Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (7-06-2016, 23:39)
Mahir Abbaszadə: “Hər bir insan öz səngərində Vətənə xidmət etməlidi”

Mahir Abbaszadə: “Hər bir insan öz səngərində Vətənə xidmət etməlidi”

 

Laçın rayonunun millət vəkili Mahir Abbaszadə Lacin.info saytının və laçınlı seçicilərin suallarını cavablandırıb. 

- Mahir müəllim, millət vəkili seçilməyinizdən 6 ay keçir. 75 minlik seçicinin yükünü çiyinlərinə götürmək böyük məsuliyyətdi. Peşiman deyilsiniz ki?

- Yox, peşiman deyiləm. Mən bu seçkiyə qoşulmamışdan öncə də hər bir şeyi ölçüb biçmişdim və seçkidə qələbə qazandıqdan sonra da bu insanların qarşısına necə çıxacağımı bilirdim. Həm seçkidən öncəki dövrdə, həm də seçkidən sonrakı mərhələdə seçicilərimin mənə olan ümidləri, mənə qarşı göstərdikləri səmimiyyət belə bir qənaətə gələməyə əsas verir ki, çox doğru bir addım atmışam. Bu günləri seçicilərimlə görüşlər, onlarla apardığımız müzakirələrin elə bir ağırlığı yoxdur. Seçicilərimi narahat edən məslələrdə millət vəkili olaraq mən daha yaxından müdaxilə edə bilərəm, daha yaxın ola bilərəm və bu son nəticədə bizim işlərimizin müsbət istiqamətdə getməsinə kömək edər.

- Seçicilərinizlə tez- tez görüşlər keçirdirsiniz. Bu gün, laçınlı seçiciləri daha çox hansı problemlər narahat edir və sizə daha çox hansı istiqamətlərdə şikayətlər olur?

- Belə deyək, insanlar dünyada müxtəlif olduğu üçün onların rastlaşdıqları problemlər də müxtəlifdir. İnsan var ki, onun həyatda qarşılaşdığı çətnlik özü üçün böyük bir problemdi. İnsan da var ki, qarşılaşdığı problem onun üçün o qədər də çətinlik yaratmır. O nöqteyi-nəzərdən seçicilərimin problemlərini qruplaşdırsaq, onların əsas çətinlikləri sosial məslələrlə bağlıdır. Bilirsiniz ki, digər rayonlardan fərqli olaraq bizim rayon işğal olunduqdan sonra laçınlılar Azərbaycanın 58 şəhər və rayonunda məskunlaşıblar. Məcburi köçkünlük həyatına məhkum olunmuş, 58 rayona səpələnən bu insanların ən böyük problemi ev, məişət, işsizlik problemləridi. Bəzi insanların sağlamlıq problemləri var. Ancaq hesab edirəm ki, nə qədər cəmiyyət var, problem də olacaqdı. Zamanla bunların aradan qaldırılmasına çalışırıq. Deyərdim ki, bu gün laçınlıların ən böyük çətinliyi mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı olan problemlərdi.

- Sosial şəbəkədən istifadə edən çoxsaylı seçiciləriniz də saytımız vasitəsi ilə sizə suallar ünvanlayıb. Qeyrət Əmirov adlı bir seçici bilmək istəyir ki, Ağcabədi rayonunda yerləşən “Laçın obaları” adlanan ərazidəki laçınlılar üçün yeni evlərin tikintisi nə vaxt olacaq və bu istiqamətdə hansı təklifləriniz var?

