Region (18-12-2016, 21:13)
Afaq Bəşirqızı: “Həyatım boyu filmi özümdən uzaqlaşdırmışam”
Xalq artisti Afaq Bəşirqızı rol aldığı “Həddən artıq uyğunluq” filmindən danışıb.
Mediatv.az: Musavat.com xəbər verir ki, filmin təqdimat gecəsində jurnalistlərin suallarına cavab verən aktrisa filmin ürəyincə olduğunu dilə gətirib:
“Hər şey mənim ürəyimcə oldu. Filmin rejissoru Ülviyyə Könül mənim yanımda böyüyüb. Gənc Tamaşaçılar Teatrında çalışanda Ülviyyə orda balaca qız idi. Onun yaradıcılığını izləyirdim, mənim üçün maraqlı idi. Mən o zaman bilmirdim ki, o rejissor olmaq istəyir. Mənim üçün xoş oldu bu filmdə rol almaq. Xala obrazı mənim üçün qeyri-adi deyildi, yaradıcılığıma nəzər salsanız, qarşısınza çox çıxar. Bu film mənim üçün maraqlı idi. Həyatım boyu film və müsahibə verməyi daim özümdən uzaqlaşdırmışam. Bunun səbəbini bilmirəm. Əsas odur ki, nəticə gözəl oldu.
- “Həddən artıq uyğunluq” son dövrdə çəkilən yerli filmlərdən fərqlidir. Təklif gələrkən heç tərəddüd etdinizmi?
- Filmə dəvət gələndə tərəddüd etmədən qəbul etdim. Bunun səbəbi Ülviyyə idi. Təbii ki, ssenarini də oxumuşum. Dünya kinosu inkişaf edir. Tamaşaçılar yeniliklərə öyrəşməlidir. Bəziləri hind filmlərini lağa qoyub, Amerika və Avropa istehsalı olan filmləri tərifləyir. Onlar düşünmürlər ki, hindlilərin Bollivudu var. Onlar çox gözəl filmlər çəkirlər. Biz də dünya arenasına çıxmalıyıq.
- Filmdə tərəf müqabilləriniz cavan aktyorlar idi. Onlardan razı qaldınızmı?
- Filmdəki tərəf müqabillərim cavan olsalar da, çox bacarıqlıdır. Həm də böyük-kiçik yeri biləndir. Heç kimin işinə mane olmurlar. Nə isə məsləhət verəndə də qəbul edirlər. Rol yoldaşlarımdan çox razı qaldım.
- Filmdə belə bir ifadə işlətmisiniz ki, sevgi həyatın ən böyük yalanıdır. Sevgi həyatın ən böyük yalanıdırsa, ən ülvi həqiqəti hansıdır?
- “Sevgi həyatın ən böyük yalanıdır” ifadəsində çalarlar var. Sevgi həqiqətlə yanaşı yalanlar üzərində də qurulur. Ülviyyətin özünü də elə şeylərə bənzədirlər ki, bir növ yalana oxşayır. Filmi izləyənlər biləcək ki, o ifadəni niyə işlətmişəm. Ülviyyətə qalanda mənə elə gəlir ki, insan özünü tanıyırsa, bu onun ülviyyətidir.
- Sizcə filmə baxan gənclər sevgini qorumağın yoxsa unutmağın yollarını öyrənəcəklər?
- Sevgi bir hissdir. Onu kiməsə baxıb unutmaq və ya qorumaq olmur. Çox nadir hallarda tamaşaçılar filmdən, tamaşadan ibrət götürürlər. Ona görə də bu məsələni qabartmaq lazım deyil. Məncə, hər aktyorun, tamaşanın filmin öz izləyicisi var. “Həddən artıq uyğunluq”un da öz tamaşaçısı olacaq. Ürəyim çox rahatdır. İnanıram ki, tamaşaçılar filmimizi sevəcək.
- Son zamanlar çəkilən filmlərin çoxu komediyadır. Bu janrda filmlərin üstünlük təşkil etməsinə münasibətiniz necədir?
- Əsas kəmiyyət deyil, keyfiyyətdir. İncəsənət keyfiyyəti sevir. Əsas ssenari yazmaq, çəkmək deyil. Əsas özünütəsdiqdir.
- Afaq xanımı yenidən başqa filmdə görəcəyikmi?
- Ülviyyə Könülün ikinci filmi var. Tezliklə onun çəkilişləri başlamalıdır. Rolum “Həddindən artıq uyğunluq” filmindəkindən tam fərqlidir. Ölkənin 4 məşhur sənətkarı orada yer alacaq. Geniş məlumat vermək istəmirəm, mənə düşmür. Tam fərqli film olacaq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024