Cəmiyyət (19-03-2016, 18:15)
Bakı avtovağzalında bayram təlaşı – Bilet tapılmır
Bayram tətilində Bakı Beynəlxalq Avtovağzal Kompleksində sıxlıq, bilet çatışmazlığı, yer problemi hər il müşahidə olunan standart mənzərədir.
Mediatv.az xəbər verir ki, bir neçə günlük istirahətini rayonda ailəsi, qohumları ilə qeyd etmək istəyənlərin sayca çox olması şəhərdə adamların sayını azaldıb, əvəzində hamısını avtovağzala yığır.
Bakıdan ölkənin müxtəlif rayonlarına qatar, avtobus, həm də taksi ilə getmək olur ki, hər birinin də qiyməti müxtəlifdir. Ən əsası isə bayram günləri başlayanda qiymətlər də adi günlərlə müqayisədə dəyişir.Virtualaz.org saytının əməkdaşları avtovağzalda bayramqabağı vəziyyətlə maraqlanıb. Qiymətləri, sərnişinlərin reaksiyasını öyrənməyə çalışıb.
Elə avtovağzalın qarşısında dayanıb yüksək səslə “Gəncə-Şəmkirə 1 nəfər”, “Lənkəran, Lənkəran”, “Yevlaxa gedən var? Yevlaxa!” deyərək müştəri gəzən taksi sürücüləri ilə söhbətləşdik. Onlar da təsdiqlədi ki, şənbə günündənetibarən gediş haqlarında bahalaşma olacaq. (Reportaj cümə günü hazırlanıb – red.)
Bakı-Lənkəran istiqamətində taksi xidməti göstərən sürücü Vahid Əliyev deyir ki, bu gün gediş qiyməti 15 manatdır. Amma sabahdan etibarən artacaq, ən azı 20 manat olacaq.
Şəkiyə gediş də bu gün 15 manata başa gəlir, sabahdan etibarən isə 20 manat ola bilər. Taksi sürücüsü Əhməd Rəfiyev gözlənilən bahalaşmanın səbəbini belə izah edir:
“Səbəb odur ki, biz buradan müştəri aparıb Bakıya geri qayıdanda maşın boş qalır. Çünki bayram günlərində hamı rayonda olur, heç kim şəhərə qayıtmır. Biz də qayıdanda yola sərf etdiyimiz benzinin pulunu çıxarmaq üçün gedəndə əvvəlki qiymətdən bir az baha aparırıq ki, xərcimiz ödənsin”.
Bir sözlə, sabahdan etibarən rayonlara taksi ilə getmək istəyən sərnişinlər minimum 5 manat daha çox pul ödəməli olacaqlar. Taksi sürücülərinin böyük əksəriyyəti 10 manata getdikləri yolu sabahdan 15 manata, 15 manata olan yolu isə 20 manata gedəcəklər.
Bakıdan yeganə çıxış yolu taksi deyil təbii ki. Avtobuslar da var. Həm böyük və tutumu çox olan avtobuslar, həm də “Ford”, ya da “Mercedes” markalı nisbətən kiçik həcmli avtobuslar. Bunların da qiymətləri fərqlidir. Amma taksilərlə müqayisədə xeyli ucuzdurlar və onlarda, adətən, fantastik qiymət artımı müşahidə olunmur.
Məsələn, Astara-Lənkəran istiqamətində gedən avtobusda bir yerin qiyməti 6 manatdır. Yəni taksidən iki dəfə ucuz. Sürücü də bizi əmin edir ki, bu qiymət sabah da, növbəti günlərdə də olduğu kimi qalacaq.
Qeyd etdiyimiz iri həcmli avtobuslar üçün bileti avtovağzalın kassalarından da almaq olur. Onların qiymətləri kassanın yanında xüsusi lövhədə sıra ilə yazılıb. Kiçik avtobusların qiymətini isə ancaq sürücülərdən öyrənmək olur.