-Suala görə Qeyrət bəyə təşəkkür edirəm. Bilirsiniz ki, cənab Prezidentin sərəncamları ilə Azərbaycanda məcburi köçkünlər üçün çoxsaylı yeni qəsəbələr salınıb. Bu qəsəbələr çox yüksək səviyyədə inşa edilib və insanlar artıq çadır həyatını tərk edərək rahat evlərdə yaşayırlar. Məndə olan məlumata görə, son illər ərzində respublikamızın müxtəlif ərazilərində 93 qəsəbə salınıb ki, bu qəsəbələrdə 46 min ailədən ibarət 300 min insan məskunlaşıb. Laçınlılar da mənzil şəraiti yaxşılaşdırılanların içərisindədir. Bakı şəhərində, Qaradağ, Abşeron, Bərdə, Biləsuvar, Ağdam rayonlarının ərazisində salınmış müasir qəsəbələrdə də laçınlılar məskunlaşıb. Ağcabədi rayonunun ərazisindəki Taxtakörpü qəsəbəsində də laçınlı ailələr üçün fərdi evlər tikilərək istifadəyə verilib. Ən sevindirici hal burasındadır ki, bu gün də məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması birbaşa dövlət başçısının nəzarətindədir. Amma bir məsləni qeyd etmək istəyirəm ki, Laçın rayonundan olan məcburi köçükünlərin həyat şəraitinə baxarkən orada birnci amil odur ki, bizim rayon həddindəna artıq dağınıq bir vəziyyətdədir. Yəni Azərbaycanın 58 rayonunda laçınlılarımız məskunlaşıb. Hətta elə rayon var ki, o rayonda cəmi 3 nəfər laçınlı ailə yaşayır. Digər tərəfdən, başqa rayonlar çox kompakt vəziyyətdə məskunlaşıb, amma bizim Laçın rayonu çox dağınıq vəziyyətdədir. Ona görə də Bakı və Bakı ətrafı ərazilərdə, həmçinin müxtəlif rayonlarda istifadəyə verilmiş qəsəbələrdə az da olsa laçınlılar evlə təmin olunub. Başqa bir məsələ ondan ibarətdir ki, bu məcburi köçkün rayonları içərisində ən çox evlə təmin olunan da Laçın rayonundan olan insanlardı. Bu onunla əlaqəlidi ki, bizim rayon işğal olunan vaxtı əhali Bakıda, Sumqayıtda, Abşeronda məskunlaşarkən yataqxanlarda, peşə məktəblərində, belə deyək də, yaşamaq üçün minmum şəraiti olan yerlərdə məskunlaşmışıq. Düzdü, bu günkü Azərbaycanın inkişafından baxanda bu yerlərdə yaşamaq dözülməzdi, mümkün deyil. Amma 1992-ci ildəki Azərbaycandan baxanda belə yerlərdə məskunlaşmalar daha üstün idi. 1992-1994-cü illərdə digər rayonlar işğal olunarkən əhali İmişlidə, Ağcabədidə, Saatlıda, Sabirabadda çadır şəhərciklərində məskunlaşmışdılar. Məhz bu baxımdan dövlətimiz üçün əsas piroritet sahə çadır şəhərciyində məskunlaşmış insanların evlə təmin olunması idi. 

Konkret olaraq Taxtakörpü qəsbəsində yaşayan laçınlılarla bağlı bir məsləni demək istəyirəm. Müxtəlif vaxtlarda orada 3 qəsəbə salınıb. O qəsəbələrdən biri 552 evdən ibarət çox böyük bir qəsəbədi. Digər qəsəbələr isə balaca qəsəbələrdi.Taxtakörpü ərazisində yaşayan laçınlıların məsələsi ilə bağlı bəzi araşdırmalar aparmışam. Məlum olub ki, 1500 laçınlı ailəsi çox aşağı səviyyədə, minumum həyat səviyyəsi olan yerlərdə məskunlaşıb. Biz ora obalar deyirik, yataqllar, qazmalar deyirik. Mənim fikirimcə, orada 1500 ailədən ibarət bir qəsəbə salınarsa, Taxtakörpü qəsəbəsindəki bütün əhalinin həyat səviyyəsi yaxşılaşar. Ancaq bunun üçün Azərbaycan Respublikasının dövlət gəlirləri buna imkan verməlidir. Məndə olan məlumata görə, ilin sonuna qədər Məcburi köçkünlərin sosial inkişaf fondu vasitəsilə Füzuli rayonu ərazisindəki “Haramı” düzündə bir qəsəbə salınıb istifadəyə veriləcək. Sonrakı illərdə Sumqayıt şəhəri yaxınlığında bir qəsəbənin tikintisi planlaşdırılır. Bu, Sumqayıtda yaşayan Laçın və Qubadlı rayonundan olan insanlar üçün tikiləcək. Daha sonra Abşeron rayonunun Qobu qəsbəsində böyük bir şəhərciyin tikintisi planlaşdırılır. Bu ərazilərdə də laçınlıların evlə təmin olunması nəzərdə tutulub. Digər ərazilərdə və Taxtakörpü qəsəbəsində tikiləcək qəsəbələrdə də laçınlılar evlə təmin olunacaq.

