Sosial (12-02-2015, 21:42)
Suraxanıda 18 minədək sakin tibbi müayinədən keçib - FOTO
Suraxanı rayonunda sakinlərin tibbi müayinəsi davam edir. Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə tibbi müayinənin yüksək səviyyədə, operativ təşkil edilməsi məqsədilə komissiya yaradılıb, müəssisə və idarələrin tibbi müayınədən keçmə qrafiki tərtib olunub.
İcra hakimiyyətindən "Həftə içi"nə verilən məlumata görə, rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada əhalinin pulsuz tibbi müayinəsi keçirilir. Rayonun 212300 nəfər əhalisinin və rayonda məskunlaşmış 21858 nəfər məcburi köçkünün tibbi müayinədən keçməsi nəzərdə tutulur. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində tibbi müayinədən keçir.
Fevralın 12-dək Suraxanı rayonunda 18 minə yaxın vətəndaş və 33-dən çox kollektiv tibbi müayinədən keçib. 335 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb. 38 nəfər stasionar müalicəyə qəbul olunub. Xəstəlik aşkar olunmuş vətəndaşlar stasionar və ambulator müayinələrə cəlb edilib. 12 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov bildirib ki, 2013-cü ildə xəstəxana təmir edilərək müasir avadanlıqlarla təchiz olunub. Onun sözlərinə görə, sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə ehtiyaca uyğun olaraq onları cərrah, oftalmoloq, ginekoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər müayiə edirlər: "Müəssisəmiz 13572 nəfər böyük əhaliyə və 3958 uşağa xidmət edir. Xəstəxanamıza gələn vətəndaşlar ümumi və biokimyəvi, rentgen, kardioqram, ulturasəs və digər müayinələrdən keçirlər. 12 fevral 2015-ci il tarixədək 1650 nəfər vətəndaş tibbi müayinədən keçib. Bunlardan 89 nəfəri rentgen, 79 nəfəri USM aparatından, 121 nəfəri laboratoriya və 73 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçən vətəndaşların 42 nəfərində xəstəlik aşkar olunub və 7 nəfəri stasionar müalicəyə götürülüb. Xəstəlik aşkar edilən şəxslərin müalicəsi istiqamətində də işlər görülür. Eyni zamanda müəssisəmizdə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər".
