Sosial / Slayd (27-04-2015, 12:48)
Rəhbər həmdə alim olanda...
Azərbaycanın hər bir bölgəsi kimi,hörmətli Mirdamət Seyidovun rəhbərlik etdiyi İsmayıllı rayonunda da regionların inkişafı dövlət proqramlarının icrası rayon iqtisadiyyatının inkişafına, abadlıq quruculuq işlərinin və yeni sosial obyektlərin tikintisinin aparılmasına, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı və sahibkarlara dəstək verilməsi, yeni iş yerlərinin yaradılması, əhalinin məşgulluğunun artırılması və rayon sakinlərinin yaşayış səviyyəsinin yüksəldilməsinə ciddi təkan olmuşdur.
İsmayıllı rayonu üzrə əsas sosial-iqtisadi göstəricilər, o cümlədən ümumi məhsul buraxılışının həcmi , sənaye məhsullarının , kənd təsərrüfatı məhsullarının , tikinti işlərinin, əsas kapitala yönəldilən investisiyaların həcmi, nəqliyyat xidməti, rabitə xidməti, ticarət artmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmində, pərakəndə əmtəə dövriyyəsində artım müşahidə olunmuş, orta aylıq nominal əmək haqqı artmışdır.
Maliyyə göstəriciləri yaxşılaşır
Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır.Maliyyə mütəxəssisi Radim Müslimovun rəhbərlik etdiyi Ismayıllı rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. İdarənin kollektivi vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.
Əhalinin sosial müdafiəsi tədbirləri gücləndirilir
Təcrübəli mütəxəssis Kamran Muradovun rəhbərlik etdiyi Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon Şöbəsi də fəaliyyətini günün tələbləri səviyyəsində qurur, sosial müdafiəyə ehtiyacı olan İsmayıllı vətəndaşlarına yüksək səviyyədə xidmət göstərir. Bu qəbildən olan insanlar şöbənin xidmətindən razılıqlarını bildirirlər.
DSMF İsmayıllı rayon şöbəsində öz hesablarını elektron formada təqdim etməkdə çətinliklə üzləşən xırda sahibkarlara və torpaq mülkiyyətçilərinə kömək məqsədilə “Yardım masaları” fəaliyyət göstərir. Vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin olmasında mühüm rola malik olan “Sığortaolunanlara məlumatların verilməsi” adlı müasir məlumatlandırma sistemi tam istifadəyə verilib. Bu xidmət vasitəsilə istənilən sığorta olunan onun üçün sığortaedən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kapitalına, həm də işəgötürənin onun üçün əmək haqqına uyğun sosial sığorta haqqı köçürdüyünə nəzarət etmək imkanı qazana bilər.
Aztəminatlı təbəqələrin qayğıları gündəlik nəzarətdə saxlanılır
2014-cü ilin birinci yarısında əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsini gücləndirmək istiqamətində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının hökumət qərarlarının yerinə yetirilməsi sahəsində Çingiz Əliyevin rəhbərlik etdiyi İsmayıllı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi lazımınca işlər görmüşdür. Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi sosial müavinətlərin, uşağın doğulmasına görə birdəfəlik müavinətlərin, Çernobıl əlillərinə, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətləri, dəfn üçün müavinətlər, şəhid ailələrinə, müharibə əlillərinə, Prezident təqaüdünün təyinatı və ödənilməsi vaxtlı-vaxtında həyata keçirilir. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzartdə saxlanılan məsələlərdən olmuşdur.
Keçən il bütün sosial müavinətlərin, təqaüdlərin plastik kartla bankomatlar vasitəsilə ödənişi təmin edilmişdir. Mərkəzin rəhbərliyi əhali arasında, inzibati ərazi vahidliklərində sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması və imtina sənədlərinin vətəndaşlara tam izah edilməsini təşkil etmişdir.
Səhiyyə xidmətinin keyfiyyəti yaxşılaşdırılır.
Rayonun tibbi xidmət şəbəkəsi 205 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasından, 15 çarpayılıq Lahıc qəsəbə və İvanovka kənd xəstəxanalarında, 500 gəlişli RMX-nın poliklinika şöbəsindən, 50 gəlişli uşaq poliklinikasından, 11 kənd həkim və 24 tibb məntəqəsindən, Gigiyena və Epidemiologiya Mərkəzindən ibarətdir.