- Mahir müəllim, seçicilərlə yeni görüşlər nəzərdə tutulurmu?

- Mənim millət vəkili seçilməyimdən bu günə qədər təxminən 6 ay keçir. 6 aylıq hesabatı bu yaxınlarda Milli Məclisə təqdim etmişəm. Parlamentdə fəaliyyətim dövründə 50-yə yaxın seçicini qəbul etmişəm. Onların 22 nəfərinin problemi yerindəcə həll olunub. Yerdə qalan 28 nəfərin işi isə icraatdadır. Yəni onların məsləsinin həlli bir az zaman alcaq. 2 nəfər isə aidiyyatı üzrə mənə müraciət etməyib. Və bu sahədə işlər davam etməkdədir. Bundan başqa millət vəkili seçildikdən sonra xeyli görüşlərim olub. Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən yataqxanda yaşayan məcburi köçkünlərlə görüşmüşəm, həmçinin oradakı orta məktəbdə, tibb məntəqsində olmuşam. Orta məktəbə bir kompüter dəsti, I-III sinif şagirdlərinə dərs ləvazimatları hədiyyə etmişəm. Xəzər rayonunun Zığ qəsbəsində məskunlaşan laçınlılarla da görüşüm olub. Oradakı orta məktəbdə Xocalı soyqırımı ilə bağlı anım tədbirində iştirak etmişəm. Qaradağ rayonunun Ümid qəsəbəsində məskunlaşan laçınlılarla görüşmüşəm, orta məktəbdə müəllim və şagird kollektivi ilə söhbətləşmişəm. Rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Aqil Nəzərli ilə birlikdə Göyçay rayonunda məskunlaşan laçınlılarla görüş təşkil etmişik. Mart ayında Taxtakörpü qəsəbəsində Novruz şənliyində iştirak etmişəm. Orada insanlarala görüşüb söhbətləşmişəm. 3 Aprel döyüşlərində iştirak edən və ölümndən sonra cənab nazir tərəfindən döş nişanı ilə təltif olunan şəhid Ülvin Məmmədovun, həm yas mərasimində, həm də 40 mərasimində, ona təqdim olunan nişanın təqdimat mərasimində iştirak etdikdən sonra seçicilərimlə görüşmüşəm. Həmçinin 15-ə yaxın laçınlı ilə təkbətək görüşərək onların problem ilə maraqlanmışam, əlimdən gələn köməyi göstərmişəm. Bundan başqa may ayının 18-də rayonumuzun işğalının 24 illiyi ilə bağlı Taxtakörpü qəsəbəsində keçirilən rəsmi tədbirdən sonra şəhid ailələri və seçicilərlə görüşmüşəm. 3 aprel döyüşlərində yarlanan iki nəfər laçınlıya baş çəkərək onlara dəstək göstərmişik. Bu görüşlər indən belə də davam edəcək.

- Mahir Abbaszadə Milli məclisə 6 aylıq hesabtandan başqa, bir insan kimi özü-özünə 6 aylıq hesabat veribmi?

