Region (23-04-2016, 14:17)
"Sui-istifadə edənləri düz yola gətirməliyik"
Mediatv.az Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşovun mustaqil.az-a müsahibəsini təqdim edir:
– Əflatun bəy, işlərinizin çox olduğu bir zamanda vaxtınızı alıram, necəsiz?
-Yaxşıyam, çox sağ olun. Təşəkkür edirəm. Arzu edirəm ki, siz də yaxşı olasınız. İşləriniz uğurla davam etsin. Əsas məsələ isə can sağlığıdır. Sağlamlıq yerində olanda insan qarşısına qoyduğu məqsədlərə çatır. Bu, bəzən gec baş verə bilər. Ancaq ruhdan düşmək lazım deyil.
- Ağır bir sahəyə rəhbərlik edirsiz. Aydındır ki, Mətbuat Şurasına rəhbərlik etmək məsuliyyətli bir görəvdir. Deyin, yorucu deyil ki?
– Jurnalistika həyatımdır, qayəmdir. İş, qayğılar bitib tükənmir. Mən də insanam, amma necə deyim ki, yorulmuram. Kompensasiyanı səhlənkarlıqda, günü necə gəldi yola verməkdə görənlərlə razilaşmıram. Biz həm də jurnalistika ilə yanaşı cəmiyyətin də məsuliyyətini daşıyırıq…
– Məlumdur ki, ciddi mətbuat nümunələri ilə yanaşı, mətbuat haqqında qanunlara riayət etməyən, bir tərəfli və şəxsi maraqlarını ifadə edən orqanlar da var. Onlarla da maarifləndirici işlər aparmaq işlərinizə mane olmur ki?
– İşimiz elə budur (gülür). Jurnalistika spesifik sahədir. Ondan gözləntilər böyükdür. Sıravi vətəndaş jurnalistin timsalında nümunəvi insanı görür. Elə belə də olmalıdır. O anlamda ki, jurnalistlər ictimai fikir daşıyıcısıdırlar, cəmiyyəti formalaşdırırlar, həyati əhəmiyyətli məsələlərə yönləndirirlər.
Ancaq jurnalistlər də ümumi mühitin içərisindədirlər. Onların da inkişafı cəmiyyətin ümumi inkişafından kənarda deyil. Cəmiyyətimiz ötən müddətdə çox inkişaf edib. Hər sahədə uğurlarımız var. Eyni zamanda problemlərimiz də qalmaqdadır. Ancaq qeyd etdiyim kimi, jurnalistikadan gözləntilər böyükdür. Buna adekvat fəaliyyət də lazımdır.
Yəni biz deyə bilmərik ki, həkimin, prokurorun, polisin, müəllimin şəxsi maraqlarını vəzifə öhdəliyindən üstün tutanı varsa, nəyə görə jurnalistlərdən beləsi olmasın? Peşədən sui-istifadə hər bir halda yolverilməzdir. Sui-istifadə edənləri da düz yola gətirməliyik, deyək ki, maarifləndirmə işləri aparmayılıq, ya da nalayiqləri bu yoldan uzaqlaşdırmalıyıq. Çünki prinsipcə getdiyimiz yol cəmiyyət üçün faydalı marafondur. Bu marafonda finişə birinci çatmaq alın yazımızdır.
– Əflatun bəy, bu yaxınlarda parlamentdəki bir çıxışınızı Müstəqil.az olaraq biz də yayınladıq. Aprelin əvvəlində cəbhə bölgəsində baş verən gərginlik və ordumuzun düşmənə sarsıdıcı zərbə vurduğu bir zamanda mətbuatımızın öz öhdəsinə düşən işləri layiqlə yerinə yetirməsindən bəhs etdiniz. Deyin, Mətbuat Ordumuza nə dərəcədə dəstək ola bildi?
– Parlamentin həmin iclasında media ilə bağlı tənqidi çıxışlar səsləndi. Əlbəttə, o çıxışlardakı iradlar haqlı idi. Sadəcə məni haqlı sözün yaratdığı fon, doğurduğu mənzərə narahat etdi. Bu səbəbdən də bir qədər mətbuatı müdafiə etmiş kimi göründüm. Əslində müdafiə etmək niyyətindən uzaq idim. Sadəcə duruma bir qədər aydınlıq gətirmək istədim.
