Siyasət / Slayd (4-06-2023, 19:09)
30 il qabaq iyunun 4-də...
Məlum oldu ki, hökumət qoşunları şəhərdəki hərbi hissəyə hücum ediblər və nəticədə çox ciddi qarşıdurma yaranıb, ölən və yaralananlar olub. Gəncə hadisələrini araşdıran komissiyanın yekun protokolundan: “Şahidlərin məlumatından və komissiya üzvlərinin müşahidələrinə əsasən məlum olmuşdur ki, 4 iyun 1993-cü il tarixdə, səhər saat 6 radələrində 130 nömrəli hərbi hissənin ərazisindən istifadə etməklə 709 nömrəli hərbi hissəyə tank, BMP, BTR və digər hərbi texnikalar vasitəsilə geniş hücum təşkil edilmiş, tank tırtılları altında kazarmada yuxuda olan əsgərlərdən 12 nəfəri əzilmiş və vəhşicəsinə məhv edilmişdir. Eyni zamanda, həmin kazarma top, minamyot və başqa silahlardan atəşə tutularaq tamamilə yandırılmış və daş-kəsək altında əsgərlərin cəsədləri qalmışdır. Komissiyanın məlumatına görə, basqın zamanı 69 nəfər hərbi qulluqçu və mülki şəxs öldürülmüş, 150-dən çox əsgər və zabit yaralanmışdır. Qarşı tərəfin cavab atəşi nəticəsində Bakıdan və ətraf rayonlardan gətirilmiş daxili qoşunların xüsusi təyinatlı dəstələri tərksilah olunmuş, 1250 hərbi qulluqçu girov götürülmüşdür...”
Əslində həmin gün Gəncə sakinlərinin təqviminə “qara gün” kimi daxil olub və əslində belə bir aqibəti hamı gözləyirdi. Çünki AXC-Müsavat iqtidarı ölkəni idarə edə bilmirdi. Səriştəsiz, iddialı adamlar xalqın və dövlətin taleyi üçün qətiyyən məsuliyyət daşımırdılar.
...İqtidar qoşunlarının hücum etdiyi hərbi hissə yaşayış binalarının sıx olduğu, nəqliyyatın intensiv hərəkət etdiyi ərazidə yerləşir. Səhərin gözü açılmamış ora tanklar, BTR-lər yeritmək ağılsızlıq idi. Neçə-neçə cavan, qoca, uşaq həlak oldu. Sonrakı günlərdə Gəncə döyüş meydanını xatırladırdı. Hava limanı, şəhərin digər tikililəri dağılmışdı.
Bəylər Nəcəfov, Gəncə hava limanının direktoru:
– İyunun 3-də Gəncənin hava limanına TU-154 təyyarəsi enmişdi. Əvvəlcə başa düşməmişdik ki, bunlar kimdir, nəyə gəliblər. Təyyarənin içərisində 300-350 nəfərə qədər hərbi qulluqçu görəndə hiss etdik ki, böyük fəlakət baş verə bilər. Hərbçilərin yarısı avtobuslara minərək, 709 nömrəli hərbi hissəyə getdi. Yarısını isə yolda, aeroportun yaxınlığındakı meşəlikdə şəhər sakinləri saxladılar. Burada Surət Hüseynovun da adamları var idi. Hava qaralmağa az qalmış atışma başladı. Gecə saat 2-də “Qrad” qurğularından aeroporta atəş açıldı, bir neçə obyekt məhv edildi. Aeroportun bu cür hücuma məruz qaldığını görən hərbçilərin bir hissəsi qaçdı.
“Azərbaycan Hava Yolları” Dövlət Konserninin rəhbərliyi ilə məsləhətləşdik ki, bizim YAK təyyarələrini də məhv edə bilərlər, onları Bakıya göndərmək lazımdır. Gecə saat 4 radələrində Yevlaxdan təyyarəçilər gəldilər, YAK-40 tipli 3 təyyarəmizi Bakıya apardılar. Təyyarəçilərə göstəriş vermişdik ki, işıqları söndürsünlər, havadakı təyyarəni görmək mümkün olmasın, çünki onları da vura bilərdilər. İyunun 5-də səhər saat 9-a yaxın aeroportu yenə qrad qurğularından atəşə tutdular, daha bir neçə obyekt dağıldı. Hava limanı xarabalığı xatırladırdı. Bakıdan, guya, köməyə gələn iqtidar qüvvələri də oradan qaçmışdılar.