Rayonun səhiyyə sektorunda 117 nəfər həkim, 341 nəfər orta tibb işçisi çalışır. Əhalinin hər on min nəfərinə 14 həkim, 41 orta tibb işçisi, 28,2 çarpayı düşür. Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması, vətəndaşların sağlamlığının qorunması üçün son illər rayonda da əsaslı tədbirlər həyata keçirilmişdir. Son illərdə Lahıc qəsəbəsi və İvanovka kəndində 15 çarpayılıq xəstəxana, Topçu və Tircan kəndlərində kənd həkim məntəqələri tikilib istifadəyə verilmiş, bir sıra tibb məntəqələri əsaslı təmir olunmuşdur.
Ötən əsrin 70-ci illərdə inşa edilmiş Rayon Mərkəzi Xəstəxanasının binasında 2013-cü ildən əsaslı təmir və yenidən qurma işlərinə başlanmış və 2014-cü ilin sentyabr ayında istifadəyə verilmişdir. Xəstəxana müasir tibbi avadanlıqlarla, diaqnostik müayinə aparatları ilə, inventarlarla təchiz olunmuş, xəstəxanada hemodializ şöbəsi açılmışdır.
2014-cü ilin fevral ayının 17-dən may ayının 1-dək respublikada aparılan dispanserizasiya rayonda uğurla həyata keçirilmiş, müvafiq komissiya və işçi qrupu yaradılaraq tibbi müayinə aparılmışdır. Əhalinin müxtəlif qrupları üzrə 62726 nəfər müayinədən keçmiş, onlardan 2012 nəfər ambulator müalicəyə, 73 nəfər stasionar müalicəyə cəlb olunmuş, 210 nəfər Bakı şəhərinə müalicəyə göndərilmişdir. Rayonda 105 nəfər onkoloji xəstə ilkin dispanser qeydiyyatına götürülmüşdir. 474 nəfər vərəmli xəstə, 1143 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır.
Bu il də Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq ölkə əhalisinin tibbi müayinədən keçirilməsi aksiyası İsmayıllı rayonunda da mütəşəkkil qaydada davam etdirilir. Rayon Mərkəzi Xəstəxanasından bildiriblər ki, İsmayıllı rayonu üzrə 70 minə yaxın əhalinin tibbi müayinəyə cəlb olunması nəzərdə tutulub. Fevralın 2-də başlanan aksiyadan aprelin əvvəlinədək 43 min nəfərə yaxın sakin yararlanıb. Rayonun 36 yaşayış məntəqəsində tibbi müayinələr tam başa çatıb. Müayinədən keçənlərin 852 nəfərinə ambulator müalicə təyin olunub, 105 nəfər stasionar müalicəyə cəlb edilib. Bundan əlavə, daha geniş müayinəyə ehtiyacı olan 21 nəfər paytaxtın tibb müəssisələrinə göndərilib. Müayinə olunanlar arasında ürək-damar, zob, qan təzyiqi, böyrək və revmatik xəstəliklərdən əziyyət çəkənlər çoxluq təşkil edir. Vətəndaşlara xəstəliklərin profilaktikası barədə ətraflı məlumat verilir, müvafiq müalicə kursları təyin edilir.
Onu da qeyd edək ki, RMX tərəfindən təşkil olunan biriqadalar əlillərin, sağlamlıq imkanları məhdud olan şəxslərin tibbi müayinəsi evlərdə və yaşadıqları ünvanlarda həyata keçirir. Müayinələrin keçirildiyi tibb müəssisələrinə hər gün yüzlərlə sakin müraciət edir. Onlar əhalinin sağlamlığının qorunmasına yönələn xeyirxah aksiyanı yüksək qiymətləndirir, bu qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.
