu məndən gizlətmişdi”.
Ramazan Səlimov
H.Əliyev ifadəsində bildirdi ki, o, ömür boyu vətəninə, millətinə, dövlətinə, prezidentinə sadiq olan bir insan olub. Lakin öz səhvi ucbatından müəyyən şəxslər onu tora salıblar: "Bacımın oğluna görə "Şərurlu İsfəndiyar”dan - İsfəndiyar Axundovdan borc almışdım. Sonradan bacımın oğlu qəflətən rəhmətə getdi və bu borc mənim üstümdə qaldı. Banka hər ay 4 min manat faiz ödəyirdim. Elə olurdu ödəyə bilmirdim, dost-tanışa ağız açmalı olurdum. Ramazan mənim yanımda olarkən İsfəndiyar Axundovun kassiri Rəşad zəng vurub dedi ki, faizi ödəməyin vaxtıdır. Ramazan maraqlandı ki, nə faiz məsələsidir. Ona hər şeyi danışdım. Dedi ki, gəl mən sənə pul verim, borcunu ödə.
Sevindim ki, nə gözəl insana rast gəlmişəm. Ona hörmətim birə-beş artdı. Faizdən qurtarmaq mənim üçün böyük iş idi. Ramazan dedi ki, amma sən mənə qəbz ver. İsfəndiyar Axundova borcum 200 min manat idi. Amma dost-tanışa da borcum yaranmışdı deyə 300 min manatlıq qəbz yazıb verdim. Dedi pulu düzəldib bir-iki günə verəcəm. Nə biləydim ki, başıma bu oyunu gətirəcək?!
2011-ci il, dekabr ayının 21-dən sonra Ramazanı tapa bilmədim. Telefonuna da zəng çatmırdı. Bu adamın mənə "atmaq” söhbəti heç ağlıma da gəlmirdi. Fikirləşirdim ki, hakim adamam, buna risk eləməz. Ramazanı tapa bilməyəndə məcbur olub Elmana zəng vurub dedim ki, sənin gətirdiyin adama qəbz yazıb vermişəm, indi tapa bilmirəm. Bir həftədən sonra Elman özü zəng vurub dedi ki, Ramazanı tapdım, beş kişinin yanında and içib dedi ki, Həsən müəllimə pul verməmişəm, qəbzi də cırıb atmışam. Mən də inandım”.
H.Əliyevin ifadəsinə görə, aradan bir-iki ay keçəndən sonra R.Səlimov üzə çıxıb və ondan üzrxahlıq edərək Qusarda otel tikdirdiyini, bu səbəbdən başının qarışıq olduğunu deyib. Təxminən bir il sonra isə özü H.Əliyevə zəng vuraraq o vaxt ona pul verə bilmədiyini, Azərbaycanda pul saxlamadığını, amma indi istənilən məbləği verə biləcəyini açıqlayıb: "Elə inandırıcı danışırdı ki, adam inanmaya bilmirdi. Dedi ki, pulum artıq Rusiyadan gəlib, Qusarda otel tikintisi ilə məşğulam, Bakıya gələ bilmirəm, amma 300 min manatı notarial qaydada borc müqaviləsi bağlamaqla verə bilərəm. Razılaşdıq. Anket göstəricilərini alıb 6 saylı notariat kontorunda 2012-ci il, dekabr ayının 5-də borc müqaviləsi tərtib etdirib öz adımdan imzaladım. Mən işdə olduğumdan ertəsi gün səhər dostum Qüdrət Yəhyayevdən 6 saylı notariat kontoruna getməyi xahiş etdim. Dedim ki, sabah Ramazan müqaviləni imzalayacaq və 300 min manat verəcək, onu al, mənə gətir. Ramazan notariat kontoruna gəlib müqaviləni imzalasa da pulu verməyib. Qüdrətə deyib ki, müqaviləni 1 saylı notariat kontorunda rus dilinə tərcümə etdirəcək, təsdiqlədəcək və Mahaçqala şəhərinə göndərib pulu oradan alacaq.
Ramazana zəng vuranda eyni sözləri mənə də dedi. Bundan sonra mütəmadi olaraq Ramazanla telefon əlaqəsi saxlamışam, pulu nə vaxt göndərəcəyini soruşmuşam. Ramazan pulu nağd verə bilməyəcəyini, köçürmə yolu ilə ödəmək istədiyini dedikdə "Şərurlu İsfəndiyar”ın bank hesab nömrəsini ona göndərdim, amma ora da köçürmədi.
Ramazanın məni aldatdığını başa düşdüm. Ona "sən mənə pul verən deyilsən, gəl müqaviləni ləğv edək” məzmunlu mesaj da yazdım. Amma Ramazandan səs çıxmadı. Səsə-küyə düşməsin deyə Ramazanı özüm axtarıb tapmaq istədim, tapa bilmədim”.