...Gəncə hadisələri AXC-Müsavat hakimiyyətinin yarıtmaz və xəyanətkar siyasətinin nəticəsi idi. Faktiki olaraq ölkədə vətəndaş müharibəsi başlanmışdı. O günlərdə küçədə əlində avtomat silah oynada-oynada gedən adamları görmək adi hal almışdı. Axşam saat 6-dan sonra Gəncə ölü şəhər təsiri bağışlayırdı. Sakinlər qorxu içində idilər, həyət-bacada gəzişən və ya küçələrə, parka-xiyabana çıxan şəhər sakini görmək mümkün deyildi. Ətraf rayonlarda da vəziyyət kritik şəkil almışdı. İqtidar nümayəndələri yerlərdə hakimiyyətlərini qorumaq, adamları sakitləşdirmək əvəzinə, mövqelərini gizlincə tərk edirdilər.
Artıq bir sıra ərazilərdə - Lənkəranda, Qusarda, elə Gəncənin özündə və digər regionlarda bəzi silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. S.Hüseynovun nəzarətindəki 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olmuşdu. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülmüşdü. Hətta onun silahlı birləşmələri Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək, Bakıya doğru hərəkət etməyə başlamışdılar.
Ümumən, Azərbaycan həmin dövrdə indiki Sudanı, Liviyanı, İraqı, Əfqanıstanı və Yəməni xatırladırdı.
Vətənin bu ağır günlərində Naxçıvan MR Ali Məclisinin və Nazirlər Kabinetinin Rəyasət Heyəti Gəncədə baş vermiş hadisələrlə bağlı 1993-cü il iyunun 7-də bəyanat yaydı. Sənəddə Azərbaycanda vətəndaş müharibəsinin başlandığı bildirilirdi.
Fuad Əliyev, akademik:
– Heydər Əliyevin ölkənin “olum, ya ölüm?” dilemması qarşısında qaldığı bir vaxtda yenidən hakimiyyətə dəvət olunması və ulu öndərin xalqın gələcək taleyini fikirləşərək dəvəti qəbul etməsi xəbəri Azərbaycanın hər yerində, o cümlədən, Gəncədə də böyük coşqu ilə qarşılandı.
O günləri mən yaxşı xatırlayıram. Heydər Əliyev iyunun 13-də axşamüstü şəhərə gəldi. İnsan selinin o böyük şəxsiyyəti necə qarşıladığını sözlə ifadə edə bilmirəm. Hamının əli göydə idi, hamı “Heydər, Heydər” deyirdi. Səmimiyyətimə inanın, nə ondan əvvəl, nə də ondan sonra, mən Gəncədə bir o qədər insanın şəhərə çıxdığını görməmişəm.Milli Qurtuluş Günü kimi Azərbaycan tarixinə həkk olmuş 1993-cü ilin 15 iyunu məhz Heydər Əliyev fenomeninə rəğbətin təntənə salnaməsidir. Vətənini, xalqını sevən, dəhşətli hadisələri gözləri ilə görən insanlar üçün bu gün əsl qəhrəmanlıq və şücaətin zəfər tarixidir. Bu unudulmaz tarixi yaradan, qoruyub saxlayan isə ulu öndər Heydər Əliyevdir.
Yadımdadır, 1997-ci il iyunun 15-də Heydər Əliyevin Azərbaycanda ilk dəfə rəhbər seçilməsinin 28-ci ildönümü münasibətilə Gəncədə, dahi şəxsiyyətin adını daşıyan parkda şəhər ziyalılarının geniş toplantısı keçirilirdi. Məhz, həmin möhtəşəm tədbirdə Gəncə ziyalıları və şəhər ictimaiyyətinin nümayəndələri tərəfindən hər il 15 iyun tarixinin “Milli Qurtuluş Günü” kimi qeyd edilməsi təklif olundu. Əslində bu tarixi günü gəncəlilər Azərbaycanın dövlət müstəqilliyinin təminatçısı olan Ümummilli liderə böyük məhəbbətlərinin tərənnümü kimi qəbul edirlər.
Beləliklə, xalqımız Azərbaycanın ağır və tarixən məsuliyyətli günündə ulu öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət edir. Ümummilli lider Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edir, iyunun 9-da Bakıya gəlir və qısa zaman ərzində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alır.
Bir faktı nəzərə çatdıraq ki, AXC-Müsavat iqtidarı Ulu öndəri Bakıya dəvət etmək haqqında hələ Gəncə hadisələrinin ertəsi günü düşünməyə başlamışdı. Dahi şəxsiyyətin özü isə bu məsələ ilə bağlı çıxışlarının birində belə deyirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı və o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi və qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək və Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar, belə bir zamanda, əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri və ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı təhlükədən xilas etdi. O dövrdə baş verən hadisələr bir daha tarixi gerçəkliyi üzə çıxarmış olur ki, böyük dövlət xadimi yenidən hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın müstəqilliyindən söhbət açmaq mümkün olmayacaqdı.