Keçən il uşaqlar arasında profilaktiki peyvəndlər təqvim planına uyğun vaxtında aparılmışdır. Yoluxucu xəstəliklərin qarşısını almaq üçün RMX-da sanitar-epidemioloji briqadalar yaradılmış, aşkar edilmiş xəstələr vaxtında müalicəyə cəlb olunmuşlar. İnfeksiya ehtimalı olan ərazilərdə və yaşayış məntəqələrində dezinfeksiya işləri aparılmışdır. Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən kommunal, ticarət, ictimai iaşə, təhsil və uşaq müəssisələrində sanitariya nəzarəti həyata keçirilmiş, su hövzələrindən, anbarlardan nümunələr götürülərək bakterioloji müayinələr aparılmış, lazımi tədbirlər görülmüşdür.
Bütün bunlarla yanaşı səhiyyə sahəsində ciddi problemlər də yaşanmaqdadır. Rayon üzrə 19 həkim vəzifəsi vakantdır. Vakant ştatlardan 13-ü kənd sahə xəstəxanalarına və kənd həkim məntəqələrinə aiddir. Kəndlərin bir çoxunda tibbi səhiyyə obyekti yoxdur. RMX-da quraşdırılmış yeni tibbi aparatlar, diaqnostik vasitələri işlədə bilən mütəxəssislərə ciddi ehtiyac vardır. Bu aparatlarla işləyə bilən həkimlərin Respublikanın ixtisaslaşmış səhiyyə mərkəzlərində və xarici ölkə xəstəxanalarında uzunmüddətli hazırlıq kursları keçməlidirlər. Rayon GEM-də müasir müayinə avadanlıqlarına ciddi ehtiyac vardır.
Bu ilin birinci rübü də rayon səhiyyəsi üçün əhəmiyyətli tədbirlərlə yaddaqalan olmuşdur. Martın 18-də Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində İsmayıllı rayonunun Gəraybəyli kəndində inşa olunan yeni tibb məntəqəsinin açılış mərasimi keçirilib. Tibb məntəqəsi Gəraybəyli, eləcə də digər yaxın yaşayış məntəqələri olan Xəlilli, Eyyubbəyli, Keşqurd, Zərnava və Külüllü kəndlərinin 2000 nəfərə yaxın sakininə xidmət edəcək.
Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşinin də iştirak etdiyi açılış mərasimində İsmayıllı rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Novruz bayramı ərəfəsində kənddə yeni tibb məntəqəsinin istifadəyə verilməsinin sakinlərin sosial həyatı üçün mühüm töhfə olduğunu bildirib. İcra hakimiyyətinin başçısı Yaponiya hökumətinin qrant yardımı proqramı çərçivəsində rayonda reallaşdırılan layihələrdən, İsmayıllı şəhəri ilə Yaponiyanın İto şəhəri arasındakı dostluq əlaqələrindən danışıb. Sonra T.Takahaşi çıxış edərək vurğulayıb ki, “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” üzrə Azərbaycanda həyata keçirilən 199 layihədən 13-ü məhz İsmayıllının payına düşür. Səfir çıxışının sonunda yerli sakinləri tibb məntəqəsinin açılışı münasibətilə təbrik edərək deyib: “Mən dostluğumuzdan çox məmnunam. Ucqar rayonlarda tibbi xidmətdən istifadənin imkanlarını təkmilləşdirmək insanların həyatı üçün çox önəmlidir və əminəm ki, bu layihə burada insanların gündəlik həyatına müsbət təsir göstərərək, öz töhfəsini verəcək”.
Mərasimdə Milli Məclisin deputatı Ərəstun Cavadov, kənd ağsaqqalı Rəsul Səfərov çıxış edərək, tibb məntəqəsinin yerli sakinlərə yüksək səviyyədə xidmət göstərəcəyinə əminliklərini bildiriblər.
Mədəniyyət müəssələrinin maddi-texniki bazası gücləndirilir.
Təcrübəli mütəxəssis Azər Abbasovun rəhbərlik etdiyi Rayon Mədəniyyət və Turizm sisteminə daxil olan 7 yaradıcılıq evi, 26 klub, 49 kitabxana, 1 Uşaq İncəsənət məktəbi, Lahıc və Basqal Tarix- Mədəniyyət Qoruğu, İsmayıllı və Lahıc Tarix Diyarşünaslıq Muzeyləri, Heydər Əliyev Mərkəzi, İsmayıllı Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. Mədəniyyət müəssisələrində 416 nəfər işçi çalışır. İşçilərin 75 nəfəri ali, 165 nəfər orta ixtisas, 177 nəfəri isə orta təhsillidir. Orta təhsillilərin 78 nəfəri texniki işçilərdir.
