Ötən son üç-dörd il ərzində Bakı şəhərinin Nəsimi rayonu ərazisində həyata keçirilən qanunsuz tikinti işləri ilə bağlı əksər kütləvi informasiya vasitələrində, eləcə də bəzi sosial şəbəkə istifadəçilərinin paylaşımlarında və s. silsilə tənqidi məqalələr yayımlansa da, nədənsə Nəsimi Rayon İcra H-akimiyyətinin başçısı Asif Əsgərov hələ də baş alıb gedən qanunsuzluqlara göz yumur, dolayısı yolla öz maraqlarına uyğun addımlarını atır. Qol qoyulan qanunsuzluqlarla bağlı yayımlanan məqalələrdə, paylaşımlarda qeyd olunur ki, Asif Əsgərov Nəsimi RİH-nə başçı təyin olunduqdan sonra, bu rayonun ərazilərində qanunsuz tikinti işləri daha geniş vüsət aldı və qiymətlər “kəllə-çarxa” qalxdı. Yəni, tikinti işləri ilə bağlı qiymətlər nə az, nə çox, düz iki dəfədən də çox qaldırıldı. Məsələn, media üzərindən apardığımız araşdırmalardan, yerli sakinlər arasında dolaşan söz-söhbətlərdən məlum olur ki, hal-hazırda Nəsimi rayonuna aid ərazilərdə hər tikiliyə aid qiymət həddi müəyyən olunub. Unutmaq olmaz ki, ötən il qardaş Türkiyə Respublikasının Kahramanmaraş, Malatya, Qaziantep, Adana, Antalya, Şanlıurfa və digər şəhərlərində baş verən dağıdıcı zəlzələnin yaratdığı fəsadlardan sonra, Asif Əsgərov əməlli-başlıca hərəkətə keçdi. Yəni, çox keçmədi ki, bu şəxs rəhbəri olduğu rayonun ərazisində inşaası həyata keçirilmiş, yaxud da inşaası həyata keçirilməkdə olan tikililərdə baş alıb gedən qanunsuzluqları ictimailəşdirən media qurumlarını susdurmağa çalışdı. Amma, necə ... ? Belə ki, RİH başçısının verdiyi tapşırıqlar əsasında bəzi jurnalistlərlə görüş təşkil olunur və həmin vaxt görüşdə iştirak edənlərə müəyyən məbləğdə “hədiyyə”lər də verilir. Yəni, bu cür addımın atılması düşünülmüş addım olur və Asif Əsgərov bu cür gedişi ilə, bir növ özünü sığortalamağa çalışır. Amma, bu şəxs nə qədər sağa-sola vurnuxsa da, hansı oyunu qurub hansı görüşü təşkil etsə də, son anda xeyiri olmayacaq. Çünki, ağı ağ görən, qaranı qara görən jurnalist, sosial şəbəkə istifadəçisi və s. Nəsimi RİH-nə başçının bədxah əməllərindən yazıb, bu gün də yazmaqda davam edir. Adicə bir faktı qeyd edək ki, hal-hazırda Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi-38 ünvanındakı yaşayış binasının zirzəmisi hansısa maraqlar əsasında qazılır və zirzəmidən qazılan torpaqlar yaşayış binasının qarşısına yığılır. Fəhlələr qazıntı zamanı müxtəlif elektrik aparatları ilə işləyərlər və belə bir səbəbdən də, ətraf ərazilərə hədsiz səsküy yayılır. Bununla da, buna sakinləri hər cür narahat olurlar. Zirzəmindən qazılan torpaqlar yaşayış binasının qarşısına atıldığından, bu həm nəqliyyat vasitələrinin, həm də bina sakinlərinin və digər şəxslərin hərəkətlərinə maneələr yaradır. Digər tərəfdən, yaşayış binasına məxsus həyətə toz-torpaq yayılır. Bütün bunlar qalsın bir yana, yaşayış binasına məxsus zirzəminin qazılması binanın özü üçün də təhlükələr yaradır.
Bir faktı da qeyd edək ki, Nəsimi rayonu ərazisindəki qanunsuz tikinti işlərinə göz yuman, əksər qanunsuzluqların örtbasdır olunmasına çalışan, lazım gəldikdə şərait yaradan dövlət qurumlarından biri də, Fövqəladə Hallar Nazirliyinin Regional şöbəsinin əməkdaşlarıdırlar. Çünki, əksər vaxtlarda Regional şöbənin əməkdaşları onlara həvalə olunan vəzifə öhdəliklərini hansısa maraqları çərçivəsində yerinə yetirmirlər. Belə bir səbəbdən də, bəzi işbazların Nəsimi RİH-nin başçısı Asif Əsgərovla düzüb-qoşduqları işbirliyi öz həllini tapır. Belə olan halda ortaya maraqlı və düşündürücü suallar çıxır ki, cənab Kəmaləddin Heydərovun rəhbərlik etdiyi və dövlət büdcəsindən maliyyələşən bu nazirliyin fəaliyyətinə nə ad vermək olar? Görəsən ötən il qardaş Türkiyə Respublikasında baş verən dağıdıcı zəlzələ və bu zəlzələnin yaratdığı fəsadlar Nəsimi RİH-nin başçısına, bu qurumda çalışan vəzifə sahiblərinə, ələlxüsus Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ibrət dərsi olmadımı? Yoxsa, həmin şəxslər maddi maraqlarının təmin olunmasını sakinlərin taleyindən üstün tuturlar? Bəli, onlar maddi maraqlarının təmin olunmasını üstün tuturlar ki, belə bir əməllərə də qol qoyurlar. Bu yöndə baş verən qanunsuzluqları təhlil edib o qənaətə gəlmək olar ki, Nəsimi rayonu ərazisində inşaası həyata keçirilən qanunsuz tikinti işlərinin, baş verən hər cür hoqqaların və s. araxasında, məhz bu rayona rəhbərlik edən şəxs(lər)in, Bakı ŞİH-də, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində vəzifə sahibi olanların, həmçinin Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının kəsişən maraqları əsas rol oynayır. Deməli, adı çəkilən bu dövlət qurumlarında çalışanları, eyni zamanda səlahiyyət sahibi olan şəxsləri bu gün xalqın-dövlətin marağı deyil, daha çox şəxsi maraqları düşündürür. Ona görə də həmin şəxslər, bu gün də belə bir addımlarını atırlar. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.