Sosial / Karusel (20-01-2015, 12:09)
Müəllimlərin maaşlarının artırılması ixtisarların müjdəçisi ola bilər
Ekspertlərin hesablamalarına görə, artım iki dəfə yox, cəmi 33 faizdir, həmçinin dərs yükünün 18 saata çatdırılması mümkün deyil...
Ölkədə attestasiyadan keçən müəllimlərin maaşlarının artırılmasından danışan ekspertlər bildirirlər ki, proses natamam olmaqla bərabər, yaxınlaşan ixtisarların da müjdəçisi hesab edilə bilər. Yəni müəllim ordusunun bir hissəsinin maşını artırmaqla hökumət gələcəkdə ixtisarlar üçün zəmin hazırlayır.
İqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, hazırkı müəllim sıxlığı şəraitində dərs yükünün 18 saata çatdırılması çox çətin görünür: “Xüsusilə də müəllimlərin sıx olduğu şəhər yerlərində pedaqoji heyətin bir hissəsini ixtisar etmədən dərs yükünün 50 faiz artırılması mümkün görünmür. Əks halda, müəllimlərin ən azı 65-70 faizinin tam stavka ilə (18 saat) işləməsi mümkün olmayacaq. Tam stavka ilə işləməyən müəllim isə bu artımdan tam bəhrələnə bilməyəcək.
Çünki əgər ixtiyari müəllim 18 saat əvəzinə yenə də 12 saat stavka ilə işləməlidirsə, onun faktiki aldığı maaş indikindən kəskin fərqlənməyəcək. Hazırda Bakı, Gəncə, Naftalan, Mingəçevir kimi iri şəhərlərdə hər 5-6 şagirdə 1 müəllim düşür. Rayon mərkəzlərində bu göstərici 7-8, kəndlərdə isə 9-dan yüksəkdir. Hesablamalar göstərir ki, indiki müəllim heyətinin ən azından 25-30 faizi ixtisar edilmədən dərs yükünün artırılması çətindir”.
Ekspert həmçinin bildirib ki, sərəncamda maaş artımı 2 dəfə göstərilsə də, hər saat üçün real artım 30 faizdən də az olacaq: “Belə ki, qüvvədə olan qanunvericiliyə görə, hazırda ilk dəfə işə başlayan ali təhsilli müəllimin tam stavka (12 saat) maaşı (10-cu dərəcə) 155 manatdır. Yəni hər saat üçün 12.9 manat. Əgər məsələn, hazırkı 12 stavka çərçivəsində maaşları 2 dəfə çoxaldıb 310 manata çatdırsalar, bu zaman paralel olaraq dərs yükü də 50 faiz artırılaraq 18 saata çatdırıldığı halda, tam stavka çərçivəsində 1 saatın dəyəri olacaq 17,2 manat olacaq. Yəni bu halda bir saatın zəhmət haqqında 3,7 manat və ya 33 faiz artım olacaq. Amma burada başqa variant da mümkündür: Maaşlar 12 saatlıq stavka çərçivəsində 2 dəfə artırılaraq hər saat üçün zəhmət haqqı 25,8 manata çatdırılır və sonra dərs yükü 18 saata yüksəldilir.
Bu halda ilk dəfə işə başlayan ali təhsilli müəllim (10-cu dərəcəli) 465 manat, ən yüksək stajlı müəllim (15-ci dərəcə) 620 manat maaş almalıdır”.
Həmçinin vurğulanır ki, maaş artımının xeyli hissəsi verginin “qurbanı olacaq”: “Vergi Məcəlləsinə görə, hazırda 250 manatadək maaşlardan yaşayış minimumunun əmək qabiliyyətli əhali üçün təsdiqlənmiş məbləğinin 1 misli çıxılır və yerdə qalan məbləğdən 14 faiz vergi tutulur. Yanvarın 1-dən əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun məbləğinin yanvarın 1-dən 140 manat təsdiqləndiyini nəzərə alsaq, deməli, ən aşağı stavka üzrə müəllim maaşından cəmi 2 manat gəlir vergisi tutulur (14%). Amma 2 dəfə artımdan sonra 310 manatlıq maaşın 43 manatı vergiyə gedəcək. Nəticədə hər saat üçün faktiki maaş artımı cəmi 2 manat olacaq - indi vergi çıxılandan sonra 12,7 manat təşkil edirsə, 310 manata çatdırılacağı halda 14,8 manat təşkil edəcək”.
