Cəmiyyət (26-02-2015, 11:42)
Manatın ucuzlaşması nə göstərdi?
Bəlkə də bu sual bir qədər ritorik görünəcək, həm də hadisələri qabaqlamaq cəhdi kimi yozulacaq. Amma belə də deyil. Təbii ki, əsl nəticələr bundan sonra özünü təzahür etdirəcək. Di gəl, indi də müəyyən qənaətlər əldə etmək mümkündür...
Manatın kursu dəyişən gün bir-iki deputat çox sərt danışmağa cəhd etdi. Hətta adamda belə təəssürat yarandı ki, deyəsən, bu ölkədə də müxalifət var. Amma elə ki, Milli Məclisin iclası yetişdi, əvvəlki aqressivlikdən heç əsər-əlamət də qalmadı...
Ola bilsin, iclasdan sərt məqamları nümayiş etdirmədilər. Fəqət, düşünürük ki, əgər orada hər hansı bir sərt bəyanat səslənsəydi, bu, dərhal telekanallardan biri vasitəsilə sızdırılardı...
Qərəz, bu dəfə də aydın oldu ki, parlamentin hökumət üzərində hər hansı nəzarəti və təsiri yoxdur. Düzdür, maliyyə ilə bağlı qərarlar həmişə öz qəfilliyilə seçilir və bu, bütün dünyada belə olur, çünki bu qərarlar əvvəlcədən açıqlansa, onlar çox böyük sosial panikaya səbəb olarlar...
Əslində ölkədə hamı milli valyutanın kursunun axımlı, tədricən dəyişməsinin tərəfdarı idi. Belə halda əhaliyə daha az ziyanın dəyəcəyi güman edilirdi. Həm də başa düşülürdü ki, valyutanın kursu mütləq dəyişməlidir.
Amma bütün dünyada olduğu kimi, Azərbaycanda da son anda hökumət özünü düşündü. Bir anın içində milli valyutanın rəsmi məzənnəsi elan olundu və bununla da böyük bir prosesə təkan verildi...
İndi belə söhbət gəzir ki, hökumət anti-böhran proqramı təqdim etməlidir. Gəl, bunun nə vaxt baş verəcəyini heç kim bilmir. Qiymətlər isə faktiki olaraq artıb. Hərçənd hökumət hələ də qiymət artımının olmayacağını bəyan edir...
Nə etmək olar? Əhalinin böyük əksəriyyətinin hökumətə inanmaqdan savayı çarəsi yoxdur, hökumət isə bir az əvvəldə dediyimiz kimi, birinci növbədə özünü və daha sonra isə iri kapitalı düşünür...
Bu mənada o, dünyadakı digər hökumətlərdən az fərqlənir, bircə fərqlə ki, bizim hakimiyyət daha çox iri kapitalın keşikçisidir, çünki bu kapital onların özünə məxsusdur...
İmkansız təbəqə ilə bağlı da müəyyən vədlər eşidilməkdədir. Deməli, bütün ağırlıq cəmiyyətin sütununu təşkil edən orta təbəqənin üzərinə düşəcək, məhz o təbəqə yeni maliyyə qərarlarının ağırlığını çəkməli olacaq - onların real gəlirləri birmənalı şəkildə aşağı düşəcək...
Orta təbəqə, bəzən buna orta sinif də deyirlər, cəmiyyətin sabitliyinin təminatçısı kimi çıxış edir. Bir çox hallarda hökumətlərə məhz orta təbəqəyə istinad etmək məsləhət görülür.
Amma ümumi repressivlik halında bu tövsiyyə pozulur. Xüsusən də oliqarxik hakimiyyətlər üçün belə tövsiyyələr on birinci barmaq kimi lazımdır - onlar birinci növbədə böyük kapitalın maraqlarını güdürlər.
Acların üsyanı olmasın deyə, bir azacıq da imkansız təbəqəni nəzərə alırlar. Uduzan isə yenə də orta təbəqə və onun maraqları olur.
Əslində “orta sinif nəzəriyyəsi” də oliqarxik hakimiyyət üçün deyil, azadlıq və rəqabət şəraitində işləyən bazar iqtisadiyyatlı ölkələrə aid edilir - oliqarxiya elə oliqarxiyadır və onun azad bazar iqtisadiyyatlı rejimlərə dəxli yoxdur...
Oliqarxiyanın öz maraqları var. Bu, böyük kapitalın maraqlarıdır. Bu dünyanın öz qanunları və öz prinsipləri var. Oliqarxiya haqqında oxuduğumuz ilk kitab C.Londonun “Dəmir daban” əsəri olub. Hələ də həmin əsərin təsiri altındayıq...
Amma o vaxt ağlımıza da gəlməzdi ki, oliqarxiyanın hakimiyyəti altında yaşamalı olacağıq. Oliqarxiya böyük kapitalla siyasətin sintezi deməkdir və bu sintez vasitəsilə onların monopoliyası yaranır, iri kapitalın təmərküzləşməsi baş verir...
Orta sinif isə kapitalın və hakimiyyətin bir qədər səpələnməsi deməkdir. Məhz bu səpələnmə hakimiyyətə müəyyən dayanıqlılıq verir, onu kataklizmlərdən qoruyur. Oliqarxiya isə çevrilmiş piramida deməkdir. Bəs nədən belə vəziyyət böyük sosial etirazlara gətirib çıxarmır?
Desək ki, bunun cavabını heç kim bilmir, bu, bəlkə də bir az qeyri-səmimilik olar, çünki ola bilsin, elə adamlar var ki, onlar bunu bilirlər...
Amma daha doğrusu budur ki, ciddi sosial etirazlar bir neçə faktordan asılıdır. Onların baş verməsi üçün həmin faktorların eyni vaxtda üst-üstə düşməsi lazımdır, bu isə hər gün olmur. Bəlkə də daha mobil və ümidverən təbəqə elə orta sinifdir. Amma onlar da ilk növbədə sabitliyə önəm verirlər...
Bəli, bu təbəqəni sosial-siyasi proseslərin motoru adlandırmaq olar, gəl, onlar heç bir halda dəyənək funksiyasını yerinə yetirmirlər...(musavat.com)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024