- Təbii ki, mənim ən böyük hesabatım dövlətimiz qarşısndadı. Bilirsiniz ki, mən Yeni Azərbaycan Partiyasının namizədiyəm. Partiyamız hakim partıyadı. Partiyamızın rəhbəri çox hörmətli İlham Əliyev cənabları Azərbaycanın çiçəklənməsində, bugünkü yüksək inkişaf səviyyəsinə gəlib çatmasında çox önəmli bir rol oynayıb. Partiyanın namizədi olaraq Milli Məclisə seçilmiş bir şəxs kimi bizim qarşımıza məsuliyyətli vəzifələr qoyulub və çalışmalıyıq ki, qarşıdan gələn illərdə bu vəzifələrin öhtəsindən layiqincə gələk. Eyni zamanda, hər bir insanın özü-özü ilə də bir hesabatı var. Mən sizə səmimi bir etiraf etmək istəyirəm. İnanın ki, parlamentdə mənə müraciət edən o insanların, hansı ki, qeyd etdim, 22 nəfərin problemi müsbət istiqamətdə həll olunub. Bütün bu vaxt ərzində mənə elə gəlib ki, bu problemlər o insanların deyil, mənim özümə aiddir. Hansısa bir şəxsin sağalmasına kömək edib, onkoloji xəstəxanada onun yanına gedib, sevincinə şərik olmaq, müalicəsi başa çatdıqdan sonra gülə-gülə evinə yola salmağın sevinc hissini sözlə ifadə etmək mümkün deyil. Mən həmişə hesab etmişəm ki, o şəxs təkcə laçınlı deyil, mənim seçicim deyil, həm də öz ailə üzvlərimdən biridir. Bu nöqteyi-nəzərdən mənə müraciət edən bütün insanlarla bərabər, onların problemini də, sevincini də, kədərini də birlikdə yaşamışam. Çətinliklərini içimdən keçirtmişəm ki, sonra özüm özümə hesabat verəndə deyə bilim ki, kiməsə dəstək dura bilmişəm. Həmişə çalışıram ki, 6 ay bundan öncə mənə səs verən insanlar bilsinlər ki, onların səsi boşa getməyib. 

- Rusiyadan İlham İbrahimov sizə salamların gönədrib və qeyd edir ki, siz təkcə Azərbaycanda yaşayan laçınlıların deyil, həm də Rusiyda yaşayan laçınlıların etimadını doğruldacaqsınız.

- İlhama və İlhamla bərabər Rusiya Fedarasiyasında yaşayan bütün azərbaycanlılara təşəkkür edirəm. Mənim Rusiyda yaşayan azərbaycanlılarla, xüsusən də, laçınlılarla münasibətlərim çox yüksək səviyyədədi. Bu insanlar vətəndən kənarda olsalar da öz əməli fəaliyyətləri, öz diaspora işi ilə bu gün həm Azərbaycanı, həm də çox fəxr etdiyimiz Laçını ləyaqətlə təmsil edirlər. Həmişə onlarla görüşdə də deyirəm ki, siz, burada çalışdığınız müddətdə, sizinlə bir müəssisədə çalışan, sizə qonşu olan, qohum olan, sizin övladlarınızla bir məktəbdə oxuyan digər xalqların nümayəndləri ola bilsin ki, Azərbaycanı görməyiblər, amma sizin davranışlarınız, sizin hərəkətləriniz, cəmiyyətə özünüzü təqdim etməyiniz, onların düşüncəsində Azərbaycan obrazı, Azərbaycan düşüncəsi yaradır. Bu baxımdan mən xaricdə yaşayan azərbyacanlılara, İlham qardaşımızla çalışan dostlarımıza fəaliyyətlərində uğurlar arzulayıram və bildirirəm ki, bu gün onlar ikiqat məsuliyyət daşıyırlar. Həm ailələrinin qarşısında, həm də Vətənin qarşısında. Ona görə də bu məsuliyyət hissin həmişə qoruyub saxlasınlar, vətənimizi daima ləyaqətlə təmsil etsinlər.

