Siyasət (8-09-2017, 19:00)
Oqtay Əsədov: Minsk qrupu daha qətiyyətli addımlar atmalıdır
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) sədri xanım Kristin Muttonenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mediatv.az-ın Trend-ə istinadən məlumatına görə, görüşdə Azərbaycanla ATƏT PA arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivlərindən danışıb.
O, təəssüflə vurğulayıb ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin davam etməsinə baxmayaraq, münaqişə hələ də öz həllini tapmayıb: “Danışıqlar prosesi sonsuz davam edə bilməz və bu məsələnin həllinin həvalə olunduğu Minsk qrupu daha qətiyyətli addımlar atmalıdır”.
K.Muttonen ATƏT PA-nın Azərbaycanla sıx əlaqələrindən məmnunluq ifadə edib. O, dünyada terrorizm dalğasının tüğyan etdiyi, təhlükəsizliyə daha çox ehtiyac duyulduğu bir dövrdə bu əlaqələrin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, ATƏT PA sədri xanım K.Muttonen sentyabrın 7-də Azərbaycana səfərə gəlib. K.Muttonenin səfər çərçivəsində ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulur. ATƏT PA sədrinin Azərbaycana səfəri sentyabrın 10-dək davam edəcək.