Sosial (Dünən, 22:39)
Elektron hərraclarda şəffaflıq sual altındadır: Portal kimindir və kim faydalanır?
Məhkəmə qərarlarına əsasən üzərinə həbs qoyulan əmlakın satışı məqsədilə keçirilən hərraclara şəffaflıq gətirilməsi məqsədilə 2025-ci ilin avqust ayından qüvvəyə minən Qanunla bir sıra qanunlara dəyişiklik edildi, hərracların elektron qaydada portal vasitəsilə həyata keçirilməsi tələbi müəyyən olundu. Lakin əvvəllər də elektronlaşma sahəsində hərrac təşkilatlarının təşəbbüsləri olmuşdur. Hələ 2019-2020-ci illərdə belə bir platformanın yaradılması və sifarişlərin verilməsi və açıq auksionların elektron qaydada tam şəffaf keçirilməsi məqsədilə layihə (proqram texniki vasitə və proqram təminatının, müvafiq domen adının inzibatçılığının sənədləşdirilməsi, portalın yaradılması və sifarişlərin qəbuluna və auksionların keçirilməsinə hazırlıq üzərində aparılan işlər) başa çatdırılmış və Ədliyyə Nazirliyinin İcra baş idarəsinə onun imkanları və istifadə qaydaları barədə məlumat təqdim olunmuşdur. Nazirliyin rayon bölgüsü əsasında sifarişlərin müxtəlif təşkilatlar arasında bölüşdürülməsi praktikası davam etdirildi.
Qanunvericilik boşluqları və ziddiyyətlər
Yəni dəyişikliyə görə “İcra haqqında” Qanunun 62.19-cu maddəsinə əsasən “Elektron hərracın keçirilməsi qaydası, elektron hərracda iştirak haqqı və elektron hərracın keçirilməsi ilə bağlı xərclərin məbləğinin müəyyən edilməsi haqqında” Nazirlər Kabineti tərəfindən 3 ay müddətində qərarın qəbul edilməsi tapşırığıdır. Lakin bu qərar hələ də qəbul edilməyib. Səbəb nədir?
Dəyişikliklər elektron hərracı təşkli, aparılması, yekunlarının rəsmiləşdirilməsini təmin edən elektron informasiya sisteminin adı, sahibi və operatorunun kim olduğuna aydınlıq gətirmir... Ədliyyə Nazirliyinin 24.10.2024 il tarixli Kollegiya qərarı ilə ədliyyə naziri “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”nı təsdiq edib və özünün apardığı Hüquqi Aktların Dövlət Reystrinə salıb. Qaydanın 1.1-ci bəndində deyilir ki, Qayda “İcra haqqında” Qanun 61 və 62-ci maddələrinin tələblərinə əsasən hazırlanmışdır və icra məmuru tərəfindən ixtisaslaşdırılmış müəssisələrə sifarişin verilməsi və hərracda satılması ilə bağlı qaydaları tənzimləyir. Halbuki, 2025-ci ilin avqustunadək “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə görə hərracın ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilməsi və 62.2-ci maddəsində isə hərracın keçirilməsi qaydasının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edildiyi təsbit edilmişdi.Aşağıda qeyd olunanlara görə Ədliyyə Nazilrliyi tərəfindən Qaydanın həmin dövrdə və hətta indi qəbul etməsi əsassızdır:
1. Nazilriyin səlahiyyətini müəyyən edən Əsasnaməsinə görə nazirliyin nə elektron, nə də başqa bir formada hərrac keçirmək ixtiyarı yoxdur.
2. Belə səlahiyyəti olmadığına görə, eləcə də bu hərracları özəl ixtisaslaşdırılmış təşkilatlar keçirdiyinə görə nazilrik ölkə Konstitusiyasının tələbinə uyğun davranış nümayiş etdirmir. Konstitusiyanın 71-ci maddəsinə əsasən dövlət orqanı yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilər.
3. Mərkəzi icra orqanının aktlarına münasibətdə normayaratma fəaliyyəti “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 20-ci maddəsi ilə tənzimlənir. Bu Konstitusiya Qanununa 2020-ci ilin 30 setyabr tarixində edilən dəyişiklikdən sonra mərkəzi orqana birbaşa tapşırıq verən Azərbaycan Respublikası Prezidentinin, yaxud Konstitusiyadan, referendum aktından, qanundan və Prezidentin aktından irəli gəldiyi halda - Nazirlər Kabinetinin tapşırığı olmalıdır. Belə aktlar olmadığından Ədliyyə Nazirliyinin 24.10.2024 tarixli qərarında belə istinad da yoxdur.
4. Nazirlik bir il öncə özəl subyektlərin təşkil etdiyi hərracların keçirilməsi qaydasını qəbul etməklə onları qanuni əsas olmadan həmin qaydaya riayət etməyə məcbur edib. Özəl təşkilatın qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilməsi Konstitusiyanın 71-ci və 80-ci maddələrinin pozulması deməkdir.
Şəffaflıq iddiası, gizli müqavilələr
Nazirliyin təsdiq etdiyi Qaydanın 1.6-cı bəndində qeyd olunur ki, təşkilatçı (hərracçı) şəffaflığın təmin edilməsi məqsədilə hərracların keçirilməsi üçün müvafiq elektron portaldan istifadə etməlidir. Portaldan istifadə qaydaları, şərtləri və digər məsələlər portal sahibi ilə təşkilatçı və portal istifadəçiləri arasında Mülki Məcəlləyə uyğun bağlanılmış müqavilə əsasında tənzimlənir. Bütövlükdə portaldan istifadə qaydası cəmiyyət üçün açıq olmalıdır. Göründüyü kimi, Ədliyyə Nazirliyi şəffaflığı təmin etmək üçün qanunla müəyyən edilən vəzifəsinin həyata keçirilməsi üçün ictimai xarakter daşıyan standart müqavilənin məzmununu öz rəsmi saytında açıqlamaq əvəzinə, belə fəaliyyətlə məşğul olmaq istəyənlərin hər birinə konfidensial qaydada müqavilə göndərməyi üstün tutub.
