Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (10-09-2022, 12:29)
Əlyazmalar arasında keçən ömür

 Tanınmış şərqşünas alim Əkrəm Bağırovun 70 yaşı tamam oldu
Elmin ağır, məşəqqətli, iztirablı  yolunu  həyatın amalına çevirmək dünyanın zövq və ləzzətlərindən imtina edərək yalnız mənəvi aləmin sevinc və fərəhinə qane olmaq, öz əməyinin nəticəsindən doğan qürur hissi ilə duyğulanmaqdan başqa bir şey deyil.  Elm öz həyatını şam kimi əridərək millətin, xalqın yolunu işıqlandırmaq, onun sabahlara uzanan yolunda mayak olmaq, özündən sonrakı nəsillərin arzu və ideallarının gerçəkləşməsi üçün zəmin, özül yaratmaq deməkdir. Orda birdən-birə heç nə əldə etmək mümkün deyil, illərin, qərinələrin fasiləsiz əməyi, yuxusuz gecələrin əziyyəti bir gün sənə illərlə gözlədiyin mükafatı-insanların sevgisini, məhəbbətini qaytaranda həyatının dəyərsiz olmadığını dərk edirsən, başa düşürsən ki, mənasız yaşamamısan, əməyin hədər getməyib, sənin yaratdıqların dünyamızı zənginləşməsinə xidmət edib, kiminsə içindəki mənəvi boşluğu doldurmusan, cəmiyyətin çiynindəki ağır yükü yüngülləşdirmisən. Və ərsəyə gətirdiyin kitablar indi təkcə sənin deyil, sənin təmsil etdiyin xalqın, millətin dəyərləridir.
O, indi həmin kitabları vərəqləyə-vərəqləyə ömrün zirvəsində dayanıb keçdiyi yollara baxır,  yaddaşındakı dünyanı sərf-nəzər edir, xatirələrinini doğma-yad deyə seçib seçmələyirdi. Zaman nə qədər sürətlə irəliləsə də, illər onu keçmişindən nə qədər uzaqlaşdırsa da, xatirələrinin düzənini poza bilməmiş, yaddaşındakı səliqə-sahmanı dağıtmamışdı. Hətta həmin günlərin hərarət və soyuqluğunu, həzz və iztirabını, yorğunuluğunu belə hiss edirdi... İnstitut illəri, Əfqanıstan müharibəsi, İranda tərcüməçilik, Əlyazmalar İnstitutu, illərlə yuxusuz gecələri hesabına başa gələn kitablar, elmi ezamiyyətlər və s. və i.a...
"Mediatv.az" xəbər verir ki, Söhbət İstedadlı tərcüməçi, tanınmış şərqşünas-əlyazmaşünas alim, şair, müharibə veteranı  Əkrəm Bağırovdan gedir. Bu günlərdə Əkrəm Daxil oğlu Bağırov 70 yaşına qədəm qoymuşdur. O, 1952-ci ilin 7 sentyabrında Bakı şəhərinin Balaxanı qəsəbəsində dünyaya göz açıb. 1958-ci ildə 99 saylı orta məktəbə gedib və 1969-cu ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir.
1970-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olan Ə.Bağırov 1976-cı ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib. 1976-cı ilin iyul ayında hərbi xidmətə çağırılıb və 1977-ci ilin fevral ayında Əfqanıstana ezam olunub.  1979-cu ildə oradan qayıdan Əkrəm Bağırov 1979-cu ilin avqust ayında Azərbaycan Elmlər Akademiyası Əlyazmalar Fondunda (1986-cı ildən Əlyazmalar İnstitutu) baş laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1980-1984-cü illərdə Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında (qiyabi) oxuyub. Aspiranturanı bitirərək 1985-ci ilin oktyabr ayında “Rəhməti Təbrizi və onun Divanının filoloji tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
Ümumiyyətlə, iki dəfə Əfqanıstanda (1973-1974, 1977- 1979) və iki dəfə İran İslam Respublikasında (1995-1996, 1998-2002) rus-fars dilləri üzrə tərcüməçi işləyib.
Ə.Bağırov şərqşünas, Orta əsr Şərq əlyazmaları üzrə respublikada sayılıb seçilən mütəxəssislərdəndir. O, bu gün də AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun “Əlyazmaların və əski çap kitablarının tərcüməsi” şöbəsinin müdiri türk və farsdilli orta əsr Azərbaycan poeziyası, o cümlədən Şərq ədəbi təzkirələrinin tədqiqatçısıdır. Bir çox yazlı abidələr onun iştirakı və müəllifliyi ilə tərcümə və tərtib olunmuş, nəşrə hazırlanmış, işıq üzü görmüşdür.
