Sosial (Bu gün, 18:38)
ÖLKƏ MEDİASININ YARISI ƏHMƏDZADƏNİN HƏBSİ HAQDA YAZMADI... –Şok səbəblər
“Caspian Logistics Solutions” şirkətinin rəhbəri, SOCAR-ın keçmiş top-meneceri Adnan Əhmədzadənin həbsi bir sıra gizli məqamları ortaya çıxardı. Əlbəttə, biz onun həbsinin səbəbləri haqda mətbuatda səslənən çoxsaylı versiyları yenidən gündəmə gətirmək fikrindən uzağıq. Lakin görünən odur ki, A.Əhmədzadənin həbsi təkcə iqtisadi səbəblərlə əlaqədar deyil. Hətta belə də demək mükündür ki, ortada siyasi çalarların olduğu da istisna deyil.
Dəyərli oxucularımız haqlı olaraq düşünə bilər ki, Adnan Əhmədzadə ticarət adamıdır, onun siyasətlə nə işi ola bilər?! Lakin son günlər ortaya çıxan bəzi həqiqətlər onun heç də sadəcə iş adamı olduğunu deməyə əsas vermir...
Öncə ondan başlayaq ki, Adnan Əhmədzadə Azərbaycanda ən böyük media şəbəkəsinin – “Global Media Group”un qeyri-rəsmi sahibidir. Bu şəbəkəyə çox sayda nüfuzlu media subyektləri daxildir. Hətta 2018-ci ildən Türkiyədə fəaliyyət göstərən “Haber Global” telekanalı da “Global Media Group”a daxildir. Ümumilikdə isə, Azərbaycanın ən böyük informasiya agentliklərindən olan “Report” İA, 2018-ci ildən aparıcı xəbər kanalı kimi fəaliyyət göstərən “Baku TV”, 2004-cü il yanvarın 5-də fəaliyyətə başlayan “BAKU.WS” xəbər saytı, 2013-cü ildən fəaliyyət göstərən “Oxu.Az” xəbər saytı, 2018-ci ildə fəaliyyətə başlayan rusdilli “Media.az” saytı, iki dildə nəşr olunan (Azərbaycan türkcəsi və rusca) “Kaspi” qəzeti, bir neçə dildə işıq üzü görən “Caliber.az” saytı, eləcə də xaricdə və ölkə daxilində fəaliyyət göstərən çox sayda şirkət rəsmi olaraq “Global Media Group”a daxildir.
Amma məsələnin maraqlı tərəfi odur ki, neft satışı ilə məşğul olan Adnan Əhmədzadə “Global Media Group”un tərkibindəki media qurumları ilə yanaşı, kənardakı onlarla saytı da maliyyələşdirirmiş. Hansı ki, onun həbsindən sonra bu fakt tam çılpaqlığı ilə üzə çıxdı. Yəni, apardığımız araşdırma zamanı məlum oldu ki, “Global Media Group”a daxil olan media subyektləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən onlarla sayt Adnan Əhmədzadənin Bakıda həbs olunması haqda bir cümlə belə, yazmayıblar. Hətta onlar iş adamının həbsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən açıqlanan bir neçə cümləlik rəsmi informasiyanı da dərc etməyə ehtiyac görməyiblər. Təbii ki, bu da iş adamının təkcə iqtisadi maxinasiyalar səbəbindən həbs olunmadığını, ortada siyasi səbəblərin də olduğu ehtimalını irəli sürməyə imkan verir.
Bəs, “Global Media Group”dan kənarda A.Əhmədzadəyə xidmət edən saytlar hansılardır?
“Hürriyyət”in apardığı araşdırmaya əsasən deyə bilərik ki, “Global Media Group”a daxil olan “Haber Global” telekanalı, “Report” İA, “Baku TV”, “BAKU.WS”, “Oxu.Az”, “Media.az”, “Kaspi”, “Caliber.az” media subyektlərindən əlavə, “Yenisabah.az”, “Yenicag.az”, “Olke.az”, “Sfera.az”, “Demokrat.az”, “Qaynar.info”, “Valyuta.az”, “Azxeber.az” və s. saytlar da A.Əhmədzadənin həbsi haqda bir cümlə yazmayıblar. Ölkənin aparıcı informasiya agentliklərindən olan APA və “Bizim.media” saytı isə yalnız DTX-nın açıqladığı rəsmi məlumatı dərc etməklə öz işlərini bitmiş hesab ediblər.
Əlbəttə, nəzərə alsaq ki, “Adnan Əhmədzadə işi” təkcə Azərbaycanda deyil, bir sıra xarici media orqanlarında da gündəmin əsas mövzularındadır, deməli, nüfuzlu saytların bu haqda heç bir xəbər verməməsi səbəbsiz deyil. Buradan belə qənaətə gəlmək olar ki, onlar ya birbaşa A.Əhmədzadə tərəfindən maliyyələşdiriliblər, ya da bu haqda məlumat verməməklə bağlı eyni mənbədən tapşırıq alıblar. Deməli, Azərbaycanda hələ də Adnan Əhmədzadənin həbsinə dirəniş göstərən qüvvələr var və onlar ölkə mediasının önəmli hissəsini öz nəzarətləri altında saxlayırlar. Bütün bunlar isə A.Əhmədzadənin həbsinin təkcə iqtisadi səbəblərlə bağlı olmadığını deməyə əsas verir. Hər halda, bu, bizim gəldiyimiz qənaətdir. İnanırıq ki, aidiyyəti qurumlar, xüsusilə də Dövlət Təhlükəsizliyi Xidməti çox yaxında bu məsələyə aydınlıq gətirəcək.(“Hürriyyət”)
P.S. Yazıda adları qeyd olunan media orqanlarının hər birinin mövqeyini dərc etməyə hazırıq.
