Sosial (7-05-2015, 10:15)
Qubalılar ilin birinci rübünü uğurlu göstəricilərlə başa vurublar
Ölkəmizin hər yerində olduğu kimi,Yaşar Məmmədovun rəhbərlik etdiyi Quba rayonunda da 2015-ci ilin 1-ci rübü ərzində xeyli işlər görülmüş və qarşıya qoyulmuş vəzifələrin maksimum həllinə səy göstərilmişdir.
Ötən dövr ərzində rayon əhalisinə göstərilən kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, əhalinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin edilməsi üçün bir sıra işlər görülmüş və tədbirlər həyata keçirilmişdir. Rayonda rabitə xidmətinin yaxşılaşdırılması, internet texnologiyalarının tətbiqi istiqamətində də bir sıra işlər görülmüşdür.
Rüb ərzində şəhərdən məişət tullantılarının yığışdırılaraq ümumi zibilxanada zərərləşdirilməsi təmin edilmişdir.
Rayon ərazisində olan respublika və yerli əhəmiyyətli yollarda əsaslı və cari təmir işləri aparılmış, küçələrə asfalt döşənmiş, şəhərdə küçə və səkilərin yenidən qurulması sahəsində əsaslı işlər görülmüşdür.
“Kənd təsərrüfatı ili” elan olunmuş 2015-ci ildə əkin sahələrinin suvarma suyu ilə təminatından çox şey asılı olacaq
Məlum olduğu kimi, 2015-ci il cənab Prezident tərəfindən “Kənd təsərrüfatı ili” elan edilmişdir. Buna görə də bu sahədə geniş miqyaslı işlərin aparılması və yeni kənd təsərrüfatı müəssisələrinin yaradılması üçün müvafiq tədbirlər görülməsi qarşıya məqsəd qoyulmuşdur.
Rayonda kənd təsərrüfatı məhsullarının ildən-ilə artırılmasında Nazir Dadaşovun rəhbərlik etdiyi Suvarma Sistemləri İdarəsinin də səmərəli rolu var. Suvarma sistemləri şəbəkəsinin daim saz vəziyyətdə saxlanması, arx və kanalların, drenlərin vaxtaşırı təmizlənməsi rayon suvarma sistemləri idarəsinin gündəlik qayğısıdır. Melioratorların torpaq istifadəçilərinin su tələbini yüksək səviyyədə ödəməyə yönələn fəaliyyəti məhsul bolluğunu təmin edən əsas şərtlərdəndir.
Rayonda əkin sahələrinin suvarılması və əhalinin içməli su təchizatının yaxşılaşdırılması üçün tədbirlər davam etdirilməkdədir.
Yeni təyin olunmuş icra hakimi ilk növbədə rayonun təhsil işçiləri ilə görüşməyi məqsədəuyğun hesab edib
06 fevral 2015-ci il tarixdə Quba Gənclər Mərkəzində RİH başçısı Yaşar Məmmədov təhsil işçiləri ilə görüş keçirmişdir. Yaşar müəllim təhsilin inkişafı üçün göstərilən dövlət qayğısından danışmış, yetişməkdə olksan nəslin təlim-tərbiyəsi naminə çalışan pedaqoqların zəhmətinin ölçüyəgəlməz olduğunu vurğulamış, bu sahənin qayğı və problemlərinin daim rayon rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılacağını bildirmişdir.
2015-ci ilin 1-ci rübü ərzində məktəblərin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi, təlim-tərbiyənin keyfiyyətinin artırılması məqsədilə sistemli tədbirlər həyata keçirilmişdir. Təhsil müəssisələrinin inventar və avadanlıqla təchizatına diqqət artırılmışdır. Əsasən məktəblərin kompüterlər və digər elektron vasitələrlə təmin olunmasına səy göstərilmişdir. Bu da informatika fənninin tədrisinə, şagirdlərin kompüter biliklərinin artırılmasına müsbət təsir göstərir.
Qubanın mədəniyyət müəssisələri Ulu Öndər Heydər Əliyevin anadan olmasının növbəti ildönümünə ciddi hazırlaşıblar
İlin əvvəlindən ötən müddət ərzində rayonda bir sıra mədəni-kütləvi tədbirlər keçirilmiş, konsert proqramları təşkil edilmişdir. Mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə müvafiq tədbirlər görülmüş, müxtəlif adda avadanlıqlar alınaraq mədəniyyət müəssisələrinə verilmişdir.
Əhalinin asudə vaxtlarının səmərəli və mənalı təşkili məqsədilə rayon mədəniyyət və turizm şöbəsi ilə birlikdə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında, “Quba meydanı” parkında konsert proqramları təşkil edilmişdir.
Rayonda bütün bayram tədbirləri, tarixi günlər, anım mərasimləri, çoxsaylı yubiley tədbirləri yüksək səviyyədə keçirilmişdir. 18 mart 2015-ci il tarixdə saat 11:00-dan Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ümumrayon Novruz Şənliyi keçirilmişdir. Tədbirdə rayon rəhbərliyi, rayon sakinləri iştirak etmişdir. Parkda rayonun adət-ənənələrini, mətbəxini əks etdirən pavliyonlar qurulmuş, yerli incəsənət xadimlərinin çıxışları olmuşdur.
Bütün ölkədə olduğu kimi, Quba rayon ictimaiyyəti, rayonun tərəqqipərvər, qədirşünas vətəndaşları Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü qeyd etməyə hazırlaşırlar. Heydər Əliyev Mərkəzində müntəzəm olaraq Ulu Öndərin həyat fəaliyyətinin, zəngin siyasi irsinin, dövlətçilik və Azərbaycançılıq məfkurəsinin təbliği ilə əlaqədar silsilə tədbirlər, dəyirmi masalar, elmi-praktik konfranslar, inşa müsabiqələri, ədəbi-bədii tədbirlər və intellektual oyunlar keçirilir. Mərkəzdə 20 nəfərdən ibarət ulu öndər Heydər Əliyev irsini öyrənən tədqiqat qrupu fəaliyyət göstərir. Burada eyni zamanda cari ildə bir neçə yeni evlənənlərin nigah mərasimi keçirilmişdir.
