Region (11-03-2016, 20:11)
"Zirə"nin avrokubok yolu bağlanır
Bu gün AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçirilib.
Mediatv.az-ın Apasport.az saytına istinadən xəbərinə görə, “Hilton” otelindəki toplantıdan sonra UEFA-nın baş katibi Teodor Teodoridis jurnalistlərin suallarını cavablandırıb.
- UEFA-da seçkilər nə vaxt olacaq?
- Biz bunu açıqlaya bilmərik. Bunun üçün CAS-ın Mişel Platini barədə qərarı açıqlanmalıdı. Bundan sonra seçkilər barədə danışmaq olar.
- Klublarımıza verilən cəzalar barədə nə deyə bilərsiz?
- Bu, birbaşa FİFA ilə bağlı məsələdi. O ki qaldı nazirin İcraiyyə Komitəsinin üzvü seçilməsinə, məncə bu, yaxşı haldı. Bizim qapımız futbolu sevən hər kəsin üzünə açıqdı.
- Maliyyə feyr-pleyi bir neçə il tətbiq edildi. Bundan sonra iş adamları futboldan qaçmağa başladı. Bir çoxları bunun götürülməsinin tərəfdarıdı...
- Bunun əsas məqsədi futbola olan maliyyəni tənzimləməkdi. Məsələn, bir neçə il öncə bir biznesmen bir kluba külli miqdarda pul ayırmış, sonra klubdan getdikdə isə klub müflis olmuşdu. O ki qaldı bunun tətbiqinə, bunun üçün ilk öncə klublarla danışıq aparırıq. Klublar razı olmadıqda bu həyata keçirilmir.
- UEFA-nın qaydasına görə bir klub avrokuboklarda iştirak etməsi üçün ən az 3 il fəaliyyət göstərməlidi. Bu il Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə" avrokuboklara vəsiqə qazanmağa yaxın olsa da, bu kriteriyalara uyğun deyil. Bu komanda üçün istisna hal ola bilər?
- Əlbəttə, ola bilər, ancaq bunun üçün gərək bu klub əvvəllər mövcud olmuş olsun. Əgər 3 ildir yaranıbsa, bu, mümkün deyil. Əvvəllər mövcud olub, təkcə adı dəyişdirilibsə, icazə verilə bilər.
- AFFA-da həmişə Hhesabat-Seçki konfransı martda olur. Digər ölkələrdə də belədi?
- UEFA-da bu cür konfranslar fevral-mart aylarında təşkil edilir. Çünki bundan öncə UEFA prezidenti tərəfindən bəzi məsələlər təsdiq edilməlidi. O ki qaldı federasiyalara, müxtəlif vaxtlarda keçirilir. Tez keçirən də var gec keçirən də. Bizdə bu il bir qədər fərqli oldu. FİFA konqresindən əvvəl - fevralda keçirdik. Ancaq dediyim kimi, bunun konkret vaxtı yoxdu.