Portaldan istifadə etmək üçün tapşırığın verilməsinin də şəffaflıqla heç bir əlaqəsi və oxşarlığı yoxdur. Belə ki, istənilən portal üzərindən əməliyyat keçirildiyi təqdirdə əldə edilən xidmətlərdən yararlanmaq üçün ümumi qəbul olunmuş şərtlər olmalıdır. Bəs onda belə konspirasiyanın səbəbi nədir?
Əvvəla belə bir portalın yaranmasını və fəaliyyət dairəsini tənzimləyən normativ hüquqi akt yoxdur. Bildiyiniz kimi, portal, mobil tətbiq, virtual köməkçi istifadəçilərin dövlət informasiya sistemlərinin fəaliyyətində iştirakını və onlardan istifadəsini, habelə elektron xidmətlərdən yararlanmasını təşkil etmək üçündür, yəni müəyyən informasiya sistemində aparılan əməliyyatlara fərdlərə elektron keçid yaradır. Bunun definisiyası “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nin 5.5-ci bəndində əksini tapıb.Bəs onda Ədliyyə Nazirliyinin hərrac təşkilatçılarının hər biri ilə ayrılıqda mülki qanunvericiliyə uyğun müqavilə bağlamaq istəyi nədən irəli gəlir? Ehtimal edilməlidir ki, nazirliyin qeyri-şəffaf şəraitdə müqavilələri ictimaiyyətdən gizli saxlamasının səbəbi məhz həmin müqavilələrdə yuxarıda qeyd olunan pozuntuların davamı olaraq təşkilatlçıların üzərinə ödənişlər üzrə qoyulan vəzifələrin hüquqi əsasının olmamasıdır. Buna görə müqavilədə bu vəzifə sahibkar olan hərrac təşkilatçılarının üzərinə qoyulub. Müqavilədə təşkilatçının yığdığı ödənişlərin 80%-ni Ədliyyə Nazirliyinə qaytarması nəzərdə tutulur.Məsələni araşdırarkən müəyyən edilir ki, Dövlət Orqanlarının Rəsmi Internet Resurslarının “GOV.AZ” seqmenti üzrə Siyahısında “eherrac.gov.az” və “herrac.gov.az” domen adları Ədliyyə Nazirliyinin adına AZ1000, Bakı şəhəri, Xəqani küçəsi 14 ünvanında qeydiyyata alınmışdır. Lakin Ədliyyə Naziliyi 03.12.2024 il tarixdə öz rəsmi saytından portala verdiyi keçiddən özünün qeydiyyata aldığı “herrac.gov.az” saytının “bizimlə əlaqə” bölməsində ünvan - AZ1126, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti göstərilir. Bina nömrəsi olmayan ünvan olurmu?
Qaydanın 5-ci hissəsində deyilir ki, elektron həracların keçirilməsi ilə bağlı xərclər Qanuna əsasən sifarişçinin qərarı, habelə təşkilatçı ilə Portal arasında bağlanılmış müqavilə əsasında müəyyən edilir. Portalın müqavilə tərəfi olması hüquqi nihilizmdir? Normativ hüquqi aktı qəbul edən, başqa orqanların aktlarının məcburi hüquqi ekspertizasını keçirən orqan belə qərar qəbul etməməlidir.
Portal hüquqi subyekt deyil
Portalın müqavilə tərəfi olmasına, yəni onun hüquq subyekti olmasına aydınlıq gətirmək çox bəsit məsələdir. Müqavilə mülki hüququn subyektləri arasında bağlana bilər. Bunlar hüquqi və fiziki şəxslərdir. Müvafiq sahəvi Qanunun 1-ci maddəsində verilən anlayışına görə domen adı - internet şəbəkəsində yerləşdirilən informasiya ehtiyatına müraciətin təmin olunması üçün verilən unikal simvol düzülüşüdür. “Simvol düzülüşü” və ya “portal”, yaxud “informasiya sistemi” isə nə Mülki Məcəllədə, nə də sahəvi qanunvericilik aktlarında hüquq subyekti kimi müəyyən edilməyib. Bəs onda təşkilatçı ilə Portalın arasında müqaviləni bağlayan digər tərəf kimdir? Belə çıxır ki, icra məmuru təşkilatçıya sifariş verir, təşkilatçı da qayıdıb Ədliyyə Nazirliyi ilə (domen adının inzibatçısı) müqavilə bağlayıb həracların keçirilməsi ilə bağlı xərcləri Ədliyyə Nazilriyinin mənafeyi üçün mənbəyi məlum olmayan gəlirlərinə çevirir...
Bundan başqa, nazirlik nəinki “İcra haqqında” Qanunun, “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın tələblərinə də, bu Fərmanda elektron informasiya sistemlərinin və elektron xidmətlərin qeydiyyatına dair tələblərə də riayət etməyib...
Göründüyü kimi Ədliyyə Nazirliyinin elektron hərracı özünün idarəçiliyində və tabeçiliyində olan “herrac.gov.az” domeni üzərindən bu cür keçirməsi ən azı cəmiyyətin aydınlarına qarşı sayğısızlıqdır!
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025

