Ziyaəddin Nəxşəbinin məşhur Şərq ədəbi nəsr abidəsi “Tutinamə”, Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab”, Məhəmmədağa Müctəhidzadənin “Riyazül-aşiqin”, Mirzə Yusif Qarabağinin “Məcmueyi-Vaqif və müasirini-digər”, Sadiq bəy Əfşarın “Məcməül-xəvas”, müəllifi hələ də məlum olmayan “Anonim Osmanlı təzkirəsi” adlanan təzkirələri, M.S.Ordubadinin Sovet dövründə nəşrinə icazə verilməyən, XX əsrin əvvəllərində baş vermiş erməni-müsəlman müharibələrinə həsr olunmuş “Qanlı illər” əsəri, məşhur Azərbaycan messenatı Hacı Zeynalabdin Tağıyevin həyatı və bioqrafiyası haqqında olan qiymətli materialları əhatə edən eyni adlı dəyərli kitabı bu qəbildəndir. Bütün bunlardan əlavə rus dilində nəşr etdirdiyi bir monoqrafiya və 70-dən çox elmi-kütləvi məqalənın müəllifidir
... Bu onun qısa tərcümeyi-halıdır. Lakin hərəsi bir cümlədən ibarət olan bu  informasiyaların hər birinin arxasından az qala bütöv bir insan ömrü boylanır desək, səhv etmərik. Əkrəm Bağırov bu gün 70 illiyini qeyd etdiyi bu ömürdə bir neçə ömrə bəs edəcək bir tarix yaşayıb. Təbii ki, o bu tarixi, yuxarıda qeyd etdiyimiz kimi, zəhmətkeşliyi, yorulmaq bilmədən çalışması hesabına yaza bilib. Alimin ilk gəncliyindən belə bir xarakterə malik olduğunu müşahidə edən dostu, akademik Möhsün Nağısoylu çox doğru olaraq onun 60 illik yubileyində yazmışdı: “Filologiya üzrə fəlsəfə doktoru, xalqımızın mənəvi sərvət  xəzinəsi sayılan Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi Əkrəm Bağırovun bir tədqiqatçı alim kimi başlıca xüsusiyyəti onun hədsiz zəhmətkeşliyi və əziyyətə qatlaşmaq bacarığıdır. Həyatda da belədir, yaşamaq, dolanmaq üçün Əkrəm heç vaxt özünü, necə deyərlər, oda-közə atmaqdan çəkinmir. Kənardan baxdıqda, o, gah əliqabarlı əsl zəhmət adamını, gah da alın tərini silmək fürsəti belə olmayan, yorulmaq bilmədən çalışan tədqiqatçı alim təsirini bağışlayır”.
Əkrəm Bağırovu eyni vaxtda bir neçə prizmadan xarakterizə etmək olar: o, istedadlı şair, bacarıqlı tərcüməçi, səliqəli təzkirəşünas, ədəbiyyatşünas alim, tədqiqatçı və s.
Bir vaxt Albert Eynşteyn deyirdi: “Elmi təfəkkürdə həmişə poeziya elementi olur”. Bu mənada Əkrəmdə alimliklə şairliyin birləşməsi təbii sayılmalıdır. Onun tərcümələrinin yüksək bədii məziyyətləri onun  şair təbiindən doğur. Məlum olduğu kimi, Şərqin incilərindən sayılan Nəxşəbinin “Tutinamə” əsəri nəsrlə poeziyanın üzvi vəhdətindən yaranıb, belə əsərlərin tərcüməsi tərcüməçidən xüsusi istedad tələb edir. Ə.Bağırov həmin əsəri elə ustalıqla tərcümə etmişdir ki, oxucu onun çevirmə olduğuna inana bilmir.  
           Fransua de Laroşfukonun bir rinsipi vardı: Hər bir insanın dəyəri, sahib olduğu istedada görə deyil, ondan necə istifadə etdiyinə əsasən müəyyən edilməlidir. Bu düstur Əkrəm Bağırovun elmi və tərcüməçilik fəaliyyətinin kredosu olub. O, heç vaxt ürəyinə yatmayan mövzunu tədqiq etməyib, ruhunu oynatmayan əsəri tərcümə eləməyib, tənqid əvəzinə tərif yazmayıb. 1990-cı illərin əvvəllərində Əkrəm Bağırov M.S.Ordubadinin uzun illər yasaq edilmiş “Qanlı sənələr” əsərinə müraciət etdi. Erməni millətçilərinin Azərbaycan xalqının başına gətirdiyi fəlakətlərdən bəhs edən bu əsər zaman-zaman məxfi qrifi altında saxlanılmış, xalqdan gizlədilmişdi. Ə.Bağırov həmin əsəri transfonoliterasiya edib geniş ictimaiyyətə təqdim etməklə xalqımızın qan yaddaşının bərpa edilməsində müstəsna rol oynadı.
