Parlamentin bugünkü plenar iclasında vitse-spiker Rafael Hüseynov çıxışı zamanı təklif edib ki, bizdə də Türkiyədə olduğu kimi, Milli Məclis yox, Millət Məclisi olmalıdır.
Vitse-spikerin bu təklifi ilə bağlı Redaktor.az-a danışan tarixçi alim, deputat Fəzail İbrahimli bildirdi ki, bu yanaşma doğru deyil:
“Dilə süni şəkildə fərqli don geyindirib “milli” sözünün işlədilməsini yanlış kimi təqdim etmək əsaslı mövqe sayıla bilməz. Bu gün Azərbaycanda adında “milli” ifadəsi olan çoxsaylı dövlət qurumları fəaliyyət göstərir: Azərbaycan Milli Elmlər Akademiyası, Milli Konservatoriya, Milli Arxiv, Milli Kitabxana və digərləri. Bu adlandırma dövlətçilik ənənəsinin və milli kimliyin ifadəsidir. O halda sual yaranır: bu qurumların adındakı “milli” sözü də yanlışdırmı? Əlbəttə ki, yox. “Milli ruh”, “milli qürur”, “milli varlıq”, “Milli Azadlıq Mübarizəsi” kimi anlayışlar Azərbaycan ictimai-siyasi leksikonunun ayrılmaz hissəsidir. Milli Məclisin adında bu sözün işlədilməsi də həmin məntiqin davamıdır. Türkiyədə də Böyük Millət Məclisidir. Amma görünür, o bunun tarixini bilmir. Bilsəydi, təbii ki, bunu müqayisə etməzdi”.




























