Siyasət (24-01-2018, 18:00)
Deputat: "Prezident haqlı olaraq söylədi ki, bir ölkədə ümumiyyətlə senzura yoxdursa, bu sahədə hansı problemlərdən söhbət gedə bilər?"
Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda keçirilən interaktiv iclasda iştirakı zamanı Azərbaycanda azadlıqlar və mətbuat azadlığı ilə bağlı verilən qərəzli suala çox geniş və arqumentli şəkildə cavab verdi.
Mediatv.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, verilən sual guya ki, Azərbaycanda bu sahədə müəyyən problemlərin olmasını özündə ifadə edirdi: "Cənab Prezident İlham Əliyev konkret faktlara və arqumentlərə söykənərək izah etdi ki, Azərbaycanda insan hüquq və azadlıqları çox yüksək səviyyədə qorunur və təmin olunur. Prezident çox haqlı olaraq söylədi ki, bir ölkədə ümumiyyətlə senzura yoxdursa, əhalinin 80 faizi internetdən istifadə edirsə, hətta kəndlərə genişzolaqlı internetin çəkilməsi prosesi reallaşdırılırsa, bu sahədə hansı problemlərdən söhbət gedə bilər?"
Deputat vurğulayıb ki, Prezidentin qeyd etdiyi kimi, müəyyən siyasi dairələr Azərbaycana qarşı qərəzli mövqedə dayanırlar: "Bunun səbəbi Azərbaycanın kifayət qədər müstəqil siyasət həyata keçirməsidir. Azərbaycanın müstəqil siyasəti həmin dairələri qane etmir. Onlar Azərbaycanı müxtəlif avantüralara sürükləmək istəyirlər, ancaq bu, heç bir nəticə vermir. Çünki Azərbaycan öz milli maraqlarına uyğun gəlməyən belə proseslərə qatılmır. Bizim üçün hər şeydən öncə Azərbaycan dövlətinin və xalqının milli maraqları dayanır və ölkəmiz bu maraqların ziddinə olan heç bir prosesə qoşulmur və bundan sonra da qoşulmayacaq. Azərbaycanın bu müstəqil siyasəti müəyyən siyasi dairələri narahat edir və müxtəlif beynəlxalq QHT-lərdən istifadə etməklə ölkəmizlə bağlı həqiqətə zidd olan belə informasiyaları yaymaq istəyirlər. Təbii ki, bunlar heç bir nəticə vermir, çünki xalqımız çox gözəl bilir ki, Azərbaycanda atılan bütün addımlar, ilk növbədə, milli maraqlara söykənir və milli maraqlar hər şeyin fövqündə dayanır".
E.Nəsirov əlavə edib ki, həmin dairələr istəyirlər ki, Azərbaycanı öz orbitlərinə daxil etsinlər, bizimlə diktə dilində danışsınlar, bizi müxtəlif avantüralara cəlb edib ölkəmizdəki bu sabitliyi, təhlükəsizlik mühitini pozsunlar, inkişafın qarşısını alsınlar: "Bu isə mümkün deyil və cənab Prezident bütün bu məqamları çox geniş və arqumentli şəkildə qarşı tərəfin diqqətinə çatdırdı".