Əlbəttə, cəbhədəki vəziyyətdən sui-istifadə edən kütləvi informasiya vasitələri, xüsusən internet saytlar oldu. İndi də var. Bəzən onlar elə başlıqlar seçirlər ki, istər-istəməz çaşqınlıq yaradır. Mətbuat Şurasının monitorinqi bu sayaq faktları üzə çıxardı. Şuranın bəyanatında da mövcud məqamdan narahatlıq ifadə olundu.
Ancaq ümumən mediamız vəziyyətə uyğun həssas davrandı. Söhbət həqiqi media vasitələrindən gedir. Düşünürəm ki, cəmiyyət də məhz onlara etimad etdi. Ötən illərlə müqayisədə daha çox Müdafiə Nazirliyinə istinadın şahidi olduq. Eləcə də digər rəsmi mənbələrə.
Əlbəttə, burada dövlət qurumlarının çevikliyini də vurğulamaq lazımdır. Hər halda dörd günlük müharibə müddətində ictimaiyyət, belə desək, informasiya aclığı yaşamadı.
Nəinki informasiya aclığı yaşamadı, eyni zamanda cəmiyyətdə böyük ruh yüksəkliyi yarandı. Bütün həyatımız sanki müharibə ovqatına kökləndi. Mən mağazalarda, iri marketlərdə və başqa iaşə obyektlərində vətənpərvərlik musiqilərinin səsləndiyininin şahidi oldum. Belə fəxarət duyulacaq mənzərənin formalaşmasında medianın rolu son dərəcə böyük idi. Bu mənada medianın üzərinə düşən missiyanı layiqincə yerinə yetirdiyini söyləmək üçün əsaslar var.
– Bəzən belə hallar olur ki, yanlış informasiyalar yayınlanır. Sözsüz ki, mətbuat qərəzssiz və obyektiv olmalıdır. Bir sədr kimi necə düşünürsüz, hansı məqamdasa obyektivlikdən kənar olaraq, tərəf nümayiş etdirərək yanlış informasiya vermək bağışlana bilərmi? Əgər bütün bunlar dövlətin marağına xidmət edərsə.
– Ümumiyyətlə informasiya yanlış olmamalıdır. Prinsipial məqam budur. Söhbət yalnız informasiya ilə manipulyasiyadan gedə bilər. Deyək ki, təqdimat formalarını seçmək zərurəti yaranır və s. Doğru vurğuladınız, media bəzən tərəf kimi çıxış edir və bu hal təbiidir. Dünyanın istənilən ölkəsində belə olur. Media ümummilli məsələlərlə bağlı vahid mövqe nümayiş etdirir. Ancaq hər bir halda peşəkarlıq öndə olmalıdır. Əgər jurnalist peşəkardırsa, onun yayımladığı material qəbul olunur.
Digər tərəfdən, cəmiyyətə informasiyanın çatdırılmasının özü çoxtərəfli prosesdir. Bu prosesdə iştirakçı yalnız media deyil. İnformasiya mənbələri də başlıca rol oynayırlar. Onların operativliyindən və peşəkarlığından çox şey asılıdır. Bir qədər öncə qeyd etdim. Xüsusi vurğulamaq istərdim ki, Müdafiə Nazirliyinin mətbuat xidməti avqustun 1-5-i aralığında kifayət qədər mütəhərrik işlədi. Nazirliyin baş verən olaylara reaksiyası, ayrı-ayrı vəziyyətlərə verdiyi şərhlər kifayət qədər peşəkar oldu. Cəmiyyətin gözləntisi də məhz budur. Məncə, bu yolla, yəni informasiya işini intensiv şəkildə qurmaqla dövlət maraqlarına daha çox xidmət etmək olar, nəinki qapalı qalmaqla. Biz hamılıqla birinci yolun daha məqsədyönlü olduğunu gördük. Əlbəttə, bu yol çətindir. Ancaq dövlətimiz üçün çətinliyə qatlaşmalıyıq.
– Deyin, belə hal olub ki məmurlar tərəfindən hansısa mətbuat orqanı haqda sizlərə olunan şikayətlərlə bağlı araşdırma aparmısız və əslində mətbu orqanın haqlı olduğu məlum olub.
– Bizə daxil olan şikayətlər Şikayətlər üzrə Komissiyada araşdırılır. Prosedur qaydalara uyğun olaraq şikayətçi və cavabdeh tərəf komissiyanın iclasına dəvət olunur. Orada dinləmələr aparılır. Bəzən müəyyənləşdirmişik ki, media müstəvisinə daşınan və narazılıq doğuran problemin yaranması konkret qurumun öz işinə məsuliyyətlə yanaşmaması ilə bağlıdır. Bu zaman qərar cavabdeh media orqanının xeyrinə çıxarılıb. Praktikamızda belə hallar az deyil.