- Nigar Həmidli adlı xanım yazır ki, cəbhə bölgəsində xidmət edən əsgərlərin çoxu işğal olunmamış ərazilərdəndi. İşğal olunmuş rayonlardan olan əsgərlər isə daha çox Qubada, Lənkəranda və başqa ərazilərdə xidmət edir. Soruşur ki, Milli Məclisdə bu haqda məsələ qaldırılıbmı?

- Nigar xanıma bir məsləni bildirmək istəyirəm ki, Azərbyacan bölünməz. İstər məcburi köçkün rayonu olsun, istərsə də digər rayonlar. Azərbaycan hər birimizindi. Qarabağ və onun ətrafında işğal olunmuş rayonlar bütün Azərbaycanın dərdidi. Bu gün başda cənab Prezident olmaqla dövlətimiz bu problemin həlli ilə məşğuldu. Amma xanıma xatırlatmaq istəyirəm ki, 3 il öncə bizim rayondan belə bir təşəbbüs oldu və bu təşəbbüs böyüyərək ümumrespublika tədbirinə çevrildi. Bu təşəbbüs ondan ibarət idi ki, işğal olunmuş rayonlardan hərbi məktəblərə daha çox gənclər cəlb olunsun. Məndə olan məlumata görə, hazırda da bu iş davam edir, bu öhdəçilik hər bir laçınlının qarşısna qoyulmuş bir borcdur. Sevindirici hal ondan ibarətdir ki, bu təşəbbüsə təkcə Laçın rayonu deyil, bütün işğal olunmuş rayonlar qoşulub. Bu gün istər Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin (BAÜKM), istərsə də Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunan gənclərin sırasına baxsanız görərsiniz ki, nəinki Laçın rayonundan, ümumilikdə bütün işğal olunmuş rayonlardan qəbul olanların sayı xeyli artıb. Bu bir tərfədən Azərbaycan ordusuna olan diqqətin bariz nümanəsidirsə, digər tərfdən xalqımızın ordumuzla bir yerdə olmağının sübutudur. İnanıram ki, bu gənclər Azərbaycan ordusuna peşəkar zabit olmaqla yanaşı, doğulduqları el-obanın, həm də bütün Azərbaycanın fəxri olacaqlar.

- Nigar xanımın sualında bir məqm da var. Xanım bilmək istəyir ki, müharibə başladığı təqdirdə millət vəkili Mahir Abbaszadə əlinə silah alacaqmı?

- Əvvəlcə onu qeyd edim ki, hər bir insan öz səngərində vətənə xidmət etməlidi. Xanıma bildirmək istəyirəm ki, mən ehtiyatda olan zabitəm. Bu gün dövlətimiz, partiyamız mənə etimad göstərərək Milli Məclisdə təmsil olunmaq üçün şans verib. Çox hörmətli laçınlılarımız da mənə səs verərək parlamentin deputatı seçiblər. Əgər sabah müharibə başlasa, Ali Baş Komandanımız İlham Əliyev hansı qərar verərsə, Mahir Abbaszadə əsgər kimi o əmri yerinə yetirməyə canla –başla hazırdır.

- Azərbaycan Texniki Universitetinin tələbəsi Əjdər Hümmətov laçınlı gənclərlə bağlı sual ünvanlayıb.

