Dünya (Bu gün, 11:01)
4 minə yaxın azərbaycanlının taleyinə biganə qalan “Qırmızı Xaç” niyə indi əl-ayağa düşüb?
Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Dekabrın 18-də prokuror Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
Son prosesdə Vardanyanın şahid qismində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndəsinin məhkəmədə iştirakının təmin edilərək dindirilməsi barədə vəsatəti müzakirə olunub. Müdafiə tərəfinin mövqeyinə görə, həmin təşkilatın nümayəndəsinin məhkəmədə şahid qismində iştirakı zəruridir. Belə ki, təqsirləndirilən şəxsin bildirdiyinə görə, ibtidai istintaq zamanı, eləcə də məhkəmə istintaqı dövründə müxtəlif vaxtlarda BQXK-nın nümayəndələri Ruben Vardanyanın müvəqqəti saxlanıldığı yerə gələrək, onunla görüşüblər. Onun ərzaqla və geyimlə təmin olunmasına, ailə üzvləri ilə əlaqə saxlanılmasına köməklik göstəriblər.
Vəkil bildirib ki, təqsirləndirilən şəxsin mövqeyinə əsasən, komitə nümayəndəsinin məhkəmədə iştirakının təmin olunmasında əsas məqsəd onun cinayət prosesində statusunun müəyyənləşdirilməsindən ibarətdir. Bu səbəbdən, BQXK-nın nümayəndəsinin məhkəmədə şahid qismində iştirakının təmin olunmasına köməklik göstərilməsini xahiş edir.
İttiham tərəfi isə hesab edib ki, Ruben Vardanyan özü təqsirləndirildiyi cinayət işi üzrə prosessual statusunu başa düşür.
Göstərilən halda hər hansı beynəlxalq təşkilatın nümayəndəsinin məhkəmədə verəcəyi ifadənin şəxsin statusunu necə dəqiqləşdirəcəyi və ya nəyi müəyyənləşdirəcəyi təbii ki, qeyri-müəyyən haldır. Digər tərəfdən, beynəlxalq təşkilatın nümayəndəsi məhkəmə prosesində hansısa şəxsin statusunu müəyyənləşdirmir. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamını müdafiə edən prokuror məhkəmədən vəsatətin təmin olunmamasını xahiş edib. Bundan sonra məhkəmə istintaqının yekunlaşması və çıxışlara başlamaq qərarı verilib.
Qeyd edək ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinın İrəvan ofisinin qarşısında Ruben Vardanyanın və Qarabağda cinayət törətmiş digər şəxslərin azadlığa buraxılması tələbi ilə aksiyalar da keçirilib. Ermənilər məlum aksiyanı keçirməklə BQXK-nın cinayət törətmiş bu şəxslərin “hərbi əsir” elan olunması üçün təzyiq göstərməyə çalışırlar. Vardanyanın “Qırmızı Xaç” gedişi və statusunun müəyyənləşməsi haqda dediklərinin arxasında nələr dayanır?
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev “Yeni Müsavat”a açıqlamasında məhkəmənin tam doğru qərar verdiyini söylədi: “Əvvəla, praktikada belə bir təcrübə yoxdur ki, hansısa beynəlxalq təşkilat məhkəmə prosesində ixtiyari şəxsin statusunu müəyyənləşdirsin. İkincisi, şahid qismində o şəxs dindirilir ki, həmin şəxsin şahid kimi funksionallığı və ya lap dəqiq desək, törədilən və istintaq edilən cinayətin gedişatı, baş verməsi ilə bağlı ümumi deyil, məhz birbaşa, açıq, detallı məlumatlılığı olsun. Nəhayət, üçüncüsü, Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələrinin Ruben Vardanyanla bağlı istənilən ifadəsi nəyisə dəyişə bilməz. Çünki, onlar arasındakı münasibətlər Vardanyan həbs ediləndən sonra yaranıb və məlum münasibətlərdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin özünün statusu sadəcə müşahidəçi və vasitəçi (ailə üzvləri ilə kontaktın yaradılması və s) qismindədir. Ona görə düşünürəm, ittiham tərəfinin mövqeyi daha arqumentlidir və məhkəmənin istintaqı yekunlaşdıraraq çıxışlara başlamaq barədə verdiyi qərar tam düzgündür.
Eyni zamanda əlavə edim ki, bənzər hallarla, situasiyalarla, reaksiyalarla, tələblərlə hələ çox qarşılaşacayıq. Ya da belə deyək: hələ çoxları ortalığa çıxacaq və mövzuya öz “rəngi”ni qatmağa, arada isə hətta suyu bulandırmağa çalışacaqlar. Amma çıfayda! Çünki Azərbaycan məhkəmələrində bir tək Vardanyanın deyil, bütün təqsirləndirilən şəxslərin prosesi ədalətli keçirilir və heç bir kənar müdaxiləyə, təzyiqə, təsirə də yol verilmir. Qanunun aliliyi hər kəs üçün keçərlidir və kimin haqq etdiyi cəza nədirsə, yekunda onu da alacaq".
