Siyasət (24-01-2016, 20:42)
"20 ildə heç bir irəliləyiş əldə olunmayıb"
“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki vəziyyətlə əlaqədar Avropa Şurası Parlament Assambleyasının müvafiq komitələrinin hazırladığı hesabatları və AŞPA-nın qış sessiyasında qəbul edilməsi gözlənilən qətnamələrinə dair mövqeyi ilə bağlı Xarici İşlər Nazirliyinin münasibəti ötən il noyabrın 10-da verilmiş bəyanatda ifadə olunub”.
Mediatv.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupunun (MQ) həmsədrlərinin son açıqlamasını şərh edən Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, son açıqlama ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin həllinə töhfə vermək niyyətində olan digər beynəlxalq təşkilatın fəaliyyətinə və həmçinin, ciddi narahatlıq doğuran məsələ ilə əlaqədar beynəlxalq təsisata müraciət etmiş dövlətin suveren hüquqlarına müdaxiləsi MQ-nin həmsədrlərinin vasitəçilik səylərinin dürüstlüyünü, onlara olan inam və etimadı sual altına qoyur.
“ATƏT-in MQ-nin həmsədrləri BMT Təhlükəsizlik Şurası tərəfindən verilən mandatı hələ də doğrultmayıb və 20 ildən artıq bir dövr ərzində münaqişənin həllində heç bir irəliləyiş əldə olunmayıb. Belə ki, Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı davam edir, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması mümkün olmayib. Bunun da əsas səbəbi ATƏT-in MQ-nin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsinə münasibətdə nümayiş etdirdiyi barışdırıcı mövqeyidir”,- deyə Hacıyev bildirib.
XİN rəsmisi qeyd edib ki, ATƏT-in MQ-nin həmsədrlərinin danışıqlar prosesinin inhisarçısı qismində çıxış etməyə heç bir əsası yoxdur: “Mandatına uyğun olaraq, ATƏT MQ-nin həmsədrləri münaqişənin həlli prosesində BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993), 884(1993) qətnamələrinin tələblərini, eləcə də digər beynəlxalq təsisatların sənədlərini nəzərə almalıdırlar.
Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət ilə əlaqədar Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının gündəliyinə çıxarılacaq qətnamələrə münasibətdə Ermənistanın təşviş içərisində olması rəsmi Yerevanın münaqişənin həllinə dair beynəlxalq ictimaiyyətin ədalətli və haqlı mövqeyindən nə dərəcədə qorxmasının daha bir göstəricisidir. Bu hal bir daha sübut edir ki, Ermənistanın məqsədi ATƏT Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqların davam etməsi imitasiyasının yaradılması ilə işğal və təcavüzə əsaslanan mövcud status-kvonun saxlanmasından ibarətdir”.
H. Hacıyev Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticələrinin aradan qaldırılması və regionda davamlı sülh və sabitliyin bərpa olunması istiqamətində bütün beynəlxalq təsisatların xoşməramlı fəaliyyətini və töhfəsini təqdir etdiyini xatırladıb: “Azərbaycan bu istiqamətdə bütün müqabil beynəlxalq təşkilatlarda fəaliyyətini davam etdirəcək”.
Qeyd edək ki, bu il yanvarın 22-də ATƏT MQ-nin həmsədrləri AŞPA və digər beynəlxalq təşkilatlara Minsk qrupu danışıqlar üçün qəbul olunmuş yeganə format olduğunu xatırladan bəyanatla çıxış ediblər: “Biz AŞPA üzvləri tərəfindən göstərilən marağı qiymətləndiririk. Lakin bildiririk ki, ATƏT-in Minsk qrupunun mandatına xələl gətirəcək və davam edən danışıqlar prosesini çətinləşdirəcək addımlar atıla bilməz”.