Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (1-06-2015, 22:06)
“Biz o dağlara mütləq qayıdacağıq”

Rayon icra hakimiyyətinin başçısı Akif Səlimov laçınlıların ümumi fikrini belə ifadə edir

Bu yol Laçına gedir. Ümumi ərazisi 1835 kvadratkilometr olan, 1993-cü ildən əhalisinin bir qismi Ağcabədi rayonunun Taxta körpü qəsəbəsinə sığınan Laçına. 59 min əhalisi olan Laçın bu gün həm də ölkənin 59 rayonuna səpələnib. Dağlara-daşlara sığmayan Laçın param-parça olub da rayonlardakı yöndəmsiz binalara, hündürmərtəbəli evlərə, darısqal mənzillərə sığınıb.
Hazırda laçınlıların ən çox yaşadıqları yer Taxta körpü qəsəbəsidir – 3350 ailə yaşayır burada. Laçınlıların qışlaq yeri olan Taxta körpü bu gün onların daimi yaşayış yerləridir. 5 nəfər ailə üzvü olan bir ailə isə Daşkəsənə pənah aparıb. 
18 may 1992-ci il heç vaxt sevmədiyim, həmişə ən böyük kədərlə, ən böyük faciə ilə yaşadığım tarixdir. Məhz bu gün illərlə, əsrlərlə qarı düşmənə sinə gərən Laçını erməni qəsbkarları nəhayət, işğal edə bildi. Ömrümün və gəncliyimin ən gözəl çağlarını keçirdiyim bu ağır ellər, obalar düşmən tapdağında qaldı, mənliyimiz təhqir olundu. Ən böyük faciəmiz isə 18 may 1992-ci ildə itirdiyimiz Laçını bir də heç vaxt görə bilməyəcəyimizdir, o qədim yurd yerlərimizə qayıdıb yaşasaq belə. Çünki 23 illik qaçqınlıq, köçkünlük vaxtlarında biz həm də çox şeyləri itirdik. Saymaqla qurtarmaz, deməklə bitməz itirdiklərimiz.
Minlərlə laçınlılar əllərindəki gül-çiçəkləri Qarabağ döyüşlərində həlak olmuş həmyerlilərinin xatirəsinə ucaldılmış xatirə kompleksinin önünə qoymağa toplaşıblar. Şəhid olmuş, itkin düşmüş, girovluqda olan laçınlıların sayı 304 nəfərdir. 5 nəfər Milli Qəhrəmanı olan bu camaatın Qarabağ müharibəsində erməni vəhşiləri tərəfindən hansı işgəncələri gördüklərini təsəvvür etmək belə çox ağırdır. Diri-diri yandırılmış qadınların, qocaların, uşaqların cəsədlərini əks etdirən şəkillərə baxmaq üçün gərək daş bağlayasan ürəyinə.
Nəhayət, gül qoyma mərasimi başlayır, ən qanlı hadisənin ildönümünə yığışan laçınlıların gözlərindəki kədər o dağlardan qat-qat ağırdır bu gün. Abidənin önünə qoyulan gül-çüçəklər bu gün diri ikən ölmüş laçınlıların ruhudur sanki. O vaxtlar Laçın polisinə rəhbərlik etmiş, indi Laçın Rayon İcra Hakimiyyətinin başçısı olan Akif Səlimov mərasimin ilk sözçüsü olaraq xəyalən o illərə qayıdır. Həmyerlilərinin igidliyindən danışır, bu günün qayğılarını, tələblərini xatırladır. Həmişə olduğu kimi, yenə də bütün laçınlıların inamını ifadə edən o məşhur cümləsini daha uca səslə söyləyir: “Biz o dağlara mütləq qayıdacağıq, yoxsa yaşamağın adı yoxdur ki”...
Tədbirdə iştirak edən laçınlı millət vəkili Nazim Fərəcov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, bu rayondan deputat seçilmiş Tahir Rzayev və başqaları ağsaqqal Nuruş kişinin, şəhid oğlu Kərəm Cabbarovun çıxışlarına biganə qala bilmədilər. Qəhrəmanlıq və şəhidlik haqqında şeir söyləyən məktəblilərin səslərindəki kövrəklik də, kədər də sərin mehə qoşulub sanki dağlara tələsirdi.

