Siyasət / Gündəm (10-10-2019, 19:46)
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşdü
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevi salamlayan Prezident Qurbanqulu Berdiməhəmmədov deyib:
- İlham Heydər oğlu, icazə verin Sizi Türkmənistanda, Aşqabadda salamlayım və bizim dəvətimizi qəbul edib MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün gəldiyinizə görə Sizə dərin təşəkkürümü bildirim. Düşünürəm ki, xalqlarımızın rifahı naminə tərəfdaşlığın səmərəliliyini artırmaq üçün yaxşı imkanımız olacaq. Sizi bir daha salamlayıram. Xoş gəlmisiniz!
Prezident İlham Əliyev deyib:
- Sağ olun, hörmətli Qurbanqulu Məlikquluyeviç. Dəvət üçün sağ olun. Göstərilən qonaqpərvərliyə görə sağ olun. Qardaş Türkmənistan torpağına gəlməyə həmişə şadıq. Mənim keçənilki səfərimi, sizinlə görüşümü və imzaladığımız sənədləri xatırlayıram. Düşünürəm ki, o vaxt biz rekord göstərdik, 20-dən çox sənəd imzaladıq. Bu, iki qonşu ölkə arasında münasibətlərin xarakterini və ruhunu əks etdirir. Əlbəttə, MDB dövlət başçılarının sabahkı Zirvə Görüşü çoxtərəfli əməkdaşlığın daha da möhkəmlənməsi üçün böyük əhəmiyyət kəsb edir. Bu mühüm beynəlxalq tədbirin gözəl təşkil edilməsi münasibətilə Sizi təbrik etmək, Sizə, qardaş Türkmənistan xalqına ən xoş arzularımı bildirmək, yeni zəfərlər, qələbələr diləmək istərdim.
Prezident Qurbanqulu Berdiməhəmmədov:
- Sağ olun, İlham Heydər oğlu. Mən, həmçinin Xəzəryanı ölkələrin Birinci İqtisadi Forumuna verdiyiniz dəstəyə və onun işində fəal iştirak etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirmək istərdim. Siz bilirsiniz ki, forum sərgi ilə də müşayiət olundu. Sizin ölkənizin demək olar ki, hamının diqqətini cəlb edən yaxşı stendi var idi. Siz bu forumun keçirilməsində də böyük rol oynamısınız. Ona görə, icazə verin bu həssas diqqətə və yaxşı iştiraka görə Sizə təşəkkürümü bildirim. Bu, bizim ortaq təşəbbüsümüz idi, ümumiyyətlə, ideya genişdir. Sizə açıq deməliyəm, orada iki ölkə fəal iştirak edib – Türkmənistan və Azərbaycan. Əsas diqqət məhz tranzit-nəqliyyat dəhlizləri məsələlərinə ayrılmışdı. Beləliklə, icazə verin bir daha Sizə təşəkkürümü bildirim.
Prezident İlham Əliyev: Çox sağ olun.