
“Azərbaycan Reallığı”na müraciət edən vətəndaşlar Bakı Dəmir Yolu Vağzalında ciddi narazılıq doğuran bir problemi gündəmə gətiriblər. Onların sözlərinə görə, paytaxtın mərkəzində yerləşən və hər gün minlərlə insanın istifadə etdiyi vağzalda aylarla ayaqyolular fəaliyyət göstərmir. Bu isə sərnişinlərin ən sadə tələbatlarının belə qarşılanmamasına səbəb olur.
28 May metrostansiyasının yaxınlığında yerləşən Bakı Dəmir Yolu Vağzalı ölkənin ən strateji nəqliyyat mərkəzlərindən biridir. Buradan hər gün on minlərlə insan qatarlarla müxtəlif rayonlara və Bakıətrafı qəsəbələrə gedib-gəlir.
Vağzalda sərnişinlərin arasında yaşlı və səhhətində problem olan şəxslərə, körpəli analara və azyaşlı uşaqlara tez-tez rast gəlmək mümkündür. Belə bir məkanda insanların ən elementar ehtiyacı olan sanitar qovşaqların bağlanması isə ciddi sosial narazılıq doğurur.
Sakinlərin sözlərinə görə, təxminən 3-4 ay əvvəl vağzalın birinci mərtəbəsindəki ayaqyolu təmir adı ilə bağlanıb. Son dövrlərə qədər sərnişinlər ikinci mərtəbədəki ayaqyoludan istifadə edə bilirdilər. Lakin indi həmin məkan da bağlıdır.
Artıq 3-4 gündür ki, vağzalda fəaliyyət göstərən heç bir ayaqyolu yoxdur. Nəticədə gündə minlərlə vətəndaş çıxılmaz vəziyyətə düşür. Bu səbəbdən insanlar ya 500-600 metr uzaqda yerləşən ödənişli ayaqyoluna getməyə məcbur olurlar, ya da yaxınlıqdakı kafelərdə, obyektlərdə çıxış yolu axtarırlar. Halbuki həmin obyektlərin çoxunda da sanitar qovşaq yoxdur.
Şikayətçilər bildirirlər ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə sabiq sədr Cavid Qurbanov rəhbərlik etdiyi illərdə vağzalın hər iki mərtəbəsində 30 qəpik ödənişlə ayaqyolular fəaliyyət göstərib. O zaman həm təmizlik, həm də nizam-intizam yüksək səviyyədə olub.
Lakin yeni rəhbərlik dövründə ayaqyolular pulsuz elan edildikdən sonra nəzarət zəifləyib. Qısa müddətdə obyektlər baxımsız vəziyyətə düşüb və bərbad hala gəlib. Sərnişinlərin sözlərinə görə, indiki vəziyyət həm infrastruktur baxımından, həm də şəhərin imici üçün çox mənfi təsir yaradır.
Məsələ təkcə vətəndaşların məişət narahatlığı ilə məhdudlaşmır. Ayaqyolu problemi səbəbindən bəzi insanlar məcburiyyət qarşısında vağzalın yaxınlıqdakı sıxlıq yerlərindən istifadə edirlər. Bu isə ərazidə sanitar-epidemioloji vəziyyəti ağırlaşdırır.
Səhərlər vağzal ətrafında üfunət qoxusunun duyulması sakinlərin əhval-ruhiyyəsinə mənfi təsir göstərir. Halbuki, Bakı şəhəri günü-gündən abadlaşır və paytaxtın mərkəzi turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Bu mənzərə həm ölkəmizin vətəndaşlarına, həm də xarici qonaqlara yaxşı təəssürat yaratmır.
Narazı sərnişinlər bildirirlər ki, mövcud vəziyyət uzun müddət davam edə bilməz. Hər gün minlərlə insanın istifadə etdiyi strateji nəqliyyat mərkəzində belə bir problem həm sosial narazılıq yaradır, həm də ölkənin nüfuzuna zərbə vurur.
Onların sözlərinə görə, aidiyyəti qurumlar məsələyə dərhal müdaxilə etməli, təmir adı ilə bağlanan ayaqyolular tezliklə istifadəyə verilməlidir. Əks halda vəziyyətin daha da pisləşəcəyi və ictimai narazılığın artacağı qaçılmazdır.
Bakı Dəmir Yolu Vağzalı ölkənin siması, paytaxtın qonaq otaqlarından biridir. Burada ən sadə sanitar xidmətlərin belə təmin olunmaması isə həm vətəndaşlara, həm də turizm sektoruna zərər vurur.
Ümid edək ki, məsul qurumlar problemin həllini tez bir zamanda tapacaq və sərnişinlər çıxılmaz vəziyyətdən xilas olunacaq.
“Azərbaycan Reallığı”
шаблоны для dle 11.2