İyunun 9-da xalq, o cümlədən günlərini qorxu içində keçirən Gəncə sakinləri azacıq da olsa, dərindən nəfəs aldılar. Artıq hamı düşünürdü ki, Heydər Əliyev gəlibsə, demək qarşıdurmaya son qoyulacaq. İyunun 13-ü günü bu inam bir qədər də artdı. Həmin günü bu sətirlərin müəllifi də yaxşı xatırlayır. Milli Məclisin iclasında Heydər Əliyevin bir qrup jurnalistin müşayiəti ilə Gəncəyə yola düşməsi xəbəri bütün şəhəri ayağa qaldırmışdı. Gəncəlilər ulu öndərin yolunu səbirsizliklə gözləyirdilər. Mən də gözləyənlər arasında idim.
Şər qarışana yaxın Heydər Əliyev şəhər icra hakimiyyətinin qarşısındakı meydana gəldi. Məlumat almışdım ki, burada görüşü olmayacaq. Amma ulu öndər eşidəndə ki, meydanda on minlərlə adam onu gözləyir, onun üzünü görmək, səsini eşitmək istəyir, o zaman burada ayaq saxladı. Aradan 30 il keçsə də, həmin görüşü yada salanda indi də həyəcanlanır, özümü ələ ala bilmirəm. Bu səhnə xalqın öz liderinə olan məhəbbəti, inamı idi və onu kənardan seyr etmək necə də qürurverici idi! Siz inanırsınız, insanlar ağlayırdılar, bu sevinc göz yaşları idi.
O da yadımdadır ki, 5 il sonra, 1998-ci il oktyabrın 7-də elə o meydanda Gəncə seçiciləri ilə görüşən Heydər Əliyev həmin günləri xatırlayaraq deyirdi: “Gəldim, ancaq öz üzərimə vəzifə götürmədim. Bir həftə mənimlə danışıqlar getdi. Burada qan tökülmüşdü. Ona görə mən bütün çətinliklərə baxmayaraq, o vaxt həyatımın böyük təhlükə altında olduğunu görərək, böyük riskə gedərək 1993-cü ilin iyun ayının 13-də buraya, Gəncəyə, qardaş qanı tökülən bu qədim diyara gəldim. Burada vəziyyətin nə qədər gərgin olduğunu gördüm. Eyni zamanda, gəncəlilərin mənə nə qədər dəstək verdiyini görərək Bakıya dönüb iyun ayının 15-də Ali Sovetin sədri vəzifəsini öz üzərimə götürməyə razılıq verdim. Məni Ali Sovetə sədr seçdilər”.
…Ertəsi gün Heydər Əliyev dağıdılmış hərbi hissəyə getdi, hadisə şahidlərilə, əsgərlərlə, komandirlərlə görüşdü, onları dinlədi.
Lap yaxınlıqda idim və bu böyük şəxsiyyətin hər sözünü aydın eşidirdim. Hamı istəyirdi ona yaxınlaşsın, ürək sözünü desin. Söhbətin şirin yerində əsgərlərdən kimsə havaya qumbaraatandan atəş açdı və məqsəd nə idi, bilmədik. Səs o qədər dəhşətli idi ki, hamı qorxdu, hətta yerə sərilənənlər də oldu.Yaxınlığında olduğumdan aydın görə bildim ki, Heydər Əliyev heç gözünü də qırpmadı. Bircə astadan “Surət, sən bilərsən, bu nə idi?” deyib özünəməxsus şəkildə gülümsədi. S.Hüseynov isə bir qədər duruxub “yəqin əlində təsadüfən açılıb, Heydər Əliyeviç, cəzasını verərik” –deyə izahat vermək istədi...
Bəli, 30 il qabaq Ulu öndərin xilaskarlıq missiyası Azərbaycanı fəlakətdən qurtardı. Bu taleyüklü vəzifəni yalnız Heydər Əliyev kimi tarixi şəxsiyyət, təcrübəli siyasətçi, vətənpərvər insan, güclü lider yerinə yetirə bilərdi. Heydər Əliyev Azərbaycanı fəlakətdən qurtarıb inkişaf yoluna yönəltdi, müstəqilliyimizi əbədi etdi.
Ata yolunu çox böyük sədaqətlə, uğurla davam etdirən Prezident İlham Əliyev isə Azərbaycanı güclü dövlətə çevirə bildi, onun ərazi bütövlüyünü bərpa etdi. Bu gün ölkəmiz dünyada sayılıb-seçilən dövlətlərdən biridir. Öz sözü, müstəqil siyasəti olan yenilməz dövlətimizlə hər bir azərbaycanlı fəxr edir.
30 il qabaq vətəndaş müharibəsi ilə üzləşən dövlətimizin Heydər Əliyev kimi qüdrət sahibi, İlham Əliyev kimi davamçısı olmasaydı, taleyimizin necə olacağı hamıya aydın idi. Yaxşı ki, belə mübariz oğullarımızın sayəsində Vətənimiz bu gün özünün işığı ilə bütün dünyaya şəfəq salır...
Hamlet Qasımov,
“Xalq qəzeti”