Region (24-02-2016, 16:49)
Millət vəkili: "Daxili bazar yoxdursa, ƏDV tətbiqi əhəmiyyətsizdir"
Azərbaycanın dərman bazarında qiymət artımı son günlər bu sahə ilə bağlı bir sıra təklifləri gündəliyə gətirib.
Mediatv.az xəbər verir ki, Milli Məclisin üzvü Musa Quliyev APA-ya müsahibəsində dərmanların qiymət artımının qarşısını almaq üçün hökumətə təkliflər verildiyini deyib: «Dövriyyədə olan malların 70 faizdən çoxunun qiymətini Tarif Şurası tənzimləyir. Bundan sonra ölkədə dərmanların qiyməti 2.5-3 faiz düşdü. Ancaq dekabrda baş verən devalvasiya səbəbindən dərmanların qiyməti yenidən bahalaşdı».
Deputat bildirib ki, hökumətə dərman vasitələrinin Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunması təklif olunub: «Dərmanlara ƏDV böyük dərman istehsalı olan ölkələrdə tətbiq olunur. Azərbaycanda isə istehlak olunan dərmanların 90-95 faizi xaricdən gətirilir. Daxili bazar yoxdursa, ƏDV tətbiqi əhəmiyyətsizdir. Digər tərəfdən, dövlətin öz büdcəsini xəstə vətəndaşın hesabına doldurması doğru deyil. ƏDV aşağı salınarsa, və ya tamamilə ləğv olunarsa, dərmanların qiyməti də düşəcək».
M.Quliyev bildirib ki, qiymətləri aşağı salmağın digər yolu ölkədə dərman istehsalının həyata keçirilməsidir: «Artıq bununla bağlı danışıqlar da aparılır, yaxın zamanda Azərbaycanda dərman istehsal edən zavodlar qurulacaq. Dərmanın xammalı onun özündən dəfələrlə ucuzdur. Əgər onu özümüz istehsal edəriksə, dərmanın maya dəyəri aşağı düşəcək».