Sosial / Slayd (7-05-2015, 14:12)
Baş həkim deyir ki, Elmar Vəliyev onu aldadıb... - İDDİA
Redaksiyamıza daxil olan məlumatlarda 3 saylı Gəncə şəhər poliklinikasının fəaliyyətinə dair narazılıqlar öz əksini tapmaqdadır. Bu xüsusda aldığımız açıqlamalarda sözügedən tibb müəssisəsinin baş həkimi Rasim Hüseynov rüşvətxorluq və digər korrupsiya hallarına yol verməkdə ittiham olunur. Maraqlıdır ki, 3 saylı Gəncə şəhər poliklinikasının dövlətin balansında olmasına rəğmən, burada çalışan tibbi personal müəssisənin dərman preparatları və digər tibbi ləvazimatlarla təmin olunmadığını və bütün bunları öz vəsaitləri hesabına aldıqlarını iddia edirlər. Ən azından, yerli mənbələr tərəfindən təqdim olunan məlumatlarda 3 saylı poliklinikada vəziyyətin məhz bu cür olduğu bildirilir. Bu xüsusda aldığımız bir məktubda deyilir: “Poliklinikaya müraciət edən xəstələrdən adi bir iynə vurulması və ya müayinə üçün də pul tələb olunur. Səbəbini soruşduqda isə həkimlər “biz özümüz öz cibimizdən spirt, bint, pambıq və ya dərman almalıyıq..?” - deyə cavab verirlər.” Məlum olduğu kimi 3 saylı poliklinikanın baş həkimi Rasim Hüseynov bir müddət əvvəl Yevlax Əlillərin Bərpa Mərkəzində baş həkim vəzifəsində çalışırdı. Lakin Gəncəyə icra başçısı təyin olunan Elmar Vəliyev, bu şəhərə gələrkən özü ilə birgə R.Hüseynovu da bura gətirərək, onun hazırda tutduğu vəzifəyə təyinatına nail olmuşdur. Lakin bəzi mənbələr bu yeni təyinatın baş həkimin heç də ürəyincə olmadığını vurğulayırlar. Təbii ki, əlillərin bərpa mərkəzlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərmələri, bu müəssisələrdə R.Hüseynov kimi kadrlar üçün yeyinti və mənimsəmə imkanlarını da daha geniş edir. Və əlbəttə ki, belə mərkəzlərdən birinin verdiyi imkanları, qətiyyən şəhər poliklinikasında ələ-keçə biləcək “xırda-xuruşla” müqayisə etmək olmaz. Buna görə də Rasim Hüseynov ara-sıra öz himayədarının “qarasına” danışmaqdan da özünü saxlaya bilmir. Lakin öz “taleyindən” gileyli olmaq başqa, dövlət tibb müəssisəsinin lazımi preparat və ləvazimatlarla təchiz olunmadığı barədə əsassız iddialar irəli sürmək tam başqa. Həm də Azərbaycan kimi bir ölkədə. Belə ki, bu gün ölkəmizdə təhsil və səhiyyə kimi sahələrin inkişaf etdirilməsi və dünya standartları səviyyəsinə çatdırılması istiqamətində iri miqyaslı layihələrin, dövlət səviyyəsində nəzarət olunan tədbirlərin davamlı olaraq həyata keçirildiyi hər kəsə məlumdur. Əlbəttə etiraf etmək lazımdır ki, bütün bunlarla yanaşı bu gün bir çox dövlət səhiyyə müəssisələrində xəstələrə göstərilən tibbi xidmətlərə görə pul tələb olunması, həm də tələb olunan bu məbləğlərin bəzən hətta özəl müəssisələrlə müqayisədə belə çox yüksək olması ictimaiyyəti ciddi narahat edən, aktual mövzulardan biri olaraq qalmaqdadır. O cümlədən son vaxtlar Gəncə şəhəri 3 saylı poliklinikasının fəaliyyətində müşahidə olunan çeşidli qanun pozuntuları da yerli ictimaiyyətin diqqətini cəlb etməyə bilməz. Daxil olan məlumatlara görə istisnasız olaraq bütün xəstələr 3 saylı poliklinikanın baş həkimindən tutmuş, tibb bacılarına qədər hamıya pul ödəməli olurlar. Pul ödəməkdən imtina edən xəstələr isə nə əməlli müayinədən keçə bilmirlər, nə də onlara doğru-dürüst müalicə təyin olunmur. Digər tərəfdən isə poliklinikada yaranmış vəziyyətdən şikayətlənən xəstələr, həmin tibb müəssisəsinin rəhbərliyini həm də saxta arayışların verilməsində ittiham edirlər. Bu barədə mənbələr bildirirlər ki, poliklinikada xəstəlik kağızlarının (bülleten), 88 saylı forma və digər arayışların verilməsi əsil kommersiya fəaliyyətinə çevrilib.Artıq qeyd olunduğu kimi bir neçə ay öncə Gəncə şəhər Səhiyyə İdarəsinin müdiri vəzifəsinə tibb elmləri doktoru Əlikram Məmmədov təyin olunub. Gəncədən aldığımız məlumatlara görə yerli sakinlər bu təyinata böyük ümidlər bəsləyirlər. Açıqlamalarda vurğulanır ki, gəncəlilər ən yaxın vaxtlarda 3 saylı poliklinikanın fəaliyyətinin təftiş olunacağını və burada yaranmış vəziyyətə görə məsuliyyət daşımalı olan şəxslərin ciddi cəzalandırılacaqlarını gözləyirlər. \\ bizimdovr.az \\
