Sosial (5-05-2015, 21:58)
Bakıda internet 2 aylıq pulsuz olacaq
Müşfiq Əmirov: «Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyini təmin etmək üçün İnformasiya Təhlükəsizliyi İdarəetmə Qrupu yaradılıb»
«Bakı-2015» I Avropa Oyunlarının başlanmasına 37 gün qalıb. Bu yarışların layiqincə keçirilməsini təmin etmək məqsədilə digər qurumlarla yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) üzərinə də mühüm vəzifələr düşür.
Nazirin müşaviri, RYTN-in mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov «Həftə içi»nə müsahibəsində bu beynəlxalq yarışlara hazırlıqlardan danışıb:
- Nazirlikdə yaradılmış İşçi Qrupu Avropa Oyunlarının telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatı üçün ayda bir dəfə iclas keçirilməklə tədbirlər görür. Bu işlər artıq başa çatmaq üzrədir. Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BAOƏK) dövlət orqanları ilə yüksək səviyyədə səmərəli əməkdaşlığının qurulması və tərəflərin birgə fəaliyyət prosesinə uyğunlaşdırılması məqsədilə İnteqrasiya Qrupu yaradılıb. Həmin qrupun «Oyunlar əməliyyatları həyatında bir gün» adlı dəyirmi masa təlimi keçirilir. Təlimdə oyunların bir günündə hadisələr stimulyasiya edilir və oyunlara nəzarət edən əməliyyat qruplarının bu hadisələrə reaksiyası və tədbirləri müşahidə edilərək qrupların oyunlar zamanı öz funksiyalarının icrasına hazırlıqları yoxlanılır. Oyunlar zamanı məkanlara giriş üçün işçilərin akkreditasiyadan keçirilməsi tələb olunur və bununla bağlı müvafiq işlər görülür. Avropa Oyunlarının keçiriləcəyi ərazilərin və təşkilati binaların dayanıqlı və alternativ optik kabellərlə təchiz edilməsinə dair layihələr işlənib hazırlanıb. Ümumilikdə 252 min 550 metr optik kabelin çəkilişi, montaj və ölçü işləri başa çatdırılıb. Mingəçevir şəhərində keçiriləcək kanoe-sprint idman yarışının yayımının təşkili üçün Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin və «Azərenerji» ASC-nin optik resurslarından istifadə etməklə «Kür» idman mərkəzindən BAOƏK-in DATA mərkəzlərinə rabitə təşkil edilib.
- Oyunların davam etdiyi dövrdə TV yayımının təşkili üçün hansı işlər görülür?
- Avropa Oyunları ərəfəsində oyun və təşkilati məkanlardan TV yayımın etibarlı şəkildə təşkilinin təmin edilməsi üçün yüksək parametrlərə malik optik kabellər ayrılıb. Bakı telefon şəbəkəsində çəkilmiş optik kabellərin monitorinq sisteminin alınıb quraşdırılması nəzərdə tutulur. Oyun və təşkilati məkanların dayanıqlı və yüksəksürətli internet rabitəsi ilə təmin edilməsi üçün müvafiq tədbirlər görülüb. Həmçinin, Radio Rabitə Xidmətlərinin təşkili təmin edilib. Oyunların təşkili ilə bağlı tələb olunan radiotezliklərin ayrılması üçün sayt yaradılıb və tələb olunan tezliklərin təminatı üçün tədbirlər görülüb. BAOƏK «Azərkosmos» ASC-ni «Bakı 2015»in rəsmi peyk yayım təchizatçısı elan edib. Yəni oyun məkanlarındakı yarışların Beynəlxalq Yayım Mərkəzinə optik kabellər vasitəsilə ötürülməsi və buradan alternativ olaraq «Azərspace-1» peyki vasitəsilə yayımın təşkili nəzərdə tutulur. Milli peykimiz beynəlxalq tədbirin ən maraqlı anlarının Avropa, eləcə də dünyanın digər qitələrindəki milyardlarla televiziya tamaşaçısına çatdırılmasında mühüm rol oynayacaq. «Azərkosmos» avarçəkmə yarışlarına ev sahibliyi edəcək Mingəçevirdən informasiyanı Bakıda yerləşən Beynəlxalq Yayım Mərkəzinə ötürmək üçün Avropa Oyunlarını peyk rabitəsi olan xüsusi avtomobillə təmin edəcək.
- «Bakı-2015» ərəfəsində mobil rabitəyə tələbat artacaq. Bu istiqamətdə hansı tədbirlər həyata keçirilir?
- Avropa Oyunlarının təşkili üçün rabitə sahəsində görüləcək digər işlərə oyun və təşkilati məkanların mobil rabitə xidmətləri ilə təmin edilməsi daxildir. «AzercellTelekom» MMC tərəfindən Milli Gimnastika Arenası və Olimpiya Stadionunda, «Bakcell» MMC tərəfindən Su İdmanı Mərkəzi və Heydər Əliyev adına İdman Arenasında yeni binadaxili sistem quraşdırılaraq məkanlar mobil rabitə xidmətləri ilə təchiz edilib. Quraşdırılan daxili mobil rabitə sistemlərindən hər üç operatorun istifadəsi nəzərdə tutulub. Digər oyun və təşkilati məkanlarda mobil rabitə sistemlərinin fəaliyyəti təşkil edilib. «Nar Mobile» həmçinin «Bakı-2015»in rəsmi tərəfdaşı kimi çıxış edir.
- İnternetin sürətinin və keyfiyyətinin yüksəldilməsi üçün hansı layihələr icra edilir?
- «Bakı-2015»lə bağlı RYTN bütün oyun və qeyri-oyun məkanlarına birbaşa optik kabellər çəkir. Hazırda 400 kilometrə yaxın belə kabel çəkilib. Bundan əlavə, paytaxt ərazisində genişzolaqlı internet şəbəkəsi yaradılır. Hazırda kanalizasiya quyularında 100 kilometrdən çox kabel çəkilib. Avropa Oyunları ərəfəsində şəhərə dairəvi olaraq alternativ rabitə qurğularının çəkilişi planlaşdırılır. Eyni zamanda Mingəçevir şəhərindən Bakıya yüksək sürətli 1Gb sürətli rabitələr verilib. Radiotezliklərin qorunması üçün isə xüsusi texnikalar alınıb. Onları idarə etmk üçün komandalar işləyir. Avropa Oyunları ilə əlaqədar ictimai yerlərdə, bir çox parklarda, olimpiya kəndində, oyunlar ətrafında olan sahələrdə «WI-FI» zonalar istifadəyə veriləcək. Onların bir çox hissəsi əsasən mobil operatorlar və provayderlər tərəfindən həyata keçiriləcək. Biz onlara güzəşt təklif edirik ki, 2 ay müddətində onların fəaliyyəti pulsuz həyata keçirilsin. Sonradan isə onları ödənişli olaraq həyata keçirə bilərlər. Bir sözlə, «Bakı-2015» ərəfəsində arenalarda yüksək sürətli internetlə bağlı heç bir problem olmayacaq. Oyunlardan öncə və oyunlar zamanı kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə İnformasiya Təhlükəsizliyi İdarəetmə Qrupu yaradılıb. Həmçinin, «Baku-2015» üzrə internetin təşkilində bulud sistemindən istifadə edilməsi, müvafiq saytların nəzarətdə saxlanılması, kibertəhlükəsizlik riskləri və hər hansı təhlükələr üzrə qabaqlayıcı tədbirlərin görülməsi də nəzərdə tutulur.
Təbriz Vəfalı
