Sosial / Slayd (23-11-2016, 17:16)
Bakı sirkində pullar belə oynayır: biletlərin ikiqat qiymətinə satılması, 2 manatlıq avtodayanacaq və s.
Gündəlik 80000 manat gəliri olan mədəniyyət ocağı üfunət qoxuyur
Mediatv.az: Bakı Dövlət Sirkində növbəti şou proqram davam etməkdədir. Hər gün (3 seansda) təxminən 60000 tamaşaçı qəbul edən bu mədəniyyət ocağı ilə bağlı ictimai rəyin birmənalı olmaması sirr deyil. Proqramın bir ay davam etməsini nəzərə alsaq, bu təxminən bütün paytaxt sakinlərinin əhatə olunması deməkdir. Başqa sözlə ölkə əhalisinin 1/3-i Bakı Sirkindəki biabırçılıqdan məlumatlıdır. Biabırçılıq isə bir deyil, iki deyil.... Elə bu səbəblərdən də biz arenatv.az olaraq bəzi problemləri araşdırmaq istədik.
Avtodayanacaq 2 manat
Bu fakt sirkə şəxsi nəqliyyat vasitəsi ilə gedənlərə məlumdur. Sirkin avtodayanacağında maşın saxlamaq əməllicə problemdir. Bundan ötrü ən azı seansa yarım saat qalmış orada olmaq lazımdır. Baxmayaraq ki, yuxarılı-aşağılı Bakı Sirkinin iki avtodayanacağı var, bu da kifayət etmir. Doğrudur bu məsələdə sirkin rəhbərliyini qınamamaq da olar. Amma,..
Avtodayanacaqda maşınını iki saat saxlayan şəxs 2 manatından keçməlidir. Nəzərə alsaq ki, gün ərzində 3 seans olur, onda bu “iki manatların necə dama-dama gölə çevrildiyi” məlum olar. Söhbətləşdiyimiz “stayanşik”lər isə bu iki manatların onlara qalmadığını bildirdilər. Sən demə avtodayanacaqdan toparlanan vəsaitdə evakuasiya xidməti ilə bərabər, sirk rəhbərliyinin də payı az deyilmiş(?) Biz də inanmaq istəmirik ki, hörmətli Bakı Sirkinin rəhbərliyi avtodayanacaqlardakı 2 manatlara göz dikmiş olsun.
Sonradan o da məlum olur ki, bura “stayanşik” kimi işə düzəlmək də asan məsələ deyil. Sirk rəhbərliyinə “xod” eləmək bir yana, işi bacarmalısan, “çaşmaq” da olmaz.
Daha bir ilk baxışdan xırda görünən gəlir mənbəyi sirkin daxilində müxtəlif oyuncaq və uşaq yeməklərinin satışı ilə bağlıdır. Burada qiymətlər adət etdiyimizdən ən azı 2 dəfə yüksəkdir. Satıcılar əməllicə “qaz vurub, qazan doldururlar”. Həm də sirk rəhbərliyinin gözü qarşısında...
Ənənəvi “bilet fırlatmaq” oyunu
Bakı Dövlət Sirkində bilet problemi ilə bağlı indiyədək də çox yazılıb. Nədənsə bu bəla aradan qalxmır ki, qalxmır. Biz də bunu bir daha araşdırmaq istədik. Kasalara yaxınlaşıb, bilet almaq istədiyimizi bildiririk. Məlum olur ki, ən azı yaxın bir həftəyə bilet yoxdur. Yenə də amma,... kassanın qarşısında var-gəl edənlər “biletlər bizdə” deyib, susmurlar. Həm də elə növbəti seansa da(?)
Onu da qeyd edim ki, Bakı Dövlət Sirkində biletlərin qiyməti rəsmən 8-15 manat arasında dəyişir. Dəllallarda isə 12-20 manat arasında. (Bəzən bir az da yüksək.) Söhbətlərimizdən məlum olur ki, bu proses də sirk rəhbərliyinin “xeyir-duası” ilə reallaşır. “Centlimen sazişi”nin detallarını öyrənə bilməsək də, məbləğ heç də xırda deyil. Təsəvvür edin ki, gün ərzində 3 seans olur, hər seansda isə 18000-20000 arası bilet satılır. Dəllallar isə qeyd etdiyimiz kimi az qala bileti ikiqat qiymətinə satırlar... Fantastik olmasa da, heç də az qazanc deyil.
“Kasıbın işi varlının pulunu hesablamaqdır” deyib bizi qınamağa tələsməyin. Söhbət Bakı Dövlət Sirkindən-dövlət müəssisəsindən-gedir. Bizim mətbu orqan olaraq bu kimi faktları araşdırmaq hüququmuz olduğu kimi, Azərbaycan insanının da dövlət müəssisəsində yaşananları bilmək haqqı var. Səbəbi məlum...
Sirkin binası üfunət qoxuyur
Bu rüsvayçılıqla da bağlı ara-sıra yazılıb. Binanın ciddi təmirə ehtiyacı var. Bu elə ilk baxışdan da görünür: tavandan tutmuş oturacaqlara, divarlara qədər, az qala dil açıb “təmir”istəyirlər. Xatırlayısınızsa bir neçə il əvvəl Bakı Dövlət Sirkində insan ölümü ilə nəticələnən faciə də baş vermişdir. Elə isə Bakı Dövlət Sirkinin direktoru hörmətli Vaqif Bağırzadə nəyi gözləyir? Növbəti faciənimi? Nədən bu problemlə bağlı illərdir aidiyyatı dövlət qurumları qarşısında məsələ qaldırılmır?
Belə görünür ki, sirk rəhbərliyi bu kimi həlli vacib problemləri “unudub”, zamanını başqa- “daha da vacib”-məsələlərə xərcləyir...
Bakı Dövlət Sirki mədəniyyət ocağıdır. Axı buranın xarici qonaqları da olur. Həm də dünyanın müxtəlif ölkələrindən. Təsəvvür etmək mümkün deyil ki, Bakı Sirkinin tualetini görəndə onlar nə düşünüb, nə deyirlər. (Üzə olmasa da ürəklərində.) Bu tualetləri görəndə mənim yadıma 90-cı illərin tələbə yataqxanaları düşür. İnanın ki, bizim yataqxananın tualeti sirkin tualetlərinin yanında “toya getməli idi”. Fotolardan da göründüyü kimi, adam balası bu tualetlərə ayaq basmaq istəmir. (Yeri gəlmişkən sirkə gedərkən hazılıqlı olun.)
***
Redaksiyamıza Bakı Dövlət Sirkinin maliyyə-təsərrüfat məsələləri, sirk truppaları ilə “razılaşmaları”, təyinatı qaranlıq olan maliyyə xərcləri və s. məsələlərlə də bağlı məlumatlar daxil olub. Qarşıdakı günlərdə bu məlumatları dəqiqləşdirməklə mövzunu davam etdirməyə çalışacağıq
Redaksiyadan: biz yazını sayta yerləşdirməzdən öncə Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətovun xahişi ilə qarşı tərəfin email ünvanına göndərdik. Məqsədimiz yazıdakı faktlarla bağlı mövqe öyrənmək idi. İki gün gözlədikdən sonra Mahir müəllim yazıdakı rəqəmlərdə yanlışlıq olduğunu bildirməklə kifayətləndi. Ardınca da heç bir nə yazılı, nə də şifahi mövqe bildirməyəcəyini dedi. Yazını sayta yerləşdirəcəyimiz halda isə aidiyyatı dövlət instansiyalarına müraciət edəcəyini əlavə etdi(?)
Arenatv.az