Siyasət / Slayd (15-05-2014, 22:41)
“İndi azərbaycanlıların səsi daha yüksəklərdən gəlir”- Kəmaləddin Heydərovun oğlu
“Əminliklə deyə bilərik ki, Azərbaycanın lobbiçilik sahəsində bugünkü fəaliyyəti əvvəlki illərə nisbətən daha yüksəkdir”.
“Mediatv.az” xəbər verir ki, bu sözləri APA TV-yə açıqlamasında Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov deyib. Onun sözlərinə görə, azərbaycanlılar qurumun xarici ölkələrdə həyata keçirdiyi tədbir və layihələrə geniş şəkildə cəlb olunublar: “Ümumiyyətlə tədbirlər, müxtəlif layihələrdə həmişə çalışırıq ki, ilk növbədə bu işlər azərbaycanlılarla görək. Çünki azərbaycanlıların və ya xaricilərin bu işlərə qatılmasında böyük fərq var. Çoxsaylı azərbaycanlılar da var ki, bizim bu işlərimizdə bizə aktiv şəkildə köməklik göstərirlər”.
Tale Heydərov Avropa Azərbaycan Cəmiyyətinin xaricdə təhsil alan soydaşlarımızın problemlərinin həllinə kömək etməyə çalışdığını deyib: “Onların təhsillə bağlı hər hansısa problemi olursa, biz ya cəmiyyət olaraq kömək etməyə çalışırıq, ya da onları müvafiq qurumlara yönəldirik. Amma açığı, çox vaxt azərbaycanlılar Azərbaycanın təbliğatı ilə bağlı bizə dəstək vermək üçün cəmiyyətimizə müraciət edirlər. Dağlıq Qarabağ məsələsində əvvəlki illərə nisbətən azərbaycanlıların səsi daha yüksəklərdən gəlir. Amma bu sahədə görüləsi işlər çoxdur. Təəssüf ki, Azərbaycan gənclərinin hamısı o qədər fəal deyil. Bunun da müxtəlif səbəbləri var. Bəzilərinin vaxtı olmur, bəziləri təhsillə əlaqədar bu işlərə qatıla bilmirlər, bəzilərinin həvəsi olmur”.
Tale Heydərov Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində görülməli çox işlərin olduğunu deyib: “Çünki erməni tərəfi fəaldır. Amma bizim bir üstünlüyümüz var ki, biz sayca onlardan çoxuq. Bizim səsimiz ermənilərə nisbətən daha yüksəklərdən gəlməlidir. Bunun üçün say baxımımdan gücümüz var. Amma effektivlik baxımından, gördüyümüz işlərin nəticəsi baxımından hələ daha çox işlər görməliyik. Biz bu işi AAC olaraq görürük, yükün böyük bir hissəsi də fərdi olaraq insanlarında üzərinə düşür. Yaşadıqları rayonda jurnalistə və ya deputata göndərilən bir məktub çox şeyi dəyişə bilər, fərdi işlər bizİm cəmiyyətin iştirakı olmadan da aparıla bilər”.
Tale Heydərov Avropa Azərbaycan Cəmiyyətinin bir çox layihələr həyata keçirdiyini deyib: “Qarabağ haqqında qədim tarixdən indiki dövrə dair rusca yazılmış müxtəlif məqalələr toplusu kitab halında çap olunub. Həmin kitabda azərbaycanlı və xarici müəlliflərin məqalələri yer alır. Bu yaxınlarda o toplunun təqdimatı olacaq. Bu kitabın ingilis və Azərbaycan dillərinə tərcüməsi planlaşdırılır. Eyni zamanda Xocalı faciəsi haqqında indiyə kimi müxtəlif xarici media orqanlarında yazılmış məqalələr toplanır. Eyni zamanda dünyada müxtəlif təşkilatların Qarabağ münaqişəsi haqqında verdikləri bəyanatlarının toplusu hazırlanır. Müxtəlif Avropa ölkələrində Azərbaycanın təbiətini və müxtəlif sahələrini əks etdirən fotoşəkillərdən ibarət sərginin təşkili nəzərdə tutulub. Türk dilində tariximizi və ölkəmizi tanıdacaq müxtəlif kitablar toplusu üzərində işləyirik. Fransız dilində də buna oxşar layihələr planlaşdırmışıq. Bizim işlərimizin əsas istiqaməti Avropa siyasətçilərinə Azərbaycanın tanıtmaq və Qarabağ həqiqətlərini onlara çatdırmaqdan ibarətdir”.
AAC sədri yerli və əcnəbi media orqanlarında Azərbaycanla bağlı həqiqətəuyğun olmayan n xəbərlərin yer alması məsələsinə də toxunub: “Bu məsələyə iki cür baxmaq olar. Əvvəlcə onu deyim ki, xarici media, xüsusilə erməni lobbisinin təsirində olan media həmişə Azərbaycan uğrunda görülən işləri pisləmək niyyətindədir və bunları biz təbii qarşılamalıyıq. Amma təəssüf ki, bəzi Azərbaycan jurnalistləri həqiqəti araşdırmadan xarici mediada yazılanları olduğu kimi yerli mətbuatda dərc edirlər. Bu, təqdirəlayiq hal deyil. Amma digər tərəfdən hər bir jurnalistin obyektiv şəkildə müəyyən məsələləri araşdırıb, sübutlarla istənilən mövqeyi nümayiş etdirməyə haqqı var. Mən də bu haqqı dəstəkləyirəm. Hər bir jurnalist istər azərbaycanlı, istər xarici olsun, azad şəkildə öz fikirlərini, görüşlərini yaza bilər. Mən buna çox normal baxıram”.