Sabiq hakim ifadəsində göstərib ki, 2013-cü ilin fevral ayında dostu Tariyellə görüşərkən sonuncu ona Ramazanın onun oğlunu ədliyyə orqanlarına işə düzəltmək adıyla aldadaraq 14 min dollar alıb qaytarmadığını, buna görə də Ramazandan polis orqanlarına şikayət edəcəyini bildirib: "Tariyelə Ramazana yazdığım qəbzdən danışdım. Dedim şikayət etmə, mənə pul verməlidir. Tariyel isə Ramazanın yalançı adam olduğunu dedi, ona inandığıma görə məni məzəmmət etdi. Bu müddət sonra Qüdrət Yəhyayev dedi ki, Ramazan Mərdəkandakı bağ evinin bir hissəsini satmaq adı ilə onu aldadaraq 6500 manat pulunu alıb, qaytarmaqdan imtina edir.
Bundan sonra hər ikisi Tariyellə Qüdrət 2013-cü il, martın 17-də Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinə şikayət ediblər. Ramazan görəndə ki barəsində şikayət var, qəbzlər yadına düşüb. 16-cı polis bölməsinin rəisi Hikmət Usubov da bundan istifadə edib. Hörmətli nazirimiz Ramil Usubovun xalq, dövlət, vətən, prezident qarşısında xidmətləri danılmazdır. Onun qohumu isə heyf ki, belə işə qol qoydu.
Bölmədən zəng vurub çağırdılar, getdim. Soruşdum ki, nə məsələdir. Dedilər Ramazan Səlimov ərizə yazıb ki, onu icra başçısı qoydurmaq adı ilə iki dəfə 300 min manat almısan. Dedim, bu, başqa söhbətdir, belə olmayıb. İnsan vermədiyi bir şeyə görə necə adamın üzünə dura bilər axı?
İkinci dəfə gedəndə rəisin otağında Ramazan üzümə durub dedi ki, bəli, mən sənə pul vermişəm. Ramazanın həyat yoldaşı da orada idi. O dedi ki, bəli, qızıllarımı satmışam. Artıq başa düşdüm ki, çıxılmaz vəziyyətdə qalmışam, aldadılmışam. Çünki özüm öz əleyhimə sənəd vermişəm”.
Karyerasına, tutduğu vəzifəyə xələl gəlməsindən ehtiyatlanan sabiq hakim deyib almadığı məbləği ödəməklə bu məsələni həll etmək istəsə də məsələ getdikcə daha da böyüyüb: "Məqsəd məndən pul qoparmaq olub. Bölmə rəisi dedi ki, Nərimanov rayon prokuroruna məruzə etmişəm. Mənim yanımda zəng vurub danışanda prokuror dedi ki, məsələni qaydasına qoyun getsin. Mən uzun illər hakim işləmişəm, yüzlərlə işə baxmışam, amma belə bir situasiya ilə qarşılaşmamışam. Nə edəcəyimi bilmirdim.
Ümidim yenə də Elmana idi. Zəng vurdum. Elman nə olduğunu soruşduqda dedim ki, başıma daş düşüb. 300 min dönüb 600 min olub. Elman məsələni özü araşdıracağını dedi”.
H.Əliyev ifadəsində göstərib ki, ona "sənin aqibətin Gülər Əhmədovadan betər olacaq” hədə-qorxusu ilə psixoloji təsirlər olub. Bu səbəbdən də Elmanın vasitəsilə Ramazana ayrı-ayrı vaxtlarda 250 min manat pul göndərib. Həmin pullar bölmə rəisinin kabinetində Ramazana verilib: "Elman mənə demişdi ki, ortada bir qəbz, bir də notariusun sənədi var, 300 mini verməlisən. Səs çıxmasın deyə razılaşdım. İstəmirdim ki, məsələ böyüyüb Ədliyyə Nazirliyinə, Məhkəmə-Hüquq Şurasına qədər gedib çıxsın. Başladım ordan-burdan pul toplamağa. Belə razılığa gəldik ki, əvvəlcə 100 min tapaq verək, prokurorluq tərəfdən arxayın olaq. "Gənclik”də Elmanla görüşüb pulu ona verəndə Qüdrət də yanımda idi. Dedi diktofonu qoş, səslərini yaz. Mən də səslərini yazdım. Elmanın yanında isə cavan bir oğlan (təqsirləndirilən Taleh Süleymanovu nəzərdə tutur-red.) var idi. Elmandan onun kim olduğunu soruşanda dedi ki, oğlumun dostudur, həm də Cavid Quliyevin (Nərimanov rayonunun sabiq prokuroru-red.) qaynıdır. Onsuz da Taleh orada olmasaydı da mən o pulu Elmana verəcəkdim. Elman deyirdi ki, pulu aparıb rəisin kabinetində verirdim, bölüşdürürdülər. Elman deyəndə ki, "indi prokuror razıdır, rəis əl çəkmir ki, 600 min olub” artıq dözmədim. Elmana acıqlandım, dedim bir işi axıra çatdıra bilmədin. İndi get verdiyim pulların hamısını geri al. Buna görə aramızda mübahisə də düşdü.