Taxta körpü – görüş yeri

Ölkənin ən müxtəlif yerlərinə səpələnən laçınlıların Taxta körpü qəsəbəsindən sonra daha sıx məskunlaşdıqları yerlər Abşeron, Bakının Binəqədi, Qaradağ rayonlarıdır. Son hesablamalara görə, burada üst-üstə 10 mindən çox insan yaşayır. Sumqayıt şəhərinə 5480 ailə pənah aparmışdır. Bərdə, Şəki, Tərtər, İsmayıllı rayonlarında da kifayət qədər laçınlılar məskunlaşmışlar. Taxta körpü qəsəbəsində rayon icra hakimiyyətindən başqa Laçının bütün idarə və təşkilatları burada yerləşir. Ona görə də laçınlıların bu qəsəbəyə üz tutmaları zərurətdən doğur. 18 mayda isə bura toplaşan laçınlıları yalnız bir məqsəd – illərlə yağı düşmənə sinə gərən, ancaq son anda təslim olan, yağmalanan Laçının işğal gününü anmaq məqsədi gətirmişdi. O anların ağrısı ilə qovrulan insanların bu hüzn günü bir yerdə olmaları mənəvi borcdan başqa, həm də gələcək işlərini müzakirə etmək idi bəlkə. Çünki tədbir boyu, tədbirdən sonra da bu görüşdən istifadə edib gələcək məqsədlərini bir-biri ilə bölüşən onlarla laçınlı gördüm burada.
Laçını tərk edənə kimi rayonun ən səfalı kəndlərindən olan Nağdalıda yaşayan, gözəl pedaqoq, böyük nüfuz sahibi Məhəmməd Şükürovun uzun müddət görmədiyi laçınlılarla necə görüşdüyünü təsvir etmək çox çətindir. Laçını yer üzünün cənnəti adlandıran, mərd, mübariz insanları ilə fəxr edən Məhəmməd müəllim onların qayğıları ilə də maraqlanmağa vaxt tapırdı. Əlini yetirdiyi, kömək etdiyi insanlar çox idi deyəsən. Ona görə ki, bu ağsaqqal ziyalıya təşəkkür edənlər, “çox sağ ol” deyənlər bir-birinə qarışmışdılar. 35 il əvvəl tanıdığım Məhəmməd müəllim əvvəlki ehtirasla həmyerliləri ilə ən müxtəlif qayğıları müzakirə etməkdən yorulmurdu.
3 yaşında doğulduğu Qarıqışlaq kəndini tərk edən, hazırda qəsəbədə yaşayaraq rayon icra hakimiyyətində çalışan Yasin Həsənov gənclərin əhatəsində vətənpərvərlikdən, ordu quruculuğundan həvəslə danışır. Laçınlıların indi daha çox hərbi məktəblərdə təhsil almaqlarının əhəmiyyətindən danışır: “Döyüş zamanı bu daşları, dərələri ilk keçənlər siz olacaqsınız. Ona görə də hərbi bilikləriniz mükəmməl olmalıdır ki, döyüşlərdə itkilərimiz az olsun”.

“Dünyanın ən gözəl məkanı mənim Laçınımdır”

Tədbirdən sonra Heydər parkında bir-biri ilə həmsöhbət olanlar, həm də xeyli əvvəl yaşadıqları gərginlikdən qurtarmaq üçün kölgəlikdə oturanlar xeylidir. Heç şübhəsiz ki, bu ağır gündə onların bir-birinə həyan olmalarına daha böyük ehtiyacları var. Heç kimlə danışmağa həvəsli görünməyən, üzü dağlara qarşı dayanıb dərin fikrə gedən bu kimdir görəsən? Bu anda könlündən nələr keçir, nələr arzulayır?
Maraq güc gəlir və yaxınlaşıb tanış oluruq. Dağlar qoynunda yerləşən, zümrüd gözlü bulaqları olan Hacısanlı kənd sakini Hüseyn Səfərov sanki nədən başlayacağını bilmir. Nəhayət, içindəki ağrını boğa bilir: “Dünyanın gözəl ölkələri, şəhərləri, kəndləri çoxdur. Qədim və sirli Şərqdə, müasir Avropa ölkələrində, Mərkəzi Amerikada, uzaq Afrikada, qədim Hindistanda bir-birindən gözəl nə qədər yaşayış məskənləri var. Ancaq mənim üçün Yer kürəsinin ən gözəl, ən isti, ən müqəddəs yeri Laçındır. Çünki mən bu dağların çığırlarında atmışam ilk qədəmlərimi. Mavi qübbəyə, parlaq ulduzlara burada heyran kəsilmişəm. Anam doğma dilimdə burada layla çalıb mənə. Ulularımın qəbri bu dağlarda, şəhidlərimizin ruhu bu qayalardadır. Laçın mənim doğum və ölüm ünvanımdır. Hərdən mənə elə gəlir ki, yaşadıqlarım bir yuxudur, ağır və üzücü bir yuxu. Bir gün bu yuxu bitəcək və mən öz doğma kəndimdə, öz evimizdə gözümü açacam. Bu yuxu bitmir ki, bitmir. Ancaq nə vaxtsa bitəcək bu yuxu, biz öz evlərimizə, dağlarımıza qayıdacağıq. Əsl ömür onda başlayacaq, əsl günəş onda çıxacaq, əsl axşamlar onda düşəcək”...
Hüseyn kişi daha nələr danışdı, nələr dedi – xatırlamıram. Xatırlayıram ki, ayrılanda üzünü məndən çevirmişdi.

Səxavət Məmmədli

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024