– Siz bu çağırışda MM-sə deputat seçildiz. İndi həm də seçicilərin mənafeyini qorumaq, ixtisasınıza uzaq olan sahələrlə məşğul olmaq da görəvinizə aid olacaq. Seçicilərinizin problemləri üst-üstə qalaqlanmır ki?
– Deputatın fəaliyyəti üçün onun hansı ixtisasa sahibliyi o qədər də ciddi önəm daşımır. Əsas olan insanları dinləmək, onların problemlərinin həllinə yardımçı olmaqdır. Bir kəndin, qəsəbənin suyu yoxdursa, ora qaz verilişi zəifdirsə, elektrik enerjisi ilə təminatında məhdudiyyətlər varsa, bunu müvafiq qurumlara çatdırmaq üçün məncə, ixtisasca jurnalist olmaq daha yaxşıdır (gülür). Bəli, qayğılar da artıb. İşimizdən razılar da, narazılar da var. Bütün problemləri də bir andaca həll etmək olmur. Əsas məsələ can yandırmaqdır, cəhd göstərməkdir, ən başlıcası isə laqeyd olmamaqdır. İnsanlar laqeydliyi tez hiss edirlər. İndi neyləmək olar ki, yaxşı işə dəyəri bir o qədər vermirlər. İnsan təbiətidir. Mən təbii yanaşıram buna.
– Əflatun bəy, Ölkə rəhbərliyinin Mətbuata olan diqqəti göz önündədir. KİV-ə dəstək fondu yaranıb. Jurnalistlər mənzillə təmin olunur, mətbu orqanlara maliyyə yardımları edilir və sair. Bəs mətbuatımız necə, özünü bu imtiyazlara görə təsdiq edə bilirmi?
– Sualınıza birmənalı cavab vermək çətindir. Mediya dövlət dəstəyi fundamental prosesdir. Bu proses «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə dövlət dəstəyi Konsepsiyası»nda kifayət qədər ətraflı təsvir olunub. Dövlət dəstəyinin məqsədi KİV-ləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaq, eyni zamanda onları dövlət və cəmiyyət üçün prioritet olan sahələrə yönləndirməkdir. Maliyyə yardımı da məhz buna görə ayrılır. Nəticədə media orqanlarının texniki və təşkilati strukturunda yeniliklər var. Bu, istər-istəməz yaradıcılığa da müsbət təsirini göstərir. Ancaq mövcud vəziyyət istəklərimizlə uyğundurmu? Yox, çünki gözləntilərimiz fərqlidir. Biz mediamızı daha çevik, daha dinamik və obyektiv görmək istəyirik. Düşünürəm ki, zamanla istəklərimiz gerçəkləşəcək.
– MŞ-nın sədri olaraq, hansı yeniliklər, islahatlar planlaşdırırsız?
– Ümumiləşdirmə aparsaq, əsas məsələ mediamızın iqtisadi müstəqilliyinə nail olmaqdır. İqtisadi müstəqillik tam yaradıcılıq azadlığı deməkdir. Doğrudur, hazırda media orqanlarımız sərbəstdirlər. Bizlər hətta bu sərbəstliyin doğurduğu fəsadların aradan qaldırılması ilə də məşğuluq. Amma belə bir vaxtda diffamasiyanın dekriminallaşdırılmasını, yəni cinayət müstəvisindən mülki müstəviyə daşınmasını da planlaşdırırıq. İstəyirik ki, yaxın gələcəkdə bu istiqamətdəki fəaliyyətimizi bir qədər də aktivləşdirəcəyik.
Medianın iqtisadi durumundan söz açdım. Bu duruma əsaslı müsbət təsir göstərmək üçün reklam bazarı genişləndirilməlidir. Mətbuat Şurası artıq neçə müddətdir ki, Türkiyə təcrübəsini öyrənib. Qardaş ölkənin Basın Elan Kurumunun təcrübəsini nəzərdə tuturam. Bununla bağlı təkliflərimizi də aidiyyatı qurumlara göndərmişik.
Jurnalist təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində də işlərimiz var. Bu işləri daha da intensivləşdirmək lazımdır. İlk növbədə jurnalistika fakultələrində tədrisin yenidən qurulması aktualdır. Digər tərəfdən, praktik jurnalistləri xaricdəki kurslara cəlb etməyin vaxtı çatıb. Ümumən görüləcək işlər çoxdur.