Keçən il mədəni-maarif müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirilməsi, təmir və bərpa işlərinin aparılması ilə bağlı müəyyən işlər görülmüşdür. Obyektlərin əsaslı və cari təmir işlərinə 75 min manat vəsait şərf olunmuşdur.
Heydər Əliyev adına Rayon Mədəniyyət Mərkəzinin və Mərkəzləşdirilmiş Kitabxanalar sisteminin Uşaq şöbəsi binalarının əsaslı və yüksək səviyyədə təmiri başa çatdırılmış, müasir inventar və avadanlıqlarla təmin olunmuşdur.
Rayon ərazisində 233 tarix və mədəniyyət abidəsi mövcuddur. Bunlardan 160-ı dövlət qeydiyyatına alınmış və inventar nömrəsi verilmişdir. Abidələrdən Lahıc Dövlət Tarix və Mədəniyyət Qoruğu dünya, 2-si ölkə, 127-si yerli əhəmiyyətlidir. 73 abidə yeni aşkar edilmişdir. Abidələr haqqında məlumatlar, fotolor, disklər hazırlanaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs şöbəsinə təqdim olunmuşdur.
Turizmin inkişafı ilə bağlı müxtəlif layihələrin icrasına başlanılmış, müəyyən işlər görülmüşdür. Rayon ərazisində 22 istirahət mərkəzi fəaliyyət göstərir. 9 istirahət mərkəzi Mədəniyyət və Turizm Nazirliyinin lisenziyasını almışdır. İstirahət Mərkəzlərində 1040-dan çox yataq yeri vardır.
Son illər rayona gələn turistlərin sayı xeyli artmışdır. 2014-cü ildə rayona 96 min turist gəlmişdir ki, bu da 2013-cü illə müqayisədə 14 min nəfər çoxdur. İsmayıllının zəngin təbiəti və tarixi abidələri xarici turistləri daha çox özünə cəlb edir. Rayonun milli-etnik zənginliyi turizmin inkişafına şərait yaradır.
“Şereton-İsmayıllı” otel kompleksinin istifadəyə verilməsi, yeni turizm istirahət mərkəzlərinin tikintisi İsmayıllının Beynəlxalq turizm marşurutuna daxil edilməsinə imkanlar açır. Rayonda dağ, atçılıq, ekoturizm sahələri inkişaf etdiriləcəkdir. İsmayıllı zəngin turizm Mərkəzi kimi ünvan tapacaqdır.
Rayonda azsaylı xalqların, etnik qrupların (tat, ləzgi, haput, rus, və.s) milli-mədəni irsi daim diqqətdə saxlanılır, bayram tədbirlərində, festivallarda onların folklor qruplarının çıxışları təşkil edilir.
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində 399 min 209 nüsxə ədəbiyyat mövcuddur. Hesabat ili ərzində kitabxanaya 34176 nüsxə ədəbiyyat və 310 ədəd elektron resurs daxil olmuşdur. Oxucuların sayı 27840 nəfərdir. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 7 ucqar dağ kəndində bələdiyyə kitabxanaları yaradılmışdır. Bu proses 2015-ci ildə də davam etdirilməkdədir.
Rayon Uşaq İncəsənət məktəbində 8 ixtisas üzrə 342 nəfər şagird təhsil alır. Hər il buraxılışla əlaqədar məktəbin yekun konserti təşkil olunur.
***
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusi ilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarətdir.
Dövlət Proqramında müəyyən edilmiş məqsədə nail olmaq üçün regionlarda infrastruktur təminatının, o cümlədən əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalı istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsi, əhalinin, xüsusi ilə kənd əhalisinin məşğulluq səviyyəsinin artırılması və yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində tədbirlərin davam etdirilməsi kimi mühüm vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur ki, onların da icrasına İsmayıllı rayonunda artıq bir ildir ki, uğurla başlanılmışdır. Bütün müşahidə olunanlar belə deməyə əsas verir ki, uğurların sırası 2015-ci ildə də davam edəcəkdir.