Siyasət / Slayd (2-07-2023, 11:46)
Vilayət Eyvazov Prezidenti bir daha əmin etdi - Fotolar+Video
Mediatv.az xəbər verir ki, respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanı da ziyarət olunub.
Silsilə tədbirlər Daxili İşlər Nazirliyinin Polis Akademiyasında davam edib. Burada nazir general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə “Polis Günü”nə və 2022-2023-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Sonra peşə bayramı münasibəti ilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov ötən 105 ildə polisin keçdiyi şərəfli və zəngin xidmət yolundan, yaratdığı dəyərli ənənələrdən, xüsusən ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsi sahəsində gördüyü mühüm işlərdən danışıb.
Həmçinin, dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyinin fəaliyyətinin və infrastrukturunun təkmilləşdirilməsi, o cümlədən maddi-texniki bazasının və qabaqcıl texnologiyalarla təchizatının müasir dövrün tələblərinə və standartlarına cavab verən səviyyəyə çatdırılması, əməliyyat-xidməti fəaliyyətin vətəndaş məmnunluğunun təmini prinsipləri üzərində qurulması ilə bağlı həyata keçirilmiş tədbirləri vurğulayıb. Nazir xidməti vəzifələrin dəqiq və qüsursuz yerinə yetirilməsində dürüstlük, prinsipiallıq və məsuliyyət kimi keyfiyyətlərin böyük önəm kəsb etdiyini, cinayətlərin açılmasının yüksək səviyyədə saxlanılmasının, hüquqpozmaların profilaktikasının daha da yaxşılaşdırılmasının, orqan və hissələrin mürəkkəb şəraitdə xidmət aparmaq bacarıqlarının artırılmasının, bütövlükdə xalqa xidmət funksiyalarının daha təkmil icrası üçün əlavə tədbirlərin həyata keçirilməsinin başlıca vəzifələr olduğunu şəxsi heyətə çatdırıb.
Eyni zamanda bildirib ki, son 20 ildə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb, o cümlədən 24 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb.
Cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 69 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 20 tona yaxın narkotik vasitə çıxarılıb. Eləcə də cinayətkarlıqla mübarizədə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında vətəndaşların iştirakını, onların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirildiyini vurğulayıb. Vətəndaşların ərizə və şikayətlərinin obyektiv və həssaslıqla araşdırılması, qanunçuluğun qorunması, şəxsi heyətin etik davranış qaydalarına riayət etməsi kimi mühüm vəzifələrin səmərəli icrasının vacibliyinə toxunub.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsindən sonra regionda yeni reallıqların yarandığını nəzərə çatdıran nazir V.Eyvazov işğaldan azad edilmiş ərazilərə “Böyük qayıdış”ın ilk addımlarının atıldığını, belə bir taleyüklü dönəmdə polis orqanlarının və Daxili Qoşunların fəaliyyətinin də mövcud vəziyyətə uyğunlaşdırıldığını, bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda asayişin və təhlükəsizliyin etibarlı təmin edildiyini, xidmətin böyük əzm və peşəkarlıqla davam etdirildiyini bildirib.
Nazir xidməti vəzifələrin icrasında daxili işlər orqanlarına hər zaman yardımçı olan, polisin peşə bayramının sevincini bölüşən vətəndaşlara, polis veteranlarına, dövlət qurumlarının rəhbərlərinə və əməkdaşlarına, qeyri-hökumət təşkilatlarının və medianın nümayəndələrinə təşəkkürünü bildirib.
Qazanılan uğurlarda Azərbaycan polisinin müasir dünyagörüşlü yeni nəslini yetirən Polis Akademiyasının da xüsusi rolunu qeyd edən V.Eyvazov məzunları təhsili başa vurmaları münasibətilə təbrik edib, eləcə də bu təhsil müəssisəsini fərqlənmə ilə bitirmiş məzunlara diplomlar və "polis baş leytenantı" xüsusi rütbələrinin paqonlarını təqdim edib.
General-polkovnik Vilayət Eyvazov təntənəli mərasimin iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevi əmin edib ki, öz andına həmişə sadiq olan daxili işlər orqanları bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda qüvvə və bacarığını əsirgəməyəcək.
Təntənəli tədbir şəxsi heyətin mətin addımlarla tribuna qarşısından keçidi ilə yekunlaşıb