
Son günlər ölkə məktəblərində “təhlükəsizlik məqsədilə” tətbiq olunan üztanıma sistemi cəmiyyətdə haqlı narazılıq doğurub.
Rəsmi izahda deyilir ki, bu addım şagirdlərin təhlükəsizliyini artırmaq, məktəbə giriş-çıxışı nəzarətdə saxlamaq üçündür. Amma sual yaranır:
bütün bu sistemlərin arxasında həqiqətən təhlükəsizlik dayanırmı, yoxsa yeni bir yeyinti layihəsi?
Onsuz da hər yerdə nəzarət var
Məktəblərdə bu gün artıq hər şey var:
məktəb polisi,
mühafizəçi (axran),
xadimə,
kamera sistemi,
“Məktəblinin dostu” layihəsi,
direktor müavinləri və növbətçi müəllimlər.
Belə bir şəraitdə daha hansı “təhlükəsizlik boşluğu”ndan söhbət gedə bilər? Hər məktəbin hər küncündə kamera var, hər girişdə polis var, şagirdlər isə demək olar ki, nəzarətdən kənar bir addım belə ata bilmirlər.
Üztanıma sistemi – bahalı oyunun yeni pərdəsi
Reallıq budur ki, bu sistemlər təhlükəsizliyə deyil, tenderlərə xidmət edir.
Hər bir məktəbə quraşdırılan üztanıma sistemi üçün minlərlə manat ayrılır. Nəticədə bu pullar müəllimlərin, şagirdlərin deyil, tenderlərin “uğurlu qaliblərinin” cibinə gedir.
Yəni “təhlükəsizlik” adı altında növbəti maliyyə axını formalaşdırılıb.
Əgər niyyət safdırsa...
Əgər doğrudan da məqsəd şagirdlərin təhlükəsizliyidirsə, çox sadə alternativlər var:
Tələbə bileti kimi şagird bileti tətbiq etmək,
Vahid giriş kartı sistemi qurmaq,
Rəqəmsal jurnallarla və SMS məlumatlandırma ilə valideynə real vaxtda məlumat ötürmək.
Bu üsullar həm daha ucuz, həm də şəffafdır.
Amma görünür, şəffaflıq bu sistemin əsas məqsədi deyil.
Üz tanıyır, amma kim yeyir, onu tanımır
Üztanıma sisteminin tədrisə, tərbiyəyə və şagirdin inkişafına heç bir faydası yoxdur. Əksinə, məktəblərdə texnoloji bürokratiya artır, müəllim və şagird üzərində “elektron nəzarət” formalaşır, amma bu nəzarət təhsil keyfiyyətinə yox, pul axınına xidmət edir.
Bu sistem bəlkə də üz tanıyır, amma kimlərin yeyintidə “üzü” olduğunu tanımaq üçün hələ heç bir proqram yazılmayıb.
Nəticə: Təhlükəsizlik bəhanə, tender məqsəd
Təhsil sistemində bu cür layihələr bir-birini əvəz edir: gah “rəqəmsal jurnallar”, gah “kameralar”, gah “elektron gündəliklər” və indi də “üztanıma sistemi”.
Hamısının ortaq cəhəti budur — çoxlu pul, az fayda.
Əgər həqiqətən təhlükəsizlik istənilirsə, müəllimin, şagirdin və təhsilin dəyəri qorunmalıdır, divara taxılan metal qurğularla yox.
шаблоны для dle 11.2