Gündəm (15-03-2016, 13:52)
Deputatdan hökumətə sərt ittiham: "Xalqı ayağa qaldırmaq lazım deyil"
Milli Məclisin plenar iclasında Azərbaycanın Baş naziri Artur Rəsi-zadə Milli Məclis üzvləri qarşısında hesabat verib. 20 dəqiqə davam edən hesabat zamanı Baş nazir bildirdi ki, 2015-ci ildə Milli Məclisə keçirilmiş ədalətli və demokratik seçkilər Azərbaycan siyasətində mühüm hadisə olub.
Mediatv.az: O, yeni parlamentin üzvlərini gec də olsa, təbrik edib. Daha sonra A.Rəsi-zadə 2015-ci ildə yüksək səviyyədə təşkil olunmuş I Avropa Oyunlarının idmanın gələcək inkişafına ciddi təsir edəcəyini bildirib. Eyni zamanda hökumət başçısı ötən il Azərbaycanın qazandığı uğurlardan bəhs edib və xeyli statistik rəqəmləri sadalayıb.
Müzakirələr zamanı çıxış edən deputat Yevda Abramov hökumətin 2015-ci ildəki fəaliyyətini kafi qiymətləndirib və hesabata səs verəcəyini bildirib. O, ötən il ərzində görülən işlərdən danışıb. Eyni zamanda seçicilərinin problemlərindən danışıb.
Deputat bəzi kəndlərin sel təhlükəsi qarşısında qaldığını vurğulayıb: “Deyirlər ölünün üstündə ağlayarlar. Amma gəlin elə edək ki, xəstəni müalicə edək, onu ölməyə qoymayaq. Sabah sel basanda, bu kəndləri su basanda milyardlarla pul xərclənəcək”.
O, Rusiya-Azərbaycan sərhədlərinin dəqiqləşdirilməsindən sonra bəzi kəndlərin “havada” qaldığını da söyləyib: “Nazirlər Kabinetinin xəbəri yoxdursa, bu kəndlər necə salınıb?”
Y.Abramov bundan sonra sərt tənqidlərini dilə gətirib və hökumətin fəaliyyətini tənqid edib: “Barmek” gedəndən sonra vətəndaşların adına kütləvi şəkildə borc yazılır. Mənim özümə 787 manat borc yazılıb. Hansı ki, neçə illərdir, Bakıda yaşayıram. 20 il bundan qabaq ölmüş adamın 900 manat borcu var. Xalqı ayağa qaldırmaq lazım deyil. Sonra da deyirlər ki, Qubada xalq ayağa qalxdı. Bəli, 5-10 nəfər ayağa qalxmışdı. Mən də oradaydım. Belə-belə şeylərdən xalq narazı qalır. Amma xalq prezidentin şəkli ilə küçələrə çıxır. Deməli, xalq prezidentdən razıdır. Deməli, prezident hamıdan çox işləyir, bütün nazirlərdən, hətta bizdən də çox işləyir. Rusiyada nazirlər bütün günü televiziya ilə xalqın qarşısına çıxır, məlumat verirlər. Bizdə isə bunu görmürük. Bunun əvəzində müğənnilərin didişməsi gedir. Xalq yorulub, artıq...”/musavat.com/