Karusel (29-09-2014, 22:01)
600 MİN RÜŞVƏT ALMAQDA İTTİHAM OLUNAN HAKİM DANIŞDI – “Məni aldadıb tora saldılar…”
2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə bu ilin fevral ayında xitam verildi.
Səbəb məhkəmə sistemində indiyə qədər görünməyən hadisə idi – hakim onun vəzifəsinə daxil olmayan “iş”in güdazına getmişdi. Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürüldü və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildi.
Xatırladaq ki, istintaq materiallarına görə, Həsən Əliyev Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı təyin etdirəcəyi barədə vəd verib. Bu işin müqabilində Ramazan Səlimovdan 1 milyon dollar (800 min manat) istənilib.
İş materiallarından belə aydın olur ki, pulun böyük hissəsi əvvəlcədən verilib. Belə ki, Həsən Əliyev R.Səlimovdan 2011 və 2012-ci illərdə hər dəfə 300 min olmaqla iki dəfəyə ümumilikdə 600 min manat pul alıb. Bildirilib ki, qalan 200 min manat da sərəncam imzalanandan sonra verilməlidir. R.Səlimov xeyli müddət gözləyib və nəhayət, ötən ilin martında Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinə şikayət edib. Həmin şikayətdən sonra Həsən Əliyev 600 min manatın 250 min manatını ona qaytarıb.
Onu da qeyd edək ki, iş materialları arasında Həsən Əliyevə hər dəfə 300 min manat olmaqla iki dəfə pul verildiyini sübut edən faktlar var. Bunların birində hakim özü Ramazan Səlimovdan 300 min manat aldığını yazıb. Digər sənəd isə notarial qaydada təsdiqlənmiş borc müqaviləsidir. Orada Ramazan Səlimovun Həsən Əliyevə 300 min manat borc verdiyi göstərilib.
Bird aha qeyd edək ki, bunlar istintaq materiallarında yazılanlardır…
Sabiq hakim H.Əliyev isə virtualaz.org saytına açıqlamasında bir ildən artıqdır mətbuatda yazılanlarla bağlı susmasının səbəbini açıqlayıb: “Mənə qarşı aparılan bu kampaniyanın başında bəzi müxalif qəzetlər durur. Bir ildən artıqdır yazırlar, amma əhəmiyyət vermirdim. Çünki onların mövqeyi mənim üçün o qədər də önəmli deyildi. Amma siz ki yazmağa başladınız, məcbur olub sizin redaksiyanıza danışmaq qərarına gəldim. Eynulla Fətullayevin yazıları diqqətlə oxunur. Gördüm artıq mətbuatda yanlış məlumatlar gedir, fikirləşdim ki, əgər danışmayıb susmaqda davam etsəm, əsl həqiqəti heç kim heç vaxt bilməyəcək. Ona görə də belə qərara gəldim ki, hər şeyi olduğu kimi sizə danışım.
İndiyəcən mətbuata danışmamağımın digər səbəbi isə xaraktercə qapalı insan olmağımdır. Belə adamlarla adımın bir yerdə çəkilməsinə də çox utanmışam”.
Əvvəllər prokurorluq orqanlarında, Ordubadda, Naxçıvan şəhər prokurorunun müavini vəzifələrində çalışan, sonradan Nizami Rayon Prokurorluğunda müstəntiq işləyə-işləyə testlərdən keçib, yüksək bal toplayıb birbaşa prezidentin sərəncamı ilə Binəqədi Rayon Məhkəməsinə sədr təyin olunan, dövlətçiliyin qorunmasında xidmətlərinin olduğunu deyən H.Əliyev başına gələnləri belə nəql edir: “Bu gün məni ondan 600 min manat almaqda ittiham edən Ramazan Səlimov adlı şəxsi əslən Ağdamdan olan Elman Məmmədov adlı bir nəfər vasitəsilə tanımışam. Elmanı isə Binəqədidə məhkəmə sədri işləyən vaxtlarda qaçqın təbəqədən olan bir neçə nəfərin işi ilə bağlı yanıma xahişə gələndə tanımışam.
Günlərin birində işdən çıxıb evə gedəndə Elmanla rastlaşdıq. Elman dedi ki, bir nəfər dostum işə düzəlmək istəyir, sənin tanışların var, kömək elə, özü də nə lazımdırsa, hörmətlərini edəcək. Hansı sahədə işləmək istədiyini soruşdum. Dedi ki, işıq, su, yaxud da qaz idarəsinə düzəlmək fikrindədir. Dedim CV gətirib gəlsin, baxarıq.
Ertəsi gün Elman Ramazan adlı şəxslə gəldi, CV-ni verdilər. “Azərsu” ASC-nin mərkəzi ofisi Yasamal rayonu ərazisində olduğuna görə Yasamal Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədovla zəng vurdum, dedim belə bir adam var, baxın görün ona necə kömək edə bilərsiniz.