İctimai sabitliyin qorunub saxlanması üçün bütün zəruri tədbirlər görülür
Həqiqi hərbi xidmətə çağırış məsələlərinin həlli məqsədilə lazımi tədbirlər görülmüş, hərbi həkim komissiyasının tərkibi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə razılaşdırılmaqla təşkil edilmiş və rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamlarına uyğun olaraq müəyyən olunmuş müddətlərdə gənclərin həqiqi hərbi xidmətə yola salınması təmin edilmişdir.
Rayonda dini durum sabitdir. Qeyri-ənənəvi dini cərəyanlarla bağlı məsələlər nəzarətə götürülmüş, maarifləndirici və profilaktik tədbirlər həyata keçirilmişdir. Hüquq-mühafizə orqanları tərəfindən ictimai sabitliyin qorunub saxlanması üçün bütün zəruri tədbirlər görülmüşdür. Qubanın yaxın illərdə gəlirlərinin dahada artacağı proqnoz edilir
Rayonda dövlətin maliyyə siyasəti dürüst həyata keçirilir, büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasının, yerli xərclərin tərtibinin və xəzinə əməliyyatlarının düzgünlüyü təmin olunur. Rayon Maliyyə İdarəsinin rəhbərliyi ilə maliyyə nəzarətini həyata keçirən mütəxəssislər yerlərdə büdcə uçotunun təlimata uyğun aparılması sahəsində mühasiblərlə maarifləndirmə işləri aparılar. İdarə, müəssisə və təşkilatlar maliyyə intizamına riayət edir, israfçılığa yol verilməməsi üçün Maliyyə İdarəsindən aldıqları tövsiyələrə əməl edirlər. İdarə müdiri,maliyyə mütəxəssisi Ruslan Hacıyev nikbinliklə proqnoz edir ki, yaxın illərdə Quba rayonunun inkişafı o səviyyəyə çatacaq ki, yerli xərclər elə yerli gəlirlər hesabına maliyyələşəcək.
Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır
Rayon İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlayır. Onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir.Təcrübəli mütəxəssis Sabir Hacıyevin rəhbərlik etdiyi
Dövlət Sosial Müdafiə Fondunun Quba rayon Şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Dövlətimizin siyasəti-iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir» - sözlərini deviz götürən Şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. DSMF-nun səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara göndərilir.
Onu da qeyd edək ki, DSMF Quba rayon Şöbəsi xidmət etdiyi sığorta ödəyicisi və pensiyaçıları arasında həm də maarifləndirmə işi aparır.
DSMF Quba rayon şöbəsi tərəfindən iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay-mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər DSMF rayon Şöbəsində yaradılmış «Yardım masajı»nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edirlər.
ƏSMM işini günün tələbləri səviyyəsində qurur.
Ötən 2014 ci il ərzində əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsini gücləndirmək istiqamətində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının hökumət qərarlarının yerinə yetirilməsi sahəsində Yasin müəllimin rəhbərlik etdiyi Quba rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tələb olunan qədər işlər görmüşdür.Quba rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi sosial müavinətlərin, uşağın doğulmasına görə birdəfəlik müavinətlərin, Çernobıl əlillərinə, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və sosial ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətləri, dəfn üçün müavinətlər, şəhid ailələrinə, müharibə əlillərinə, Prezident təqaüdünün təyinatı və ödənilməsi vaxtlı-vaxtında həyata keçirilir. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdur
***
Rayon icra hakimiyyətinə daxil olan müraciətlərə həssas yanaşılır
Rayon icra hakimiyyətinə daxil olan müraciətlər yaşayış sahəsi ilə təmin olunmaq, maddi yardım, fərdi yaşayış evlərinin inşası məqsədilə torpaq sahələrinin ayrılmasına köməklik, torpaq sahələrinin suvarılmasında yaranan problemlərin həlli, həmçinin fərdi yaşayış evlərinin təmiri və tikintisinə köməklik göstərilməsindən ibarət olmuşdur. Bütün müraciətlərə həssaslıqla yanaşılmış, vətəndaşlar qaldırdıqları məsələlərlə bağlı rayon icra hakimiyyətinin başçısı və onun müavinləri tərəfindən qəbul edilərək onlara qanunvericiliyin tələbləri və mövcud vəziyyət izah olunmuş, həlli mümkün olan məsələlərlə bağlı müvafiq tədbirlər görülmüşdür. Rayon icra hakimiyyətində və rayon icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində vətəndaşalrın müraciətləri ilə iş, həmçinin bu sahədə kargüzarlığın aparılması mövcud təlimat və qaydalara uyğun qurulmuş, bu sahə daim nəzarətdə saxlanılmışdır. Rayonun aidiyyatı idarə, təşkilat və müəssisələrində mütəmadi yoxlamalar aparılmış və mövcud vəziyyət müzakirə edilmişdir.
***
Beləliklə, Qubalılar 2015-ci ilin birinci rübini ürəkaçan nailiyyətlərlə başa vurmuşlar. Ümid etməyə dəyər ki, ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan Quba rayonu qarşıdakı dövrdə də əhəmiyyətli tədbirlərə meydan olacaqdır, zəhmətkeş Quba vətəndaşları da çox hörmətli cənab Yaşar Məmmədovun başçılığı altında nailiyyətlərinin sırasını artıracaqlar.
