Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Gündəm (14-10-2019, 10:35)
“Valday” nidası və Aşqabad "matı": İlham Əliyevin gedişləri, Paşinyanın seytnotu

 Azərbaycan torpaqlarını işğal edən Ermənistanda faşizmin ideoloji həyat tərzinə çevrilməsi, erməni cəmiyyətinə bu ruhun aşılanması və İrəvandakı siyasi hakimiyyətlərin faşist düşüncəsinin daşıyıcısı olmasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən növbəti dəfə Aşqabadda səsləndirilməsi dünya mətbuatının diqqətindən yayınmayıb.

Son iki tədbirdə İlham Əliyevin Ermənistanın keçmiş irtica rejimlərinə və manipulyativ davranışlarla siyasi şoular göstərən indiki baş nazirinə yönəlik çıxışları ilə bağlı dünya mediasında müxtəlif şərhlər verilir. İlham Əliyevin bu açıqlamaları əslində zaman-zaman deyilən fikirlərin son kuliminasiya nöqtəsi, eləcə də Ermənistana, onun indiki və keçmiş hakimiyyətlərinə vurulan ən ağır zərbə idi. Elə bir zərbə ki, Ermənistanın siyasi palitrasında bütün torları silkələdi.

İlham Əliyevin NİDASI

Prezident İlham Əliyev Nikol Paşinyanın bu ilin avqustunda Azərbaycanın işğal altında olan Xankəndi şəhərində Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesinə ciddi şəkildə kölgə salan “Qarabağ Ermənistandır və nöqtə” fikirlərinə "Valday" Beynəlxalq Diskussiya Klubunda çox qısa və lakonik cavab verdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident bildirdi ki, Qarabağ Azərbaycandır və nida!

İndi çoxlarını bir sual düşündürür ki, İlham Əliyev nədən bunu “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışı zamanı dedi? Bunu bir az əvvəllər də demək, yaxud başqa bir tribunadan səsləndirmək mümkün deyildimi? Təbii ki, bunun müxtəlif səbəbləri var.

Birincisi, İlham Əliyev Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyini, torpaqlarımızın işğaldan azad olunacağını, Ermənistanın təcavüzkar dövlət olduğunu bütün beynəlxalq və yerli tədbirlərdə dəfələrlə deyib. Amma fikir bu qədər lakonik və qısa, eyni zamanda Azərbaycanın haqlı mövqeyini özündə ehtiva edən bu qədər sərt ona görə səsləndirilmirdi ki, sülh yolu hər zaman prioritet sayılıb. Eyni zamanda, Prezidentin dediyi kimi, bu fikir elə bir mötəbər tribunadan səsləndirilməliydi ki, bütün dünya bunu biryolluq başa düşsün. Məhz ona görə də Prezident son nidanı “Valday” Beynəlxalq Diskussiya Klubunda qoydu və Ermənistan baş nazirinin azğın bəyanatlarına son vermənin zamanı çatdığından mövqeyini qəti şəkildə bəyan etdi.

İkincisi, İlham Əliyevin bunu məhz Rusiyada, şəxsən bu ölkənin Prezidenti Vladimir Putinin iştirak etdiyi mötəbər tədbirdə səsləndirməsinin də xüsusi mənası var. Prezident dünyanın diqqət mərkəzində olan tədbirdə bunu söyləməklə istər həmsədr ölkələrə, istərsə də beynəlxalq qurumlara bir daha göstərdi ki, Azərbaycan bu məsələdə hər hansı təzyiqlərdən çəkinmir və Qarabağ Azərbaycandır!

Burada diqqəti çəkən məqamlardan biri də sözün deyiliş formasıdır. Prezident “Qarabağ Azərbaycanındır” yox, “Qarabağ Azərbaycandır” dedi, yəni Qarabağa Azərbaycanın regionu kimi baxmırıq. Qarabağ elə Azərbaycan özü deməkdir və Azərbaycan da müzakirə mövzusu ola biməz.

Paşinyanın siyasi diletantlığı

Özünü demokrat adlandıran Paşinyanın Qarabağa aid səsləndirdiyi bəyanatlar Ermənistanın irtica rejimləri tərəfindən də bu qədər sərt səsləndirilmirdi. Çünki istər Köçəryan, istərsə də Sarkisyan Qarabağla bağlı bəyanatlarında öz terrorçu simalarını gizlətməyə, Ermənistanın işğalçılıq siyasətini ört-basdır etməyə çalışırdılar. Ermənistanın indiki baş naziri isə siyasətdə diletant olduğunu bir bəyanatla necə ortaya qoydusa, ölkəsinin işğalçı dövlət olduğunu rəsmən, yəni dövlət səviyyəsində təsdiqlədi. Təbii ki, təcrübəli dövlət adamı olan İlham Əliyev Ermənistan və onun diletant baş nazirinin bu avantürist bəyanatından istifadə edərək, iki gedişlə Paşinyanı seytnot duruma saldı. Nəticədə “Valday” NİDAsının şokunu yaşayan Paşinyan Aşqabadda ikinci bir zərbəyə məruz qaldı.