Bir də qaz idarəsi ilə bağlı söhbətimiz olub. Ramazan özü gəlib mənə demişdi ki, Siyəzən rayonunda qaz idarəsinin rəisinin yeri guya boşdur. Mən də onunla birlikdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun yanına getmişəm. Arif müəllim razılaşmadı, bu işləri yalnız Neft Şirkətinin həll etdiyini dedi.
Yəni Ramazanı cəmisi iki vəzifəli şəxsin yanına aparmışam. Ramazanla cəmisi beş-altı dəfə görüşmüşük, vəssalam.
Cinayət işində Qüdrət Yəhyayevin adı keçir. Qüdrət müəllim Neft-Kimya Prosesləri İnstitutunda işləyir, alim adamdır. Ona da demişəm ki, bu adam işə düzəlmək istəyir. Ramazan mənim otağımda Qüdrət müəllimlə tanış olub. Öz aralarında danışıblar. Sonradan Qüdrət onu kimin yanına aparıb, nə danışıb – bilmirəm.
Ramazanı bir də Tariyel adlı şəxslə tanış eləmişəm. O da Ramazanı bir-iki qaz idarəsinə aparıb. Qüdrət də, Tariyel də bu işdə zərərçəkəndir. Ramazan onların hər ikisinə pul “atıb””.
H.Əliyev bizimlə söhbətində (dediyinə görə, bunları prokurorluğa ifadəsində də bildirib-red.) dedi ki, ortada öz dəsti-xətti ilə yazılmış kağız (iltizam), həmçinin notarial qaydada təsdiqlənmiş borc müqaviləsi olsa da o, həmin pulları Ramazan Səlimovdan ala bilməyib. Yəni Ramazan Səlimov ona borc verəcəyi vədi ilə iki dəfə sənəd imzalatdırsa da sonradan göstərilən məbləği verməkdən imtina edib: “İş adamı İsfəndiyar Axundova (daha çox “Şərurlu İsfəndiyar” adı ilə tanınınr-red.) dost olmuşuq. Ona 200 min manat borcum yaranmışdı. Həmin borc əslində bacım oğlu Rəşad Allahverdiyevin borcu idi. Rəşadın 28 yaşı vardı, gənc yaşında vəfat etdi. “Palma” restoranını özəlləşdirmək üçün ondan pul istənilmişdi. Pulu da yox idi. Məndən kömək istədi. 2011-ci ilin əvvəllərində bu məbləği İsfəndiyar Axundovdan aldım. Və aprel ayında Rəşad qəflətən rəhmətə getdi. Yasını verəndən sonra soraqlaşdıq görək Rəşad o 200 min manat pulu kimə verib. Heç cür öyrənə bilmədik.
O pul borc kimi mənim üstümdə qaldı. İmkanım yox idi, pulu tez bir zamanda qaytara bilməyəcəkdim. İsfəndiyar Axundov üç-dörd ay məndən heç faiz də almadı. Amma sonra mənə verdiyi həmin pulu bankdan götürdüyünü, buna görə banka faiz ödədiyini bildirdi. Bundan sonra 200 min manatın 2 faizini banka özüm ödəməyə başladım. Hər ay 4 min manat ödəyirdim. Bu məbləği hər ay ödəmək mənim üçün çox çətin idi. Amma birtəhər ödəyirdim.
Növbəti dəfə bankdan zəng vurub pulun faizini ödəmək lazım olduğunu dedilər. Həmin vaxt Ramazan yanımda idi. Soruşdu ki, nə məsələdir. Məsələni açıb ona danışdım. Dedi ki, nə üçün faiz verirsən. Dedi, sən mənim işimi həll elə, sənə 200 min verərəm, borcunu bağlayarsan, faiz verməzsən, pulu da nə vaxt olsa qaytararsan.
Ramazan özünü bizə pullu adam kimi təqdim etmişdi. Çox sevindim, hətta ona qəbz də verə biləcəyimi dedim. Bir neçə gündən sonra otağımda Ramazandan 300 min manat borc almağıma dair qəbz yazdım, ora öz imzamı qoydum, pasportumun nömrəsini qeyd elədim. Axşamçağı Ramazanla “Gənclik”də görüşüb qəbzi ona verdim.
Ramazan bu qəbzi məndən alandan sonra pulu tezliklə verəcəyini deyib getdi. Ondan sonra da itdi. Neçə gün dalbadal zəng vurdum, telefonu bağlı idi. Elmana zəng vurub dedim ki, sənin gətirdiyin adam mənim başıma oyun açıb, məni aldadıb, 300 min manatlıq qəbzi götürüb itib, get tap gətir.
İki gündən sonra Elman telefonda mənə Ramazanla “Koala park”da görüşdüyünü dedi. Elmanın deməsinə görə, Ramazan gənc yaşda vəfat edən övladının ruhuna and içib aman eləyib ki, həmin qəbzi cırıb atıb. Amma sonradan həmin qəbz üzə çıxdı.
