Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (14-02-2021, 10:54)
Tələbəsiz qalan yataqxanalar - Onlar öz sakinlərini gözləyirlər

 Ali və orta ixtisas təhsili müəssisələrində fevralın 15-dən ənənəvi tədrisin qismən bərpası tələbə yataqxanaları məsələsini yenidən gündəmə gətirib. Hər il sentyabrda yaşanan, bu il isə qışa təsadüf edən problemdə bu dəfə müsbət notlar sezilir. Torpaqlarımızın işğaldan azad olunması tələbə yataqxanalarında 28 ildir məskunlaşmış məcburi köçkünlərin öz yurd-yuvalarına köçürülməsi məsələsini aktuallaşdırıb. Bu səbəbdən yataqxanalarda sırf tələbələrin yerləşdiriləcəyinə ümidlər çoxalıb.

Sputnik Azərbaycan tələbə yataqxanalarının hazırkı durumu və bu yaşayış obyektlərinin yaşayışa nə qədər yararlı olub-olmadığını araşdırıb.
Elə bu məqsədlə yolumuzu əvvəlcə Nərimanov rayonu ərazisində yerləşən 3 saylı Peşə məktəbinin yataqxanasından salırıq. 100-dən çox məcburi köçkünün məskunlaşdığı bu yataqxanada 1990-cı illərə qədər peşə məktəbində təhsil alan tələbələr yerləşiblər. Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra torpaqlarından didərgin düşən məcburi köçkünlərdən bir qismi də bu yataqxanaya pənah gətirib.1992-ci ildən bu yataqxanada qalan Hədiyyə Məmmədova ilə söhbət zamanı öyrənirik ki, yataqxanada məskunlaşanların çoxu Zəngilandan olan məcburi köçkünlərdir. Onlar torpaqlarının işğaldan azad olunması sayəsində nəhayət ki, bu yataqxanada ağır şəraitdə yaşamaqdan canlarının qurtaracağını söyləyirlər: "Bu yataqxana tələbələr üçün nəzərdə tutulub. Biz 28 ildir ki, burada ağır şəraitdə yaşayırıq. Torpaqlarımızın işğaldan azad olunmasına həm də ona görə sevindik ki, nəhayət ki, canımız bu nəm qoxuyan, sanitar qovşağı bərbad vəziyyətdə olan yataqxanadan qurtaracaq".

Məcburi köçkünlər yataqxananın çoxsaylı problemləri olduğunu, mətbəxi, hamamı ümumi olan bir yerdə ailənin yaşamasının çox çətin olduğunu söyləyirlər. Onların sözlərinə görə, dəfələrlə yataqxanada sığındıqları otaqları təmir etsələr də, yağış yağan kimi divarlar nəmləyir, tavandan su damcılayır".

Bir sözlə, buradakı məcburi köçkünlər öz torpaqlarında onlara gün-güzəran yaradılan kimi məmnuniyyətlə yataqxananı öz sahiblərinə, yəni tələbələrə təhvil verib gedəcəklərini söyləyirlər.

Amma yataqxananın hazırkı vəziyyəti burada tələbələrin yaşaması üçün imkan vermir. Yataqxananın sanitar qovşağı bərbad vəziyyətdədir. Dəhlizlər məcburi köçkünlər tərəfindən bölünərək otaqlara çevrilib.

Elə eksperlər də, tələbə yataqxanalarının bərpası, yenidən qurulması istiqamətində planların hazırlanmasına başlamağın vaxtı çatdığını söyləyirlər.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tələbə yataqxanalarının vəziyyəti qiymətləndirilməli, yararsız olanların sökülərək yenidən inşası, yaxşı vəziyyətdə olanların isə bərpası ilə bağlı təkliflər verilməlidir: "Tələbə yataqxanaları elə müvəqqəti yaşayış obyektləridir ki, bu sahəyə qoyulan investisiya heç vaxt itmir. Bu gün həmin sahəyə çəkilən xərci bir neçə il ərzində çıxartmaq mümkündür. Bu gün Azərbaycanda tikintiyə çəkilən xərcin çox hissəsini torpaq sahəsinin alınması təşkil edir. Yataqxanalar sökülüb yenidən tikilsə belə, torpaq sahəsinə pul xərclənməyəcək. Bu baxımdan tələbə yataqxanalarının yenidən inşası çox vəsait aparmayacaq. Tələbə yataqxanaları boşaldıldıqca onların təyinatı üzrə yenidən inşa və bərpa edilərək istifadə edilməsi tələbələri kirayə mənzil əzabından da xilas edəcək".

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müharibədən əvvəl məcburi köçkünlərin tələbə yataqxanalarından yeni salınan şəhərciklərə köçürülməsi işi mərhələli şəkildə həyata keçirilsə də, artıq bu proses dayandırılıb: "Cənab prezidentin dediyi kimi, artıq Bakıda məcburi köçkünlər üçün yeni yaşayış binaları inşa olunmayacaq. Məcburi köçkünlərin öz torpaqlarına qayıdışı təmin olunacaq. Artıq Komitənin balansında olan məcburi köçkünlər üçün inşa olunan binalar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib. Ona görə də tələbə yataqxanalarında məskunlaşmış məcburi köçkünlər işğaldan azad edilmiş torpaqlarda onlar üçün şərait yaradıldıqca öz evlərinə köçürüləcək".

Qeyd edək ki, hazırda paytaxtda yerləşən universitetlərin çoxunun yataqxanasında məcburi köçkünlər məskunlaşıb.

Təhsil üzrə ekspert Kamran Əsədov da deyir ki, bu gün Azərbaycanda cəmi 7 universitetin yataqxanası var. Onun sözlərinə görə, tələbə yataqxanalarının böyük əksəriyyətində məcburi köçkünlər məskunlaşıb: "Dünyada belə bir təcrübə var ki, tələbə təhsil aldığı müəssisədən 20 km uzaq məsafədə qala bilməz. Amma bu gün tələbələr universitetə getmək üçün uzaq məsafə qət edir, bir neçə avtobus dəyişir. Bu da onları yorur. Mən hesab edirəm ki, ali məktəblər öz maddi hesablarına tələbə yataqxanaları tikə bilərlər. Sonra da onu daimi gəlir əldə etmək üçün tələbələrə kirayə verə bilərlər. Məcburi köçkünlərin öz yurdlarına qayıdışı ilə bu problem öz həllini tapacaq".

Qeyd edək ki, ali təhsil müəssisələrinin yataqxanasının olmaması onları dünya universitetlərinin reytinq cədvəlində irəliləməsinə də mane olur. Artıq bu günlərdə Bakı Dövlət Universiteti yeni tələbə evinin açılışını edib.
шаблоны для dle 11.2

Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024