- Düşünürəm ki, bu yaxınlarda Laçından olan gənclərlə böyük bir görüş keçirim. Biz elə etməliyik ki, bu görüşdə bütün Laçın gəncliyi təmsil oluna bilsin və mən onların problemlərini, onları maraqlandıran məsələləri dinləyim. Bundan əlavə, xarici ölkələrdə təhsil alan laçınlı gənclərlə də bir görüş planlaşdırıram. Bu yaxınlarda Türkiyədə təhsil alan Orxan adlı bir laçınlı gənc müraciət etmişdi. Məni öz tədbirlərində iştirak etməyə dəvət edib. Çalışacam ki, onların tədbirində də iştirak edim. Həmçinin Azərbaycan mediasında sözünü demiş, çox ləyaqətli, bu gün qələminə nəinki Laçında, bütün republikada hörmət qoyulan jurnalistlərlərlə də görüş nəzərdə tutmuşam. Gənclərlə bağlı görüşü sadəcə olaraq görüş xatirinə keçirtmək istəmirəm. Mən gənclərlə görüşərkən onları dinləmək istəyirəm, onları düşündürən məsələlərlə bağlı müzakirələr aparmaq fikrindəyəm. Ola bilsin ki, bizim laçınlı gənclərdən hansınınsa çox gözəl fikirləri var, hansı ki, o fikir təkcə Laçın üçün deyil, bütün ölkəmiz üşün, cəmiyyətimiz üçün faydalı ola bilər. Ancaq o gəncin bu ideyanı həyata keçirtmək, onu cəmiyyətə çatdırmaq imkanları məhdudur. Ona da öz dəstəyimi göstərməyə hazıram. Yəni bu baxımdan düşünürəm ki, görüşümüz çox faydalı olacaq. Həm də bilmək istəyirəm ki, Azərbaycan gəncliyinin ayrılmaz hissəsi olan Laçın gəncliyi nə düşünür, nə fikirləşir. Bunlar hamısı mənim üçün vacibdir. Digər tərəfdən də mənim də onlara təkliflərim, istiqamətlərim ola bilər ki, qarşılıqlı surətdə həyata keçirdə bilərik. Həm də siz özünüz məni yaxından tanıyan adam kimi bilirsiniz ki, mən ümumiyyətlə danışmaqlardan, polemikalardan çəkinən deyiləm. Mənim xoşum gəlir ki, alternativ bir fikir olsun, təzə bir ideya olsun və biz onun ətrafında müzakirələr edək. Buna görə gənclərimizə demək istəyirəm ki, həm mətbatı, həm mənim facebook səhifəmi izləsin və o görüşdə mütləq iştirak etsin. Mənim düşüncəmcə, gənclərlə görüşü bir neçə yerdə təşkil etməliyik. Laçınlılar respublikanın çox yerində məskunlaşıblar, bizim yerləşmə coğrafiyamız elədir ki, Bakıda görüş təşkil etsək, orada ətraf ərazilərdə olanlar iştırak edəcək. Ağcabədidə təşkil etsək, yaxın rayonlarda yaşayan gənclər iştirak edəcək.Təbii ki, bunların hamısın müzakirə edəcəyik.
- Vəsilə Məmmədova adında bir xanım sizə təşəkkür bildirib. Qeyd edib ki, fəaliyyətinizi izləyir və qürur hisi keçirdir ki, Laçının sizi kimi ziyalıları var.
- Sağ olsun. Mən də təşəkkür edirəm Vəsilə xanıma. Əgər belə az bir zamanda fəaliyyətimi qiymətləndiribsə minnətdaram. Vəsilə xanımın vasitəsi ilə o fikirdə olan insanlara demək istəyirəm ki, onlar mənim Azərbyacanımıza, Laçınımıza olan xidmətimi qiymətləndirdikcə bu mənə ruh verir, bu mənim fəaliyyətimə bir stimul olur.

-Nərgiz Kərimova adlı xanım deyir ki, Mahir müəllimə sualım yoxdu, ancaq bilmək istəyirəm ki, niyə Mahir müəllimin facebook səhifəsində mənim girişimə qadağa qoyulub?