Üstündən bir-iki ay keçdi, Ramazan yenidən peyda oldu. Mənə zəng vurub üzr istədi, dedi o qəbzi cırıb atmışam, Rusiyada idim, bağışla məni, belə alındı.
Bir sözlə, məni inandırmağa çalışdı. Həmin qəbzi Ramazana 2011-ci ilin dekabr ayında vermişdim. Təxminən 2012-ci ilin noyabr ayında Ramazan zəng vurub dedi ki, pullarım gəlib, sən məndən pul istəmişdin, onu sənə verməyə hazıram, amma qəbzlə yox, notarial qaydada.
Buna da razılaşdım. Dedim yaxşı, gedək notariat kontorunda həll edək”.
H.Əliyev danışır ki, bundan sonra borc məsələsini rəsmi şəkildə həll etmək istəyib, amma budəfəki cəhdi də təxminən “qəbz əhvalatı”na dönüb: “6 saylı notariat kontorunun müdiri Ərəstunun yanına gedib dedim ki, bir nəfər mənə 300 min manat borc verməlidir, özü burada yoxdur, müqaviləni hazırlayaq, gəlib qol çəkər.
Ərəstunu Naxçıvanda işlədiyim dövrdən tanıyırdım. Mənə dedi ki, Həsən müəllim, bu boyda pulu almayınca qol çəkməyin.
Mənsə sadəlövhlük elədim. İnsanlara inanmağım məni bu vəziyyətə saldı. Müqaviləni hazırlamağı tapşırdım Ərəstuna. Ramazanla telefonla əlaqə saxladım. O da Qusarda olduğunu, Bakıya yalnız sabah gələ biləcəyini dedi. Bu, guya iş adamıdır, Qusarda otel tikir, Bakıya gedib-gələ bilmir. Ərəstun ona dedi ki, get Qusardakı notariat kontoruna, oradan götürərik. Amma imtina etdi.
Ramazana yenidən zəng vurdum, dedim sən qol çəkməsən, işə yaramır. Dedi sabah Bakıya gələrəm, qol çəkib pulu verərəm.
Ertəsi gün işdə olduğuma görə Qüdrət müəllimə tapşırdım ki,-Qüdrət müəllimin iş yeri notariat kontoruna yaxın idi deyə ondan belə xahiş etmişdim,- Ramazan gələcək, qol çəkəcək, mənə aid nüsxəni oradan götürərsiniz.
Ramazan səhərisi gün gəlib. O, sənədə qol çəkib, pulu verməyib getmək istəyəndə Qüdrət müəllim onu saxlayıb soruşub ki, bəs pul nə oldu. Ramazan da cavabında 1 saylı notariat kontoruna gedəcəyini, sənədi rus dilinə tərcümə etdirəcəyini, sonra Mahaçqalada bankdan pul köçürəcəyini deyib. Bunu da belə əsaslandırıb ki, biznesi Dağıstanda olduğuna görə oradakılar da bu pulun hara və niyə getdiyini bilməlidirlər.
Bu işlər 2012-ci ilin dekabrında olub. Yeni il qabağı idi. Ramazan dedi ki, hesabı ver, pulu köçürüm ora, belə göndərmək olmur. İsfəndiyar Axundovun bank hesab nömrəsini SMS-lə göndərdim ona. Yanvarın 10-15-i arası Ramazanla telefon əlaqəsi saxlamışıq, demişəm ki, pul gəlmədi. Buna heç bir izah verə bilmədi. Sonradan isə telefonları bağladı, cavab vermədi. Başa düşdüm ki, bu adam artıq mənə pul verən deyil. Mesaj yazdım, dedim sən mənə pul verən deyilsən, heç olmasa gəl bu müqaviləni pozaq.
Ona bu məzmunda dəfələrlə SMS-lər yazdım. Bu mesajlar istintaq materiallarında da da var, sadəcə bunlara qiymət verən yoxdur”.
Sabiq hakimin sözlərinə görə, o, heç kimdən bir qəpik də borc almaya-almaya sadəcə olaraq aldadılaraq tora salınıb. Dediyinə görə, ona qarşı tələ quranları da tanıyır, həmin şəxslərin məqsədlərini də bilir. H.Əliyev ona qarşı quraşdırılmış bu işin digər sensasion təfərrüatlarını da açıqladı. Bu barədə növbəti sayımızda bəhs edəcəyik…
(ardı var)
P.S. Xatırladaq ki, Həsən Əliyevin işi ilə bağlı AzPolitika.info da silsilə yazılar dərc edib, işin təfərrüatına dair özəl mənbələr vasitəsilə əldə olunmuş sensasiyalı məlumatları paylaşıb. Bu baxımdan, H.Əliyevin bu açıqlamalarını dərc etməyi vacib bildik. Lakin Həsən Əliyevin öz günahsızlığını sübut etmək üçün gətirdiyi arqumentlər, verdiyi izahlar, gördüyünüz kimi, nağıl təsiri bağışlayır. Bu nağıla isə çətin ki kimsə inansın…
Virtualaz.org