Sosial / Slayd (25-06-2014, 14:16)
Ziya Məmmədovun başı növbəti dəfə bəlada
KTB MMC-nin rəhbəri Xəlil Göyüşovun oğlu nazirin ad günündə ona hədiyyə etdiyi 150 min manatlıq maşınla "avtoşluq" edərkən yaxalandı
Nəqiyyat naziri Ziya Məmmədovun başı qalmaqaldan ayılmır. Oğlu Anar Məmmədovla başlayan problemlərin aradan qaldırılması üçün min bir əziyyətə qatlaşan nazir, üstündən bir müddət keçdikdən sonra qardaşı oğlu Aynar Məmmədovla gündəmə gəldi. Əvvəlcə Bakı küçətərində yüksək sürətlə maşın qovaraq, "avtoşluq" etməsinə dair videogörüntülərin üzə çıxmasının ardından Aynarın adı jurnalist Fərahim İlqaroğlunun döyülməsi məsələsinə qarışdı.
Qaynar.info-ya daxil olan məlumata görə, bu sıxıntıları aradan qaldırmaqda olan və son günlər "cəbhədə" "nisbi sakitliyə" nail olan Ziya Məmmədovun başı daha bir bəlaya girmək üzrədir. Bu dəfə isə ona problemi şəriklərindən biri hesab edilən "Körpü Bina Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşovun oğludur. Bununla bağlı gələn məlumatlarda deyilir ki, Göyüşovun oğlu faktiki olaraq hərbi xidmətdə olduğu halda, aylıq verməklə əsgəri xidmətini evdə keçirir.
Belə ki, Ramiz Göyüşov atasının geniş maliyyə imkanları və atasının şəriki olan Ziya Məmmədovun nüfuzundan istifadə edərək Bakıda bütün oyunlardan çıxmaqdadır. İyulun 1-də hərbi xidməti başa vurmalı olan oğul Göyüşovun mütəmadi olaraq paytaxt küçələrində "avtoşluq" etdiyi isə kimsədən sirr deyil. Elə buna görədir ki, sözügedən şəxs iyunun 7-də (hərbi xidməti başa vurmasına 24 gün qalmış) Bakıdakı "Eleven" gecə klubundan içkili vəziyyətdə çıxaraq, "avtoşluq" etməyə başlayıb. Amma Göyüşovun idarə etdiyi 10 ZZ-040 dövlət nömrə nişanlı avtomobili Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb. DYP əməkdaşları ilə kobud rəftar edərək, onlarla dalaşan KTB MMC-nin rəhbərinin oğluna protokol tərtib olunduqdan sonra, avtomobili Badamdardakl cərimə meydançasına aparılıb.Ancaq bu hərəkətin ilk olmadığı, bundan əvvəl də belə halların təkrarlandığına dair bilgilər var.
Məlumatda qeyd olunur ki, Ramiz Göyüşovun mütəmadi şəkildə qaydaları pozub və digər bu kimi işlərlər məşğul olur:
"İndi isə keçək Ramiz Göyüşovun atası, Xəlil Göyüşova. Qeyd edək ki, "Körpü Bina Tikinti" MMC-nin rəhbərinin nəqliyyat naziri Ziya Məmmədovla çoxdan münasibətləri var. Elə MMC-nin yaradılması və idarə edilməsinin də nəqliyyat nazirinin tövsiyyəsi və xeyir-duası ilə ərsəyə gəldiyi bildirilir. KTB MMC-nin yaradılmasından sonra onu gücləndirmək də nazirin imkanları sayəsində mümkün olub. Məsələn, Bakıda bir neçə körpünün inşa edilməsi tenderi KTV MMC-yə verilib. Bunların hər birinin dəyəri isə yüz milyonlarla manat hesab edilir.
Eyni zamanda, 2001-cin ildə yaranmış bu şirkətin tabeçiliyində Asfalt Zavodu, Balka sexi, Beton zavod, Çınqıl karxanası, Beton Boru zavodu, Körpü istehsalat zavodu və Beton qovşaqları adlı istehsalat müəssisələri fəaliyyət göstərir. Bütün bunların yaradılmasının səbəbi heç də Xəlil Göyüşovun uğuru deyil, həm də nazir tərəfindən ona yaradılmış imkan və bunun müqabilində bəzni anlaşmaların həyata keçirilməsidir. Daha doğrusu, KTB MMC-nin yaradılmasında məqsəd həyata keçirilən layihələrdə böyük pullar qazanmaq, "qara pulların" yuyulmasını təmin etmək və onları başqa dövlətlərə investisiya və ya şəxsi vəsait kimi ötürməkdən ibarətdir.
Bununla bağlı aparılan araşdırmalardan belə məlum olur ki, hal hazırda daha bir neçə on milyonluq tikinti layihələrində iştirak edən KTB və onun rəhbəri Xəlil Göyüşovun xaricdə də bəzi işlərə qol qoyub. Hələlik bu işlərin hansı ölkələrdə həyata keçirildiyi barədə müfəssəl məlumatlar verilmir.
Oğlu Ramiz Göyüşovla bağlı məsələ isə artıq qalmaqala çevrilməkdədir. İşin maraqlı tərəfi odur ki, bu prosesdə artıq Göyüşovların deyil, birbaşa nəqliyyat naziri Ziya Məmmədovun adı çəkilir. Hətta ittiham obyekti olaraq elə nazirin özü götürülüb. Arqument də budur ki, Göyüşov Ziya Məmmədovun şəriklərindən biridir və onun oğlunun xoşagəlməz hərəkətlər etməsinə rəvac verənlərdən biri də elə nazirin özüdür.
Və işin bir başqa tərs tərəfi də var. O da KTB MMC-nin rəhbəri Xəlil Göyüşov və oğlu ilə bağlı olduqca ilginc və maraqlı məlumatlar axını var. Hətta iddia edilir ki, 150 min manatlıq maşın sürən Ramiz Göyüşova sözügedən avtomobili elə nazir onun doğum günündə hədiyyə edib.
Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.