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Beynəlxalq Qırmızı Xaç Komitəsinin bu davranışlarını beynəlxalq qanunvericiliyə birbaşa zidd hesab edir: “Adı bir çox maxinasiyalarda və çirkli pulların yuyulmasında hallanan Vardanyanı Kreml keçmiş Dağlıq Qarabağ separatçı rejimə xüsusi təlimat və tapşırıqlarla yollamışdı. Rusiya bu cinayətkarın vasitəsi ilə prosesləri daha da qızışdıraraq məkrli oyunlar qurmaq planlaşdırırdı. Lakin Azərbaycanın qətiyyəti və prinsipiallığı Moskvanın bu planlarını pozdu. Özünü separatçıların liderlərindən biri adlandıran Vardanyan isə həbs olunaraq Bakıya istintaq orqanlarına təhvil verildi. Onun törətdiyi sülh və insanlıq əleyhinə cinayətləri, müharibə cinayətlərini, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı cinayətləri təkzibolunmaz faktlar və dəlillərlə sübuta yetirilib. İstintaq çox yüksək səviyyədə peşəkarlıqla aparılıb. Həmin müddət ərzində də Azərbaycan və beynəlxalq qanunvericiliyin tələblərinə tam cavab verən davranış göstərilib. Halbuki bu qatı cinayətkar belə humanizmə layiq deyildi. Məhkəmə prosesində də sərbəst ifadələrini verir. Vardanyan və onun havadarları bu cinayətkarı layiq olduğu cəzadan yayındırmaq üçün hərəkətə keçiblər. Rusiyada və bəzi Qərb dairələrində Vardanyan da daxil olmaqla, cinayətkarları "hərbi əsir" kimi qələmə verməyə çalışlar. Halbuki mühakimə olunanların qatı cinayətkarlar olması mötəbər sübutlarla , şahid ifadələri ilə təsdiq olunur. Beynəlxalq Qırmızı Xaç Komitəsi də həmişəAzərbaycana qarşı qeyri-obyektivliyi ilə seçilib. Azərbaycanda fəaliyyət göstərdiyi 33 il ərzində bitərəfli olaraq Ermənistanın və Dağlıq Qarabağdakı separatçların və terrorçuların tərəfini tutub. Hətta Azərbaycanın etirazlarına məhəl qoymayarq Xankəndidə ofis açmışdı və həmin ofis də İrəvandan idarə olunurdu. Komitənin vəzifəsi humanitar məsələlərlə bağlı olsa da, bir çox hallarda siyasi proseslərə də müdaxilə edir. Ona görə də Azərbaycanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin də fəaliyyətinin dayandırılması labüdləşdi. Komitənin də məqsəd və vəzifələrində istintaq, məhkəmə orqanlarına müdaxilə etmək, status dəyişmək kimi səlahiyyətlər yoxdur. İşlərini görüb Vardanyanın müvəqqəti saxlanıldığı yerə gələrək, onunla görüşüblər, ərzaqla və geyimlə təmin olunmasına, ailə üzvləri ilə əlaqə saxlanılmasına köməklik göstəriblər. Amma erməni əsirliyində olmuş soydaşlarımız Beynəlxalq Qırmızı Xaç Komitəsinin də belə “diqqət” və “qayğısından” həmişə məhrum olublar. Komitə erməni işğalı zamanı əsir və itkin düşmüş dörd minə yaxın soydaşlarımızın taleyi ilə bir dəfə də olsun maraqlanmayıb. İndi də yaxasını kənara çəkib. Həmçinin minalarla və partlayıcı hərbi sursatlara çirkinləşdirilmiş işğaldan azad edilmiş ərazilərin xəritələrini Ermənistandan alınmasına kömək göstərmir. Komitənin məhkəmədə şahid qismində iştirakı qanunvericiliyə ziddir. Bu hal ədalət məhkəməsinə müdaxilə və təzyiq anlamına gəlir. İttiham tərəfinin Ruben Vardanyanın özünün təqsirləndirildiyi cinayət işi üzrə prosessual statusunu başa düşməsi barədə fikirləri tam obyektivdir. Özünü “dövlət naziri” elan edən bu tip törətdiyi cinayətlərin də fərqindədir və anlayır ki, hüquqi məsuliyyətdən də qaça bilməyəcək. O, ömrünün qalan hissəsini həbsxanada keçirməlidir".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025


