Ümumiyyətlə, Ə.Bağırov unudulmuş mənəvi xəzinələrmizin tədqiqində və nəşrində əvəzsiz xidməti olan nadir əlyazmaşünas alim kimi tanınır. O, Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab”, Məhəmmədağa Müctəhidzadənin “Riyazül-aşiqin”, Mirzə Yusif Qarabağinin “Məcmueyi-Vaqif və müasirini-digər”, Sadiq bəy Əfşarın “Məcməül-xəvas” və s. kimi əsərləri ilk dəfə çapa hazırlamış və onların hər biri haqqında elmi məcmuələrdə geniş məqalələrlə çıxış etmişdir. Əkrəm Bağırovun alim dəqiqliyi, həssaslığı tarixi mənbələrin xətasız və səhvsiz oxuculara təqdim olunmasına şərait yaratmışdır. Akademik M.Nağısoylu yazır ki, Əkrəm Bağırov XVI-XVII əsrlərin görkəmli Azərbaycan şairi-ədəbiyyatşünası və rəssamı Sadiq bəy Əfşarın “Məcməül-xəvas” (“Seçilmişlərin məclisi”) adlı olduqca dəyərli əsərini nəşrə hazırlarkən şəxsən özü Təbrizə getmiş və oradakı Milli Kitabxanada saxlanılan əlyazmanın dəqiq surətini əldə edərək sözügedən kitabı ərsəyə gətirmişdir. Buna görə də ədəbiyyatşünaslarımız, tarixçilərimiz böyük etimadla Ə.Bağırovun hazırladığı nəşrlərə istinad edirlər.
Onun səsi gah İrandan, gah Rusiyadan, Bosniyadan, Çexiyadan, Əfqanıstandan gəlir. Hara gedirsə özüylə çoxlu sayda kitablar, əlyazma surətləri, mikrofilmlər  gətirir, onlar haqqında vaxtlı-vaxtında ictimaiyyətə məlumat verir. Üstəlik, Ə.Bağırov həmin olkələrdə Azərbaycanı təbliğ edir, mənəvi xəzinəmizin dünyaya tanıtmaq istiqamədində də ardıcıl fəaliyyət göstərir. Onun beynəlxalq konfranslarda, simpoziumlarda  Azərbaycan ədəbiyyatının və mədəniyyətinin müxtəlif məsələlərinə həsr edilmiş çıxışları milli-mənəvi dəyərlərimizin dünyada tanıdılmasında xüsusi əhəmiyyət kəsb etmişdir.  
Baltazar Qrasian deyirdi: “Səy və istedad. Əgər heç biri yoxdursa, əzəmət də yoxdur. Birləşdikdə valehedici olurlar. Səy göstərən adi adam, səy göstərməyən istedadlı admadan daha çox şeyə nail olur. Şöhrət ciddi əmək hesabına qazanılır. Asanlıqla başa gələn şey yüksək qiymətləndirilə bilməz”.
Mənə elə gəlir ki, bu sözlər daha çox əlyazmaşünas və mətnşünas alimlərə aiddir, çünki onlar söz və cümlə ilə işləmir, hərflə, durğu işarələri ilə işləyirlər. Hansısa hərfin düzgün oxunmaması bəzən çox ciddi fəsadlara səbəb olur, ona görə burada zərgər incəliyi tələb olunur.  Əlyazmaşünas alim təxminən qırx ildir ki, bu işi dəqiqliklə görür.  Onun elmi tərcümeyi-halında yüzdən artq elmi əsərin, bədii  tərcümənin, transliterasiyanın, bədii nümunənin adı vardır. . Bütün bunlardan əlavə, bir monoqrafiyası və 70-dən çox elmi-kütləvi məqaləsi rus dilində çap olunmuşdur.
Son dövrlərdə Nadir şah Əfşar, Kərim xan Zend, Nizami Gəncəvi haqqında maraqlı və ciddi əsərlərə imza atmışdır.
Bir sözlə, Əkrəm Bağırov millətin mənəvi yaddaşına mükəmməl əsərlərlə daxil olub. Alim bu gün də yorulmaq bilmədən çalışır, yazıb yaradır. Onu 70 yaşının tamam olması münasibətlə təbrik edir, ona uzun ömür, cansağlığı və yaradıvclıq uğurları arzu edirik.
              İbrahim Quliyev
AMEA M.Füzuli adına Əlyazmalar İnstitunun aparıcı elmi işçisi,
Dosent.шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024