Siyasət (25-03-2014, 12:39)
İsa Qəmbər: “Azərbaycanın seçim etmək imkanı var“
"BMT-nin Təhlükəsizlik Şurası işğalçı dövlətlərə təsir etmək gücündə deyil"
Bunu Müsavat başqanı İsa Qəmbər sosial şəbəkədə paylaşdığı statusunda bildirib: “Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və təcavüzü, Ukrayna ərazisi Krımı işğal və ilhaq etməsi beynəlxalq münasibətlər sisteminə dəhşətli zərbə vurdu. Çoxtərəfli və ikitərəfli sazişlər pozuldu. BMT Təhlükəzisli Şurasının gücsüzlüyü bir daha aşkara çıxdı. Ən təhlükəlisi odur ki, hətta böyük dövlətlər arasında imzalanmış sənədlərin də heç bir gerçək təminat yaratmadığı bəlli oldu. Çağdaş siyasətçilər bu gün sadəcə Rusiyanın Ukraynaya təcavüzündən doğan problemlərin həlli ilə deyil, həm də dünyanın yeni təhlükəsizlik düzənini qurmaqla məşğul olacaqlar.
Məhz buna görə bir həftə əvvəl yazmışdım ki, “16 martdan 17 marta keçən gecə "Ən yeni böhran" dövrü başlayır. Hər bir böyük böhran böyük risklər, təhlükələr və eyni zamanda böyük fürsətlər, imkanlar yaradır. Hamı və təbii ki, həm də Azərbaycan üçün”.
Müsavat başqanı bildirib ki, hər bir dövlət bu böyük risklərdən qorunmaq və bu böyük imkanlardan yararlanmaq üçün yeni təhükəsizlik düzənində öz yerini, mövqeyini müəyyənləşdirməlidir: “Ermənistan artıq bunu etdi, Rusiyanın yanında yer aldı. Ermənistanın bu addımı Ukrayna tərəfdən də, beynəlxaq birlik tərəfindən də qeydə alındı. Bu addım Ermənistana fayda gətirməyəcək, ciddi problemlər yaradacaq. Amma Ermənistanın seçim imkanı yox həddində idi.
Azərbaycanın isə seçim etmək imkanı var və bunu etmək lazımdır. Ümumi olaraq “biz bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyirik” demək kifayət deyil. Dəfələrlə dediyimiz kimi, Azərbaycan avroatlantik inteqarasiya kursunu açıq şəkildə bəyan etməli, bu istiqamətdə konkret rəsmi addımlar atmalı, “GUAM” üzvü və müttəfiq dövlət olaraq Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə tərəfdar çıxdığını birmənalı şəkildə bildirməlidir. Azərbaycan bunu həm Ukrayna xalqı və Krım tatarlarını nəzərə alaraq, həm də öz köklü maraqlarını, Qarabağ məsələsini nəzərə alaraq etməlidir”.