Siyasət / Slayd (12-09-2014, 11:41)
Heydər Əsədov rəsmən icra başçılarına yenildi
Milyonları talayan icra başçıları Heydər Əsədovun yoxlamasını dayandırdı
Kənd Təsərrüfatı Nazirliyinin 60-dək rayon üzrə apardıqları monitorinqlərə son verilib.
Xatırladaq ki, Heydər Əsədovun tapşırığı ilə buğda və digər səpin aparan kənd təsərrüfatı istehsalçılarına dövlət tərəfindən ayrılan subsidiyalarla bağlı geniş tərkibli yoxlamalar başlanmışdı. 60-dək rayonu əhatə edən yoxlama zamanı bir neçə rayonlar üzrə əldə edilən korrupsiya və digər mənimsəmə faktları ciddi təhlil edilməklə yanaşı, toplanmış materiallar birbaşa Baş Prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə göndərilmişdi. Prokurorluq isə öz növbəsində bir neçə rayon üzrə cinayət işi açaraq həmin rayonların icra başçılarının və onların yerli icra nümayəndələrini «dalan»a sıxmaq fürsəti əldə etmişdi. Lakin gözlənilmədən bu proses dayandırıldı. Yəni cinayət işi açılmış rayon icra nümayəndələri ilə proses yekunlaşdı. Təsadüfü deyil ki, artıq Kənd Təsərrüfatı Nazirliyi rayon rəhbərlərinin və icra başçılarının kəndlər üzrə icra nümayəndələrindən ibarət olan ərazi komissiyalarının mənimsəmələrini, həmçinin ölkədə gözlənildiyindən xeyli az buğda və digər məhsulların xeyli aşağı göstəricidə istehsal olunmasını gizlətmək üçün ortaya fikirləri başqa məcraya yönəldən «ideya» atıb.
PİA.AZ«Reytinq” qəzetinə istinadən xəbər verir ki, nazirlik icra başçıları və onların yerli icra nümayəndələrinin səpindən əvvəl ayrılan yardımları mənimsəmək üçün saxta və şişirdilmiş rəqəmlərinə rəğmən, taxıl istehsalının xeyli aşağı düşməsinin rəsmi səbəbini korrupsiya və saxta rəqəmlərlə əlaqələndirməkdən çəkinib. Bunun təsdiqi üçün nazirliyin bir neçə gün əvvəl yaydığı bəyanata diqqət edək:
«Fermer və sahibkarların nəzərinə!
Məlumat üçün bildiririk ki, bölgənin xüsusiyyətlərinə uyğun olaraq taxıl sortlarının düzgün seçilməsi və sertifikatlı toxumdan istifadə edilməsi yüksək məhsul əldə etməyin əsas şərtidir. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, taxılçılıqla məşğul olan torpaq mülkiyyətçiləri rayonlaşmış, sertifikatlı, yüksək məhsuldar taxıl sortlarının toxumları haqda məlumatları nazirliyin rəsmi saytının "Bitkiçilik” bölməsindən əldə edə bilərlər.
Məlumatda toxum istehsalı ilə məşğul olan fermerin adı, ünvanı, əlaqə telefonu, taxıl sortunun adı və reproduksiyası barədə məlumat öz əksini tapıb.
Əlavə məlumatı Kənd Təsərrüfatı Nazirliyinin Respublika Dövlət Toxum Müfəttişliyindən əldə edə bilərlər».
Göründüyü kimi, nazirlik istehsalın aşağı olmasını toxumçuluqla bağlamağa cəhd etməklə, real vəziyyəti ictimaiyyətdən gizlətməyə cəhd edib.
