Siyasət / Slayd (27-09-2014, 22:17)
Ramiz Zeynalovun o adlı qardaşı oğlu yoxdur”- Kamran Əliyev
Baş Dövlət Yol Polisi İdarəsi Bakıda evakuatorlarla cərimə meydançalarına aparılan avtomobillərə sürücülər tərəfindən ödənən cərimələrin dövlət hesabına yox, şəxsi hesablara axması barədə gedən yazılara münasibət bildirib.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Mediatv.az”a açıqlamasında məsələyə aydınlıq gətirib:
“Bakıda evakuatorlar tərəfindən cərimə meydançalarına aparılan avtomobillərə sürücülər tərəfindən ödənən cərimələr dövlət hesabına yox, şəxsi hesablara getməsi kimi söylənilənlər tamamilə yalandır. DYP “Siqnal” İstehsal Layihə İdarəsi tərəfindən təxliyə həyata keçirir. Yəni, zəruriyyət yarananda digər özəl evakuator şirkətlərinin xidmətlərindən istifadə olunur. “Siqnal” İstehsal Layihə İdarəsi həmin şirkətlərlə müqavilə bağlayır. Bu siyahıya bir neçə özəl şirkət daxil edilib. Ödənən cərimələr isə ayrıdır. Avtomobillərin cərimələri dövlət büdcəsinə əlavə edilir. Tarif Şurasının tətbiq etdiyi 20 manat cərimə özəl şirkətin hesabına keçir. Bunun səbəbi isə bayaq qeyd etdiyim kimi, zəruriyyətdən cəlb olunan özəl evakuasiya şirkətininin daşınma haqqıdır. Dünya praktikasında da bundan istifadə edirlər. Özəl şirkətin axı işçisi var, həmçinin yanacaq filan kimi xərcləri var. Bunun müqabilində vətəndaşa qəbz verilir”.
Kamran Əliyev sözügedən xəbərdə həmin şirkətin Dövlət Yol Polisi İdarəsinin rəisinin qardaşı oğluna məxsus olması barədə olan iddiaya da münasibət bildirib:
“Özəl şirkətin Ramiz Zeynalovun qardaşı oğlu Aqil Zeynalova məxsus olduğu yazılır. Bu da yalandır. Ramiz Zeynalovun o adlı qardaşı oğlu yoxdur”.
Qeyd edək ki, məlum yazı şikayət formasında “Bizim Yol” qəzetinin redaksiyasına göndərilmiş və yayılmışdı.