Region (16-05-2016, 11:45)
Səfir Rusiyanın Azərbaycana silah embarqosundan danışdı
“Azərbaycan başqa ölkələrdən də silahlar alır və ala bilər”
Mediatv.az xəbər verir ki, bu sözləri Azərbyacanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin sullarını cavablandırarkən deyib.
Son hadisələrindən sonra bəzi məqamların ortaya çıxdığını, Ermənistanın özündə Rusiyaya qarşı etirazların artdığını söyləyən səfir, bütün bu baş verənlərin fonunda Moskvanın kimin daha etibarlı tərəfdaş olduğunu müşahidə etdiyini bildirdi.
“Aprel hadisələri çox şeyi göstərdi, bəzi məqamlar özünü daha geniş büruzə verdi. Ermənistanda olan münasibətlər, İrəvanın özündə Rusiyaya qarşı etirazlar, rus səfirliyinə yumurta atmalar və s. Bunlar kiçik məsələlər deyil. Moskvada baxırlar, kim daha etibarlı dostdur, kimə daha çox etibar etmək olar”,- deyə Polad Bülbüloğlu son vəziyyəti şərh edərkən bildirdi.
Səfir aprel hadisələri zamanı dünya azərbaycanlılarının birliyindən, insanlarda olan vətənpərvərlik ruhundan da fəxrlə danışdı. Bildirdi ki, ölkəmizin Rusiyadakı səfirliyinə döyüşlər gedən ərəfədə zənglərin ardı-arası kəsilməyib. Hər kəs torpaqlarımız uğrunda döyüşməyə, orduya kömək etməyə hazır olduğunu səfirliyə yazdığı məktublarla bildirib.
“Vladivostokdan Kalininqrada kimi nə qədər azərbaycanlı bizə könüllü olaraq orduya yazılmaq istəyi ilə müraciət etdi. Hər bir azərbaycanlıda böyük bir ruh oyanıb. Azərbaycan xalqı vətənpərvər xalqdır. Biz bu torpaqları azad edəcəyik. Torpaqlarımızı heç kimin əlində qoymayacağıq”,- deyə səfir fəxrlə xalqımızdakı döyüş ruhundan da danışıb.
Polad Bülbüloğlu Rusiyanın silah satışı ilə bağlı siyasətinə də toxunub:
“Rusiya silahları bizə elə-belə satmır. Böyük müqavilələr var. Azərbaycan bunu bazar qiymətləri ilə alır. Bunu bizə heç kim bağışlamır. Azərbaycan başqa ölkələrdən də silahlar alır və ala bilər. Rusiya da bunu çox yaxşı bilir ki, pulu olan ölkə gedib başqa yerdən də silah əldə edə bilər. Bir zamanlar Rusiya bizə müəyyən silahları satmırdı. Sonra biz embarqonun götürülməsinə nail olduq. İndi isə hansı silah lazımdırsa pulunu verib alırıq. Bu, dünya praktikasıdır.”