Məlumata görə, bu fakt təsadüfi deyil: «Bilirsiniz ki, Heydər Əsədov nazir təyin edildikdən dərhal sonra təkcə kadr islahatlarına start vermədi. O, həm də nazirliyin tabeliyində olan qurumların, həmçinin buğda və digər məhsulların istehsalına stimul verilməsi üçün ayrılan milyonlarla manat subsidiyaların taleyi ilə bağlı araşdırmaya başladı. Bəli, razıyam ki, hər hektar üçün ayrılan əvəzsiz 40 manat yardımın ən azı 35-40 faizinin yerli icra qurumlarının rəhbərləri tərəfindən talan edildiyi və ya mənimsəməsi haqda dəqiq faktlar aşkarlanıb. Bununla bağlı 5-6 rayon üzrə cinayət işinin başlanması məqsədi ilə prokurorluğa da müraciət olundu. Paralel olaraq 60-a yaxın rayonlar üzrə monitorinqlər davam etdirilirdi. Elə bu məsələdə də rayon icra başçılarını qorxuya salmışdı. Düşünürəm ki, məhz onların təzyiqləri ilə sonradan Heydər Əsədov geri çəkildi və yoxlamalar dayandırıldı. Üstəlik, nazirlik mənimsəmələr və buğda istehsalının çox aşağı göstəricidə olmasının real səbəbini açıqlaya bilmədi. Və rəsmi rəqəmlərlə şişirdilən hesabatın əksinə olaraq, taxıl istehsalındakı biabırçılığı toxumçuluqda əlaqələndirməyə məcbur oldu».
Müsahibimiz deyir ki, 58 rayon (şəhər) komissiyasından 01 dekabr 2013-cü il tarixinə daxil olan istehsalçıların siyahıları və onlara hər hektar buğda və çəltik səpininə görə əlavə 40 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımlarla yanaşı, əkin sahələrinin və çoxillik əkmələrin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına hər hektar üçün verilmiş 40 manat məbləğində yardımın da müəyyən hissəsinin mənimsənilməsi barədə ortada olan şübhələr əsassız deyil: «Məsələn, Qubanın icra başçısı Mübariz Ağayev buğda əkini üçün hər hektara görə əlavə ayrılmış 40 manatlıq yardımın mənimsənilməsi prosesində digər həmkarlarından fərqlənməyib. Deyə bilərəm ki, Qubada bu il buğda əkini üçün ayrılmış 678.587.20 (Altı yüz yetmiş səkkiz min beş yüz səksən yeddi manat iyirmi qəpik) manat vəsaitin böyük bir hissəsi rayon rəhbərliyinin «xeyir-duası» ilə yerli məmurlar tərəfindən saxta sənədlər tərtib edilməklə mənimsənilib. Belə ki, 01 dekabr 2013-cü il tarixli sənədə əsasən bu il rayon üzrə 4297 nəfər cəmi 14804,6 hektar buğda səpini aparılıb: «Və buna görə onlara cəmi 678.587.20 manat yardım edilib. Lakin sənədlərdə yer alan bəzi rəqəmlərlə real buğda istehsalı arasındakı təzadlı faktlar ortaya ciddi şübhələr çıxarıb. Birmənalı şəkildə demək olar ki, Qubada icra nümayəndələri və bələdiyyə rəhbərliyindən ibarət olan 20 yerli komissiyanın tərtib etdiyi sənədlərin hər birində müəyyən talama izləri açıq görünür. Məsələn, Xucbala, 1 və 2-ci Nügədi, Alpan, Vəlvələ, Zərqava kəndləri üzrə rəqəmlərin ciddi araşdırılması prosesi gedir.
Və yaxud Cəlilabad rayonu üzrə buğda səpini üçün əlavə verilmiş 40 manatlıq 2.163.504 manat (İki milyon yüz altmış üç min beş yüz dörd) yardımın ən azı 35-40 faizinin mənimsənildiyi şübhəsi var. Maraqlı burasıdır ki, 17263 buğda istehsalçısının statistikasının şişirdilməsi ilə yetməyən icra başçısının yerli icra nümayəndələrindən ibarət komissiya üzvləri, həm də hektarların ölçülərini də bilərəkdən artırıblar. Nəticədə isə çox böyük məbləğdə dövlət vəsaiti yerli icra nümayəndələrinin "əl”i ilə talan edilib. Rayonun 35 kənd və qəsəbəsi üzrə 17263 nəfərin ümumilikdə guya 5487.6 hektar buğda əkdiyi rəsmi sənədlərdə qeyd olunub. Amma elə bu sənədlərə diqqət etdikdə, ilk baxışdan həm istehsalçıların, həm onların əkdiyi torpaq sahələrinin, həm də verilən pulların xeyli şişirdildiyi nəzərdə qaçmır.