Elman əslində mənə yaxşılıq etmək istəyirdi. Ona da demişdim, Qurana da əl basaram ki, mən bu adamdan pul almamışam. Deyiləndə ki artıq bu barədə rəhbərliyə müraciət edəcəyik, məcbur olub MTN-ə gedib əlimdə olan kasetləri təqdim etdim. Çünki MTN yeganə qurumdur ki, yalnız prezidentin göstərişinə əməl edir. Müraciətimdə bildirdim ki, bir dəstə adam məni şərləyir, şantaj edir.
Amma bu müraciətdən sonra qara günlərim başladı. İşimdə yoxlamalar aparıldı, hətta səlahiyyətimə də xitam verdilər. Nəhayət, bu ilin fevral ayında səlahiyyətimə xitam verildi.
Ramazan özü Baş Prokurorluğa ərizəsində yazıb ki, mənə dəymiş ziyan ödənilib. O, bundan ötrü özünün, qardaşının, digər yaxın qohumlarının müəyyən əmlaklarını satıb. Mən Ramazan barədə maraqlanmağa başladım. İlk olaraq Ramazanın bağ satdığı Nərminə Quliyevanı (zərərçəkmiş özünə məxsus bağ sahəsini N.Quliyevaya 1 milyon 100 min manata satdığını və həmin pulun 600 minini H.Əliyevə verdiyini deyir-red.) tapdım. Onun bağında gözüm Ramazanın ifadəsində göstərdiyi 29 sot torpağı, ikimərtəbəli villanı, 100 ədəd ekzotik ağacı axtardı. Amma 7,5 sot torpağı, balaca daxma və iki ədəd tut, bir dənə də nar ağacından başqa heç nə yox idi”.
Sabiq hakimin ifadəsində Ramazan Səlimovun istintaqa özü barədə yalan məlumatlar verməsi ilə bağlı fikirlərini səsləndirməsinə vəkil İradə Cavadovadan etiraz gəldi. Vəkil məhkəməyə üz tutub dedi: "Nərminənin bizim işə heç bir aidiyyəti yoxdur. Bizi avam yerinə qoymayın. Həsən Əliyev işin mahiyyəti üzrə danışmır”.
Məhkəməyə sədrlik edən hakim Mübariz Məmmədov vəkilə irad tutdu: "Sizin hüquq elmindən xəbəriniz varmı? Təqsirləndirilən şəxs sərbəst ifadə verərkən onun çıxışını kəsməyə mənim belə ixtiyarım yoxdur. Burada camaatın taleyi həll olunur”.
Qısa mübahisədən sonra H.Əliyev ifadəsini davam etdirdi. Sabiq hakim məhkəməyə Ramazan Səlimov haqda bəzi sənədlər təqdim edərək ona qarşı sürülən ittihamın əsasız olduğunu sübut edən kifayət qədər faktların olduğunu diqqətə çatdırdı: "Hər şeyə sübutum var. Bu şəxslə aramızda olan bütün danışıqlar, anten dairələr yoxlanılıb. Telefon zəngləri, mesajlar məhkəməyə təqdim edilib. Pulun mənbəyi kimi göstərilən həmin bağ evi Nərminə Quliyevaya 2005-ci ildə 40 min dollara satılıb. Lazım gələrsə, növbəti məhkəmə iclasında özü də gəlib ifadə verəcək. Bu adam özünü pullu göstərməyə çalışıb həmişə. Guya bunun İçərişəhərdə, Maqomayev, 49-da evi var, orada yaşayır. Mən özüm JEK-dən arayış aldım ki, burada belə adam yaşamır. Bu adamın şəxsiyyətini müəyyən etmək üçün General Şıxlinski küçəsinə də getdim. Mənə qonşular "Müəllim, bu adam sizə də atıb? Qollarını qandallayıb apardılar” dedilər. Həmin evin sahibini tapdım. Ev sahibi dedi ki, 3 aylıq kirayə haqqını da ödəməmiş gedib. Bu adamın dələduzluğuna görə hətta öz bacısı da məhkəmədə ona qarşı iddia qaldırıb. Özü barəsində deyir ki, guya YAP üzvüdür, atası 40 il hakim işləyib. Hamısını araşdırdıq. Ramazan Səlimovun atası prokuror köməkçisi işləyib, sadə bir insan olub”.
H.Əliyevin ifadəsindən sonra məhkəmə prosesi dekabrın 5-nə təxirə salınıb.
Xatırladaq ki, istintaq materiallarına görə, Həsən Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyərkən Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı təyin etdirəcəyi barədə vəd verib. Bu işin müqabilində Ramazan Səlimovdan 1 milyon dollar (800 min manat) istənilib. İş materiallarından belə aydın olur ki, pulun böyük hissəsi əvvəlcədən verilib. Belə ki, Həsən Əliyev R.Səlimovdan 2011 və 2012-ci illərdə hər dəfə 300 min olmaqla iki dəfəyə ümumilikdə 600 min manat alıb. Bildirilib ki, qalan 200 min manat da sərəncam imzalanandan sonra verilməlidir.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024