Siyasət / Slayd (7-12-2016, 20:32)
Deputat Tarif Şurasına və oliqarxlara qarşı od püskürdü:“Bu ölkənin suyu və çörəyi sizə haram olsun”
“Tarif Şurası heç bir arqument və əsaslar olmadan qazın və işığın qiymətlərini qaldırıb”
Bu sözləri Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Yevda Abramov deyib:
“Birinci Tarif Şurası ilə bağlı demək istəyirəm. Bu şura hansı arqumentləri əsas götürüb işığın, qazın qiymətini qaldırır? Orada heç olmasa bir millət vəkili təmsil olunmalı deyilmi? Heç olmasa onu qaldıranlar bunun səbəbini izah etsin. Mən bu artımla heç razı deyiləm. Deyirlər ki, bu qərar 62 faiz əhaliyə təsir göstərməyəcək. Mən bu rəqəmə inanmıram. Bu rəqəm cənab prezidentin apardığı uğurlu iqtisadi siyasətin nəticələri ilə düz gəlmir.
Çünki cənab prezident hər dəfə çıxışında deyir ki, yoxsulluq rəqəmləri aşağı düşüb. Amma əhalinin yoxsulluq faizi hələ də çoxdur. Ona görə də qazı və işığı çox yandırırlar. Təklifim budur: Geriyə yol yoxdur. Amma çıxış yolları var. İndi 300 milyon əlavə olunacaq deyirlər, düzdür o pulu tapmaq böyük rəqəm deyil. Bu pulu komitə və nazirliklərdən dotasiya şəklində də ötürmək olar. Kvotanı ikiqat artırmaq olar. Yığım faizini çoxaltmaqla bu bəladan qurtulmaq olar. Qaz və işıqla bağlı qərar elə bir zamanda qəbul olunub ki, bu gün Qubaya 20 sm qar yağıb. Şaxta 10-12 dərəcədir. Belə bir zamanda xalqın boğazından tutmaq xalqı çətinliyə salmaq düzgün deyil”.
Yevda Abramov deyib ki, xalq hələ də referndumun təsiri altındadır və bu referendum əslində elə prezident seçkiləri idi: “Xalq referendumun təsiri altında yaşayır. Xalq referenduma deyil, prezidentə səs verdi. Qubada və digər regionlarda cənab prezidentə necə bir sevginin olduğunun mən şahidi oldum. Oqtay müəllim, bu sadəcə referendum deyildi, prezidentin yenidən seçilməsi idi”.
Deputat bildirib ki, məmurlar qərar qəbul edərkən xalqı düşünmürlər: “Amma məmurlarımız belə ciddi qərarları qəbul edərkən doğrudanmı xalqı düşünürlər? Mən buna tam şübhə ilə baxıram. Bu gün ölkənin valyuta bazarına ciddi süni müdaxilələr var. Mən bunu gözlərimlə “Xalqlar dostluğu” , “28 May” metrosu və Quba bazarında görmüşəm. Eyni gündə 4 saatın içində dollar 5 manat fərqlə satıldı və alındı. Həmin insanların xüsusi maşınlarının arxa hissəsində kisələrlə dollar hardandır? Bu pullar onların əlinə necə düşüb? Mən buna məəttəl qalmışam. Kim diktə edir bu qara bazara? Belə olacaqdısa, biz valyuta dəyişmə məntəqələrini niyə ləğv etdik? Xaricdə bir avronu dəyişmək üşün pasportumuzu təqdim edirik. Orada adımız, familiyamız yazılır. Bu qədər insanları işsiz qoyduq. "Qara bazar"da möhtəkirlik üçün daha da geniş imkanlar açdıq.
Onsuz da valyuta dəyişmə məntəqlərini ləğv etmək effekt vermədi. Eyni vəziyyəti Rusiya da keçirib. Amma Rusiya bu xəstəliyi bu cür keçirmədi. Bu böhran deyil, neft ölkələrini çökdürmək üçün güclü dövlətlərin işi idi. Ona görə biz hərəkət etməliydik, kənara çəkilməli deyildik. Bu gün üçün səriştəlilik göstərməli idik. Mən bücə layihəsinə səs verib düyməni basarkən arzu edəcəm ki, büdcəmizdən haram əllər yox olsun.
Amma bunun nə xeyri? Yenə həmin insanlar, həmin əməllər yerinə yetiriləcək. Xalq biz deputatlardan çox şey gözləyir, danışmamaq da olmur. Elə-belə də burada gəlib oturmaq olmur axı, Oqtay müəllim? Mən bu gün büdcədən rayonum üçün pul istəmirəm. Bilirəm ki ölkə başçısı demişkən 2017- ci il ağır il olacaq. Amma elə məsələlər var ki Azərbaycan məmurundan çox şey asılıdır. Mən demişəm ki, kim cənab prezidentə kömək etmirsə, bu ölkənin suyu və çörəyi haram olsun. Elə mən də onların içində olmaqla.
Əl çəkmək lazımdır bu korrupsiyadan. Bu millətə yaxın durmaq lazımdır. Nə olar ki, bir-iki il yaxşı yaşamayaq , amma xalqın yanında olaq. İnsanların dəniz kənarında, dağın başında nə qədər villası olar? Qonaqkəndə nazirlərin, komitə sədrlərinin mal-qaraları qışlağa gedir. Çobanlardan soruşursan ki, bu adlar kimindir. Nazirlərin adına kimi deyir. Mən indi burada ad çəkmək istəmirəm”.