Məsələn, Cəlilabadın ən böyük ərazi-inzibati dairələrindən biri sayılan Üçtəpədə 868 nəfərin 2532.91 hektar torpaq əkdiyi və buna görə həmin siyahı üzrə 101.316.40 (Yüz bir min üç yüz on altı manat qırx qəpik) manat yardım verildiyi bildirilir. 2532 hektar kifayət qədər böyük bir rəqəmdir. Və buna uyğun olaraq, yaxşı olar ki, həmin kənd üzrə nə qədər buğda istehsal olunduğu da açıqlansın. Ümumiyyətlə, rayon rəhbərliyi zəhmət çəkib, Cəlilabad üzrə bu il istehsal olunan buğdanın rəsmi statistikasını açıqlamalıdır. O zaman bu qədər yardımın müqabilində istehsal olunan buğdanın buna adekvat olub-olmadığını da cəmiyyət biləcək. İnanın, bu sənədləri kəndlər üzrə yoxlasanız, elə biabırçı hallara rast gələcəksiniz ki, heyrət doğuracaq.
Adıçəkilən rayonlarla yanaşı, Masallı və Ağcabədi rayonlarında da subsidiyaların bir hissəsinin saxta rəqəmlərlə mənimsənilməsi yönündə ciddi şübhələr var Məsələn, Ağcabədidə 42 kənd və bir şirkət üzrə ümumilikdə 3674 buğda istehsalçısı rəsmi qeydiyyata alınıb. Bu istehsalçıların guya 18359 hektar buğda əkdiyi bildirilib. Nəticədə isə 734 min 360 manat subsidiya bu rayona yönəldilib. Əlbəttə, bu rəsmi sənədlərin nə dərəcə həqiqəti özündə birləşdirməsi ciddi araşdırılmalıdır. Və söz yox ki, digər rayonlarda olduğu kimi, burada da şişirdilmə faktının olması istisna deyil».
Masallıda isə daha böyük biabırçılığa imza atıldığı ilkin araşdırma zamanı üzə çıxıb. Bu rayonda daha böyük mənimsəmələrin olması nazirliyin özündə də şübhə doğurmur. Ən maraqlı detallardan biri isə həmin rayonda icra başçısının aqrar məsələlər üzrə müavini Nəsir Muxtarlının atası Muxtar Muxtarovun adına da 2,8 hektar buğda əkməsi haqda yardım yazılıb. Bundan əlavə, elə Nəsir Muxtarlının doğulduğu Həsənli kəndində 543 ayrı-ayrı təsərrüfatçının həqiqətən də 751 hektar buğda əkməsi, razılaşaq ki, ciddi şübhə doğurur. Ümumiyyətlə, Masallının 33 kəndi üzrə 5370 şəxsin 7794.67 hektar ərazidə buğda əkməsi və buna görə həmin rayona 311 min 786 manat 80 qəpik yardımın ayrılması ilə bağlı bütün sənədlər tərəfimizdən araşdırılır.
Analoji hal bir neçə kənd icra nümayəndəsinə elə bu sahə üzrə mənimsəmələrə yol verildiyi üçün cinayət işi açılmış İmişlidə də yaşanıb. Məsələnin ən maraqlı tərəfi odur ki, cinayət işi açılmış icra nümayəndələrinin bəziləri bu faktlara görə məsuliyyətdən yayınmaq üçün birbaşa icra başçılarını hədəf göstərir və açıq deyirlər ki, icra başçısının göstərişi ilə rəqəmləri şişirdiblər».
Müsahibimiz deyir ki, icra nümayəndələrinin şantaj hədəsi də icra başçılarını bərk əndişədə saxlayıb: «Ona görə də icra başçıları Heydər Əsədovu dayandırmaq və toplanmış materialların ictimaiyyətə açıqlanmaması üçün hərəkətə keçdilər. Və istəklərinə nail oldular. Deyə bilərəm ki, 60-dək rayon üzrə təxminən 10 milyon manatdan çox mənimsəmə faktı qapadıldı».
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024