Sosial (Bu gün, 12:29)
47 günlük icra başçısının sirri: Nəsimini soyurmuş - Sözün əsl mənasında...
Elxan İbrahimovun Bakının əsas rayonlarından birinə icra başçısı təyin edildikdən 47 gün sonra işdən çıxarılması ətrafında ən müxtəlif iddialar yayılıb. Belə ki, Elxan İbrahimovun özəl şirkətlərdən qeyri-qanuni pul yığdığına görə vəzifəsindən azad edildiyi bildirilir. Bu barədə “Unikal” saytı məlumat yayıb. Onun Nəsimi rayonunda yerləşən iri şirkətlərdən 100-200 min manat pul yığdığı məlum olub. Elxan İbrahimov isə açıqlamasında bildirib ki, hazırda ətraflı danışa bilmir: “Bu məsələyə münasibət bildirmək istəmirəm. Uyğun vaxt olanda danışarıq”, - deyə sabiq icra başçısı əlavə edib. Qeyd edək ki, bir neçə gün əvvəl E.İbrahimovun yeni təyin etdiyi köməkçisi Ceyhun İsmayılov da elə məhz bu məsələyə görə işdən çıxarılıb.
Məlumdur ki, Elxan İbrahimov Nəsimiyə təyin olunmazdan əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Bu məqam onun Ramiz Mehdiyev dönəmində formalaşmış kadrlar sırasında yer aldığını deməyə əsas verir. İndi isə görünür, həmin keçmiş bağlantılar artıq onun üçün üstünlük deyil, əksinə, ciddi risk faktoruna çevrilib.
Yada salaq ki, Elxan İbrahimov və digərləri icra başçısı təyin olunan zaman Prezident onları qəbul etmişdi. İlham Əliyev həmin görüşdəki çıxışında məmurlara xəbərdarlıq da etmişdi: “Əlbəttə ki, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsus ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbür göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, öz nüfuzlarını da itirirlər, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir”. Bu səbəbdən ola bilsin, Elxan İbrahimovun barəsində verilmiş qərar son deyil və onun işdə yol verdiyi qanunsuzluqlara görə cavab verəcəyi də istisna deyil.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Elxan İbrahimov başçı təyin olunandan 47 gün sonra işdən azad olunması artıq göstəricidir: “Bu məqam bir məmurun necə işlədiyini açıq göstərir. Elxan İbrahimovun Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən cəmi 47 gün sonra azad edilməsi köhnə korrupsiya mexanizminə bulaşması ehtimalını yaradır. Prezident məmurlara xəbərdarlıq etmişdi. Demişdi ki, onların üzərində böyük məsuliyyət var. Və nəticə...”
Natiq Ələsgərov deyib ki, məmurlar anlamalıdırlar ki, artıq Mehdiyev üsul-idarəsi yoxdur və yeni dövrün tələblərinə uyğun işləməlidirlər: “Belə deyək ki, normal idarəetmə praktikasında icra başçısı ən azı 6 ay işləyəndən sonra digər bir işə keçirilir. Ən azı 1 il ərzində fəaliyyəti qiymətləndirilir, yalnız ciddi fövqəladə hal olduqda qısa müddətdə vəzifədən çıxarılır. 47 gün isə fövqəladə haldan da artıqdır. Bu, artıq siqnaldır. Mediada yayılan və bir-birini təsdiqləyən iddialara görə, Elxan İbrahimov Nəsimi rayonunda fəaliyyət göstərən iri şirkətlərdən 100-200 min manat arası qeyri-qanuni ödənişlər tələb edib. Bu, təsadüfi məbləğ deyil. Bu, "tarif"dir. Tarif isə o deməkdir ki, mexanizm əvvəlcədən mövcud olub, model sınaqdan çıxarılıb, sadəcə, icraçı dəyişib. Burada sual yaranır: Elxan İbrahimov bu modeli özü icad edib, yoxsa köhnə sxemi olduğu kimi tətbiq etməyə çalışıb? Nəsimi Bakının mərkəzi rayonudur və korrupsiya üçün “şirəli” rayon hesab olunur. İcra başçısı pul yığmaq istəyirsə, Nəsimi ideal məkandır. Bakının mərkəzi Nəsimidə böyük bizneslər, ofislər, klinikalar, tikinti layihələri, reklam, icarə və s, bir sözlə, obyekt bolluğu var. Belə rayonlarda pul büdcədən yox, biznesdən çıxarılır. Və bu pullar sənədləşmir, iz buraxmır".
Natiq Ələsgərov deyib ki, başçının işdən çıxarılması xəbərində köməkçinin də dərhal uzaqlaşdırılması faktı diqqət çəkir: “Elxan İbrahimovun təyin etdiyi köməkçi Ceyhun İsmayılovun eyni səbəbdən işdən çıxarılması məsələnin mahiyyətini üzə çıxaran detaldır. Bu o deməkdir ki, pul yığımı barədə konkret məlumat var, prosesdə adlar çəkilib. Əks halda, köməkçi işdən çıxarılmazdı. Köməkçi adətən tapşırıq yerinə yetirir, əlaqə saxlayır, razılaşmaları icra edir. Deməli, icra başçısı faktiki olaraq konkret işlə bağlı vəzifədən uzaqlaşdırılıb. Həmin işin icraçı da köməkçisi olub. Elxan İbrahimovun "uyğun vaxt olanda danışarıq" deməsi, hüquqi baxımdan çox ağır cümlədir. Bu, nə təkzibdir, nə də müdafiə. Bu, gözləmə mövqeyidir. Bu mövqedə olan məmurlar adətən istintaq materialları ilə tanış olur, hansı maddənin tətbiq ediləcəyini gözləyir, siyasi qərarın hüquqi qərarı üstələyib-üstələməyəcəyini ölçür. Elxan İbrahimovun Kürdəmir Rayon İcra Hakimiyyətində çalışması, onun Ramiz Mehdiyev dövrünün kadrı sayılması bugünkü reallıqda bir çox məsələləri aydınlaşdırır. Köhnə üsulla işləyənlər ya yeni reallıqlara uyğunlaşmalıdır, ya da kənara çəkilməlidir".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
31 12 2025
31 12 2025
31 12 2025
31 12 2025
31 12 2025
31 12 2025
31 12 2025
31 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025