Ekspert Natiq Cəfərli isə Azərbaycan müəllimlərinin əmək haqqını qardaş Türkiyə ilə müqayisə edib: “2015-ci ildə Türkiyədə müəllim maaşları təcrübəsiz, ilk dəfə müəllimliyə başlayanlar üçün, yəni ən aşağı maaş 2220 lirə, ən yüksək 2579 lirədir. Ölkədə 873 min məktəb müəllimi var, bunlardan 45 faizə yaxını kişi müəllimlərdir. Müəllim olmaq üçün ali məktəblərə keçid balı hüquqşünas və iqtisadçı fakültələri ilə az qala eynidir.
Bizdə son 20 ildə hər qəbulda aşağı salınan keçid balı məhz müəllimlikdədir. Artıq 150 bala qədər enib və çıxılmaz bir dairə yaranıb: ən aşağı bal toplayan zəif şagirdlər müəllim olur, onlar da sonra məktəblərə dönüb daha da zəif şagird hazırlayırlar- beləliklə də təhsilin səviyyəsi hər il aşağı enir. Məktəblərə səviyyəli müəllimlər az gəlir, getdikcə də azalır, APU-nun diplomu qızlar üçün cehizliyin bir parçası olaraq qalır. Problemlərin kökü budur: Nəticə - son 10 ildə 2900 məktəb tikilib, təmir edilib, infrastruktur yenilənib, amma keyfiyyət, keçid balı daha da düşüb".
Qeyd edək ki, müqayisə etdikdə, dünyada orta məktəb müəllimlərinin dərs yükü, eyni zamanda maaşları bizdən xeyli yüksəkdir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2014-cü il üzrə təhsil hesabatına görə, orta məktəb müəllimlərinin dərs yükü Estoniya, Avstriya və Belçikada 18 saat, Kanadada və Almaniyada 21 saat təşkil edir. Azərbaycanda 1 müəllimə orta hesabla 7,5 şagird düşür. Estoniyada 10, Avstriyada 9, Belçikada 8,5, Kanada və Fransada 15, Almaniyada 14 şagird düşür. Hər sinfə düşən şagirdlərin sayı - Azərbaycanda qanunvericiliyə görə, bir sinif 20 şagirddən təşkil olunmalıdır. Amma faktiki göstərici 16,5-dir. Belə ki, ümumtəhsil məktəbləri üzrə 76 min sinif komlekti, 1,250 milyon şagird var.
Hər sinfə düşən şagird sayı Estoniyada 12,5, Avstriyada 14, Belçikada 12, Kanadada 20 və Fransada 25, Almaniyada 16,5 nəfərdir. Orta məktəb müəllimlərinin əməyinin ödənilməsi ilə bağlı xərclərə gəldikdə, hər şagird hesabı ilə müəllimlərə ayrılan illik məvacib xərcləri Azərbaycanda 700 dollar təşkil edir. OECD ölkələri üzrə həmin göstərici 3000-6000 dollar intervalında dəyişilir.
Həmçinin bildirilir ki, hökumət posneft dövrünə- gəlirlərin azalması dövrünə hazırlaşır. Hökumət indidən müəllimlərin sayının azaldılması üçün baza hazırlayır. Yəni indi stavka artırılır, uzunmüddətli dövrdə neft gəlirləri azalmaqda davam etsə, kəmərləri sıxmaq prosesi uzansa, onda ixtisarlar başlayacaq.
Yeri gəlmişkən, maaşların artırılması prosesi hələlik qeyri-müəyyən vaxtadək yalnız Bakı şəhərini əhatə edəcək. Artıq yanvar ayında Bakı müəllimləri yeni sistemlə maaş alacaq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024