Sosial (27-01-2015, 22:31)
Avtomobillərin onlayn-monitorinqi sistemi qurulur
«CarDoctor» qurğusu nəqliyyat vasitələrinin monitorinqini aparmağa imkan verəcək
Azərbaycanın “CarDoctor” startap layihəsi ölkəmizdə «CarDoctor» - nəqliyyat vasitələrinin onlayn diaqnostikası sistemi işə salınacaq. Layihəyə əsasən, bu ilin 1-ci rübündə sözügedən xidmətdən istifadə etmək mümkün olacaq.
«Həftə içi»nin məlumatına görə, layihənin rəhbəri Azər Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, nəqliyyat vasitələrinə nəzarət avtomobillərin onlayn-diaqnostika sistemlərinin işə salınması layihəsinin ilkin mərhələsidir. Onun dediyinə görə, «CarDoctor» sistemi internet şəbəkəsi vasitəsilə avtomobilin diaqnostikasını həyata keçirməyə imkan verən proqram-aparat kompleksidir: “Avtomobildəki nasazlıq haqqında informasiya SMS-lə avtomobil sahibinə və elektron ünvanına göndərilir. Bundan başqa, informasiyanı veb-interfeys üzrə əldə etmək mümkün olacaq. Yeni xidmətdən yaxın aylar ərzində istifadə etmək mümkün olacaq. Yeni sistem avtomobillərin bahalı diaqnostika sistemini əldə etmək imkanı olmayan bölgə mütəxəssisləri üçün də faydalı ola bilər».
Azər Əliyev deyib ki, sözügedən layihə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitləri hesabına reallaşdırılır. Layihənin birinci mərhələsinin reallaşdırılmasına fonddan 20 min manat ayrılıb. Bu vəsait sistemin proqram tərkibinin və «CarDoctor» qurğusunun prototipinin hazırlanmasına xərclənəcək.
Onun sözlərinə görə, fondun kredit qismində əlavə maliyyələşməsini qurğuların kütləvi istehsalına başlamaq, marketinq və satışın təşkili üçün cəlb etmək planlaşdırılır. İlkin mərhələdə qurğunun istehsalı ölkə hüdudlarından kənarda nəzərdə tutulur, gələcək buraxılış mərhələləri isə Azərbaycanda təşkil ediləcək. Hazırda qurğunun prototipinin və proqram tərtibatının hazırlanması prosesi yekun mərhələdədir.
İlkin mərhələdə bazara qurğuların iki modelini – «CarDoctor» və «CarDoctor-Pro»nu təqdim etmək planlaşdırılır. «CarDoctor+» qurğusu yalnız avtomobilin diaqnostikasını aparmağa imkan verən ilkin versiyadır və o, yalnız avtomobillərin diaqnostikasını həyata keçirməyə imkan verir. «CarDoctor-Pro» peşəkar versiyasının funksiyaları isə geniş olacaq və o, avtoservis xidmət mərkəzlərini maraqlandıra bilər. «CarDoctor+»un bazar qiyməti təqribən 30, «CarDoctor-Pro»nun qiyməti isə təqribən 100 manat təşkil edəcək. Kommersiya satışına başlamaq üçün bir neçə variant nəzərdə tutulub ki, onlara qurğunun tam dəyərinin ödənilməsi, kredit və subsidiya əsasında ödəniş daxildir. Sonuncu variant mobil rabitə operatorlarının iştirakı ilə reallaşdırıla bilər. Layihə mobil rabitə operatorlarına abonent bazasının genişləndirilməsi baxımından maraqlı ola bilər».
Layihə rəhbəri vurğulayıb ki, diaqnostika xidməti pulsuz əsasda göstəriləcək. Avtomobil istehsalçılarının diaqnostika proqramının lisenziya versiyaları və GPS kanallarından istifadə imkanları qurğunun peşəkar versiyasına yerləşdirildiyinə görə bu qurğuların istifadəçiləri mobil operatorun məlumatların ötürülməsi xidməti üçün müəyyənləşdirdiyi tarif üzrə ödəniş edəcəklər: «Layihə çərçivəsində «Qaynar xətt»in yaradılması da nəzərdə tutulur. «Qaynar xətt» vasitəsilə avtomobil sahibini maraqlandıran texniki məsələlər üzrə pulsuz məsləhətlər almaq mümkün olacaq».
Azər Əliyev əlavə edib ki, “CarDoctor” startap layihəsi həmçinin korporativ sektor üçün avtomobil trekinq sistemlərinin reallaşdırılmasına başlayır. Onun sözlərinə görə, “CarDoctor” qurğusu nəqliyyat vasitələrinin monitorinqi, onların olduqları yerin, sürətinin və hərəkət marşrutunun, dayanma məntəqəsinin müəyyənləşdirilməsi üçün nəzərdə tutulub.
Təbriz Vəfalı