- Mənim bu haqda məlumatım yoxdu, adminlərlə maraqlanaram, araşdıraram görüm nəylə bağlı olub. Ancaq sizin vasitənizlə mən Nərgiz xanımı görüşə dəvət edirəm. Gəlsin canlı-canlı görüşək. İstəyirsə parlamentə gəlsin, istəyirsə görüş keçirəcəyim yerlərə gəlsin, söhbətləşək. Polemika edək, söhbət edək. Ola bilsin ki, Nərgiz xanım səhifəni vərəqləyərkən hansısa bir paylaşım xoşuna gəlib və yaxud hanısa xoşuna gəlməyib. Fürsətdən istrifadə edib mənim səhifəmi izləyən insanlara bildirmək istəyirəm ki, bu gün internet bizim istəmədiyimiz qonaqlardan birdir. Biz əvvəlcə o qonağı özümüz dəvət etmişik, bu gün isə ondan canımızı qurtara bilmirik. Artıq sosial şəbəkələr insanların həyat tərzinə çevrilib. Bu gün dünya internetlə idarə olunur. Facebook və bu kimi digər sosial şəbəkələr polemikaların meydanına çevrilib. Çox istərdim ki, mənim facebookda olan səhifəmdə də müsakirələr sağlam düşüncələr üzərində qurulsun. İnsanlarımız düşünsün ki, bu səhifəni təkcə onlar izləmir, təxminən 1700-ə yaxın insan izləyir. Deməli, 1700 izləyici varsa 1700 fikir var, 1700 düşüncə var. Ona görə də gəlin bir-birimizə hörmətlə, sayğıyla yanaşaq. Amma nəinki Nərgiz xanımın, hər bir laçınlının mənə olan münasibəti önəmlidi. Sosial şəbəkələri bir qırağa qoyub kim mənimlə görüşmək istəyirsə, istər sizin vasitənizlə, istərsə də köməkçim vasitəsi ilə həmişə görüşməyə hazıram. Bir laçınlı kimi həmişə camaatımızla bir yerdəyəm və bu indən belə də davam edəcək.

-Mahir müəllim, siz həm də alimsiniz, elm adamısınız. Millət vəkilliyi elmlə məşğul olmağa mane olmur ki? 

- Yox, olmur. Millət vəkili seçilməmişdən əvvəl də doktoranturada oxuyurdum və hazırda da təhsilimi davam etdirirəm. Artıq xaricdə bir neçə məqaləm çap olunub və düşünürəm ki, həmişə elmi fəaliyyət davam etməlidi. Hesab edirəm ki, biz Azərbaycana həm ağlımızla, həm elmimizlə, həm də sağlam düşüncələrimizlə xidmət etməliyik. 

-Saytımız vasitəsi ilə laçınlılara, seçicilərinizə daha nələri demək istərdiniz?

-Rayonumuzun bütün əhalisinə onu demək istəyirəm ki, bu gün dövlətimiz özünün ən qüdrətli dövrünü yaşayır. Əsrin əvvələrindən başlayan müstəqqilik yolumuza uğurla davam edirik. Ancaq çox təəssüf ki, Azərbaycanın bu qədər güclənməsinə baxmayraq, torpaqlarımız hələ də işğal altındadır. O cümlədən də bizim anadan olduğumuz Laçın rayonu. Mən həmişə seçicilərimlə görüşdə də deyirdim və çox şadam ki, bu dediklərim artıq öz təsdiqini tapmaqdadır. Vaxtı ilə cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qüvvətlənməsi, möhkəmlənməsi 2-5 aprel hadisələrində öz təsdiqini tapdı. Bu hadisələr göstərdi ki, Azərbaycan ordusu var, güclüdür və işğal olunmuş bütün torpaqlarımızı azad etməyə qadirdir. Həmişə demişəm, yenə də deyirəm ki, bizə burada nə qədər yaxşı şərait yaradılsa da, ürəyimiz qəlbimiz Laçınladı. Laçınlılarımıza demək istəyirəm ki, Qələbə günü uzaqda deyil, inşallah tezliklə torpaqlarımıza qayıdacağıq. Bunun üçün dövlətimizlə, dövlət başçımız cənab İlham Əliyevlə bir yerdə olmalıyıq, həmişə olduğu kimi onun siyasətini dəstəkləməliyik.

Siyavuş ƏMİRLİ

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024