“Ford”, “Mercedes” markalı avtobusların qiyməti adətən digərlərindən 1-2 manat ucuz olur. Məsələn, bu avtobusla Cəlilabada gediş haqqı 5 manatdır. Sürücü Vaqif deyir ki, bu, həmişəki qiymətdir, amma sabahdan qiymətin bahalaşacağını da istisna etmir:“Siz getmək istəyirsizsə, bu gün gedin. Sabaha qalsa, yəqin ki, qiymət dəyişəcək”.
Şəmkir-Qazax istiqamətində avtobusla gedişin qiyməti isə 10 manatdır.
Şabran istiqamətində kiçik avtobusla gediş haqqı 3 manatdır. Sərnişin Dürdanə Quliyeva deyir ki, taksi ilə getmək büdcəsinə uyğun deyil, ona görə də, avtobusa üstünlük verir:“Müəllimə işləyirəm, sabahdan tətil başlayır deyə, fürsətdən istifadə edib rayona ailəmin yanına gedirəm. Bu avtobusun gediş haqqı büdcəmə uyğundur, ona görə, taksi ilə getmirəm. Oturub avtobusun dolmağını gözləyirəm ki, rayona gedim”.
Göründüyü kimi, avtobusların qiyməti əksər sərnişinin büdcəsinə uyğundur. Amma burada da başqa bir problem var – yer yoxdur. Məsələn, elə Şəkiyə gedən avtobusun dayanacağında da çoxlu sayda sərnişin dayanıb avtobusun gəlməyini gözləyir.
Tələbə İlahə Nəzərova da rayona, ailəsinin yanına getmək istəyir, amma avtobus tapa bilmir:“Bayaqdan gözləyirəm, dispetçer dedi ki, bir azdan avtobus gələcək, amma hələ gəlib çıxmayıb”.
Oxşar mənzərə bilet satışı kassalarının qarşısında da müşahidə olunur. Burada kifayət qədər çox və eyni zamanda əsəbi adamlar var. Bilet almaq üçün yaxınlaşıb “bilet yoxdur” cavabını eşidən sərnişinlər “bəs mən rayona necə gedəcəm?!” – deyə kassirlə az qala dalaşmağa başlayır.
Sərnişin Samir Pənahov da xanımı və iki uşağı ilə Şəmkirə getmək istəyir, amma bilet tapa bilmir:“İki körpə uşağı götürüb gəlmişik, qalmışıq burada avtobus tapa bilmirik ki, gedək. Bilmirəm nə edək”.
Müşahidə etdiyimiz digər maraqlı məqam odur ki, avtobusların gediş qiyməti kassaların yanında asılmış cədvəldəkindən fərqlidir. Məsələn, adı çəkilən cədvəldə Şəkiyə gediş bileti 5 manat 63 qəpik qeyd olunur. Amma biletiniz yoxdursa və birbaşa sürücüyə ödəniş etməklə yola düşmək istəyirsizsə, onda bir yer üçün 7 manat ödəməlisiz. Bunu sürücüyə deyəndə isə sadəcə “Orada 5 manatdır, onda get kassadan al” deməklə kifayətləndi.
Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı isə bu gün mətbuata açıqlamasında Bakı Beynəlxalq Avtovağzalında bilet çatışmazlığı məsələsinə belə aydınlıq gətirib: “Məlumdur ki, bayramla əlaqədar xeyli sayda vətəndaş rayonlara üz tutur, sərnişin sayı həddindən artıq çox olur. Buna görə, biz hər kəsə tövsiyə edirik ki, bileti ya onlayn, ya da kassadan bir neçə gün, heç olmasa bir gün öncə alsınlar. Hərdən olur ki, vətəndaş səfərə 30 dəqiqə qalmış gedir avtovağzala, bilet tapa bilmir və bu cür hallarla üzləşir. Çünki biletlər durmadan alınır. 30 dəqiqəlik intervalla istənilən bölgəyə avtobuslar çıxır. Biletin tapılmamağı real deyil”.
Dövlət qurumunun sözçüsü əlavə edib ki, bayramla əlaqədar sərnişin axınının çoxluğu nəzərə alınıb və 200-250 ehtiyat avtobus saxlanılıb: “Ehtiyac olarsa, həmin avtobuslar xəttə buraxılacaq”.