Ermənistanda faşizm ideologiyası

Qarşıdan faşizm üzərində qələbənin 75 illiyi gəlir. Faşizm üzərində qələbənin əsas pay sahibləri indiki Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr, yəni keçmiş SSRİ respublikalarıdır. Bu sırada Ermənistan da var. Lakin Ermənistanda bu gün “Qaregin Njde” ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl ucaldılıb.

Ermənistanın keçmiş rəhbərliyinin ucaltdığı bu abidənin mahiyyəti nədir? Elə buna görə də Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi ilə əlaqədar dövlət başçılarının Birlik ölkələrinin xalqları və dünya ictimaiyyətinə müraciətindən danışan Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bu məqama toxunub. Prezident bildirib ki, dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış edib: “Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, “Qaregin Njde” ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən Müharibəsi” ensiklopediyasının “Böyük Vətən Müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə də bu əksini tapıb”.

İlham Əliyev nədən bu məsələyə xüsusi diqqət ayırdı?

Birincisi, Azərbaycan Prezidenti bununla yeni FAŞİZMİN cücərdiyi bir ölkəyə - Ermənistana diqqət ayrılmasının vacibliyini dünyanın, eləcə də MDB ölkələrinin və onların liderlərinin nəzərinə çatdırdı.

Eyni zamanda, Prezident bununla ermənilərin və Ermənistanın region üçün potensial təhlükə olduğunu bir daha xatırlatdı. Çünki bu gün erməni gəncliyinə, cəmiyyətinə faşizm ideologiyası aşılanır və bunun arxasında Ermənistanın keçmiş, eləcə də indiki siyasi hakimiyyətləri dayanır. Faşizmi ideologiyaya çevirən Ermənistandan, onun siyasi rəhbərliyindən hansısa humanizm, regional münaqişələrin həllində sülh gözləməyə dəyərmi? Təbii ki, bu, Paşinyan üçün növbəti gözlənilməz zərbə idi və İlham Əliyevin bu fikirləri onu seytnota saldı.

Digər tərəfdən, İlham Əliyev bu məsələyə diqqəti cəlb etməklə beynəlxalq aləmdə sözü eşidilən bir siyasətçi, dövlət başçısı olaraq, şəxsən özünün və dövlətinin terrorizmi dəstəkləyənlərlə, faşizm ideologiyasını yayanlarla mübarizədə öndə olacağını bəyan etdi. Təbii ki, Azərbaycanın dünya dövlətləri sırasında etibarlı mövqeyi var və dövlət başçısı olaraq İlham Əliyevin beynəlxalq tədbirlərdə dünyanı narahat edən terrorçuluqla, irqi, milli ayrı-seçkiliklə bağlı dedikləri hər zaman diqqətlə izlənilir.

Ermənisanda gərginlik

Faktiki olaraq, oktyabrın birinci yarısında Ermənistan rəhbərliyi Azərbaycan və onun Prezidentinin iki siyasi zərbəsindən nokauta düşüb. Bu məsələ erməni mətbuatında da geniş işıqlandırılıb. Eyni zamanda Ermənistanın daxilində qarşıdurmalarla müşahidə olunur. Ermənistan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın bacısı Anjela Tovmasyan sahibi olduğu Hayeli.am ("Güzgü") saytında "Əliyevin Paşinyana gecikmiş, lakin güclü cavabı" başlıqlı məqalə dərc edib. Bu məqaləyə görə bir qrup erməni millətçisi Anjela Tovmasyanı və onun qardaşını anti-Qarabağ mövqeyində ittiham edərək qəzetin redaksiyasına hücum təşkil edib. Onlar “Güzgü” Mətbuat Klubunun qapılarına yumurta atıb, plakatlar yapışdırıb və bu media qurumunun bağlanmasını tələb ediblər. "Hayeli" portalının redaksiyasında baş verən hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin "Jurnalistin qanuni peşə fəaliyyətinə mane olmaq" maddəsi ilə cinayət işi başlanıb.

Bütün bunlar göstərir ki, iqtisadi və sosial böhran burulğanında olan Ermənistanda siyasi böhran da yaşanır. Konsepsiyasız küçə hakimiyyətinin uğursuz siyasi gedişlərinin fiaskosunu artıq cəmiyyət öz üzərində hiss edir. Ermənistanda Paşinyanın bacarmadığı bir işin altına qol qoyduğu kimi ritorika üstünük təşkil edir. Hətta onun bu hadisələr fonunda istefa verəcəyi də siyasi kluarlarda səslənir və erməni ictimaiyyətinin müzakirəsinə verilir.

Nəticə...

İlham Əliyevin gedişləri Paşinyanı seytnota salıb...
“Cümhuriyət”
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024