Adətən bəzi məmurlar “basıb” pulu yeyirlər. Belə düşünür çoxları. İndi bu hadisəni necə adlandıraq? AAYDA-dan soruşaq: Bu hadisəyə necə qiymət verirsiz? Dərhal deyə bilərlər ki, dünyada da fəlakətlər olur. Amma bu yağış o fəlakətdən deyildi. Dünyada körpü tikən, yol salan nazir və ya rəislər, sədrlər Teymur Əliyevdə, Nabranda, Bilgəhdə olan villalara bənzər ev eşiyə, malikanələrə də sahib deyillər axı. Nə də onların, əzizlərinin sürdüyü avtomobillərin dəyəri milyonlarla ölçülmür.
Ödənişli yoldan dəfələrlə mən də istifadə etmişəm. Son dönəmdə Bakıdan üzü Qubaya keçidə yaxınlaşanda keçidin birinin sıradan çıxmasının şahidi olmuşdum. İşlək deyildi. Heç işləməyən bu nöqtəyə yaxınlaşanda xəbərdarlıq da yox idi ki, sürücü bu hissəyə daxil olmasın. Hamı məcbur olub geri qayıdır və digər bölmədən keçməli olurdu. Yola olan münasibət deyəsən elə o günlərdən başlamışdı. Amma düşündüm ki, Bu Bakı – Quba yolunun bəxti açılmır ki, açılmır...
Bakı-Quba yolunun ZİYAlı tarixi....Ölməz xatirəsi...
(Cavid adının mənası: ölməz-əbədi)
Hələ 2005-2010-cu illərdə bu yola 625,7 milyon manat vəsait xərclənmişdi. Əlavə olaraq 15 milyon manatdan çox vəsait isə həmin yolla bağlı digər xərclərə yönəldilmişdi. Ümumilikdə 641 milyon manata yaxın vəsait batdı getdi bu yolda. Əsas Qazıqumlaq yolu şümallaşdı, Teymur Əliyevdə olan ev eşik düzəldi, ZQAN Holding yarandı və sair və ilaxır. Hətta dedilər sabiq nazirin bağ evində çənləri “Ərikli” suyu ilə dolur. Xalq öz “qəhrəman”ına dastanlar qoşur axı. Ziya Məmmədova yaxın və o dönəmdə sədaqətli sayılan Cavid Qurbanov da var idi. Hətta gözəl xatırlayıram Ziya Məmmədovla Cavid Qurbanov telefonla danışırdlar. Ziya müəllim xəstələnmişdi. Cavid Qurbanovla olan mehriban danışığı zamanı həsədlə bu dostluğa baxıb bir anlıq halal olsun da dedim. Sonra zaman gəldi hər iki dost arasında elə nazirlikdə kabinetdə mübahisə düşdü. Bu mübahisələr ölkənin məşhur restoranlarınn birində ikili arasında gedən müzakirələrdə də davam etmişdi. Nəticələr isə bəllidir.
İndi Ziya müəllim namaza başlayıb. Allah qəbul eləsin. Oğlu Anar Amerikada zəhmətlə cəfakeş həyat sürür. Bir sıra yaxınları isə Anardan küsüb. "Bizim evimizi o yıxdı, dağıtdı gül kimi səltənətimizi" deyirlər. Cavid müəllim isə çəkilib səssizliyə.....
Bakı-Quba yoluna əməli SALEH biri lazımdır
Maraqlı bir təsadüf də var. Bu asfalt işinə kim baxırsa qonşu olmaq da talelərinə yazılır deyəsən. AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov da məşhur Teymur Əliyev küçəsində yaşayır. Bu küçənin bir başlanğıcında Ziya Məmmədov, digər başlanğıcında isə bir qədər içəri məhəllədə Saleh müəllim yaşayır. Yolları bir nöqtədə kəsişir. Talelərini deyə bilmərəm.
Maraqlıdır ki, 2018-ci ildə tikintisinə 150 milyon manat ayrılan, 2023-cü ildə istifadəyə verilən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolu niyə bu günə qaldı. Bu yol istifadəyə veriləndə, təhvil-təslim aktı imzalananda heç bir araşdırma aparılmadımı? Bu yolda 40 yol ötürücüsü və körpü, 52 alt keçid var. Bəs bu yol tikiləndə relyefi, sel basma təhlükəsi, ərazinin iqlim şəraiti necə nəzərə alınmamışdı?
Bu yağış bir gün çəkdi. Bəs intensiv olaraq bir neçə gün yağsa nə baş verərdi? Ödənişli yol biyabırçı hala düşdü. Hanı mühəndis? Haradadır təhvil-təslimə qol çəkənlər? Saleh müəllim açıqlama versə nə gözəl olardı. Bir zaman deyirdi bu yolda sürətlə sürün.
Deyirəm Saleh müəllim: “Mən yola çıxanda gərək maşının yük yerində (baqajda) ən azı 600 min olsun. Yoxsa uzaq yola çıxa bilmirəm”.... deyibən bu yola çıxıb yağışlı havada sürətlə avtomobil sürə biləydik...(ajans.az)