Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (6-04-2014, 21:57)
Eldar Həsənovdan kövrək müsahibə: “O torpaqların külünü belə qucaqlamaq istəyirəm”

 

 

Azərbaycanın Serbiya, Bosniya və Herseqovina, Monteneqrodakı səfiri Eldar Həsənov "Hafta.az” saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

 
1955-ci ildə Kəlbəcərdə doğulan Eldar Həsənov uzun illər Azərbaycanın hüquq mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb, o cümlədən daxili işlər nazirinin müavini, baş prokuror olub. 2001-ci ildən diplomatik fəaliyyətdədir. Əvvəllər Azərbaycanı Rumıniyada səfir kimi təmsil edib.
 
Eldar Həsənovun "Hafta.az”a müsahibəsində söhbət Qarabağ münaqişəsindən gedir:
 
- Martın son günlərindən başlayaraq yenə acı xatirələr yaşayırıq. 31 Mart - Azərbaycanlıların Soyqırımı, Kəlbəcərin işğalının ildönümləri günlərini ağrılı keçirdik. Kəlbəcərin işğalı hər şeydən əvvəl o zaman siyasi hakimiyyət uğrunda qeyri-konstitusion və qeyri-demokratik mübarizə, daha doğrusu, silahlı mübarizə, yerli və mərkəzi hakimiyyətdəki səriştəsiz cavabdeh şəxslərin olması, eyni zamanda intizamlı, peşəkar milli ordumuzun mövcud olmaması, döyüş üçün mühüm əhəmiyyət kəsb edən hərbi kəşfiyyat məlumatsızlığı, eləcə də silahsız Kəlbəcər əhalisinin Allah ümidinə qaldığı, dövlət müdafiəsindən məhrum olduğu şəraitdə onlara qarşı əvvəldən tam hazırlanmış, başdan-ayağa silahlanmış peşəkar "muzdlu” rus və erməni silahlı birləşmələrinin planlı və amansız hücumu nəticəsində mümkün oldu. Öz torpağını mərdliklə qorumağa canı və qanı ilə çalışan yerli özünümüdafiə dəstələrinin mərd oğullarının sona qədər müdafiə və döyüşləri, çoxsaylı itkilər hesabına nəticəsiz qaldı, Azərbaycanın Ermənistanla sərhədində, Dağlıq Qarabağın özünün də uca qalası olan Kəlbəcər işğal olundu. İşğalla bağlı hər bir xatirə mənim üçün çətindir. Həm də ona görə ki, bu hadisələrin - Qarabağ döyüşlərinin əvvəldən axıra qədər içində olmuşam.
 
Bütün diplomatik nümayəndəliklərdə olduğu kimi bizim də bu tarixlərlə bağlı müxtəlif geniş tədbirlərimiz oldu. Beynəlxalq ictimaiyyətin diqqətinə fotosərgilərdən, videomaterialların təqdimatından, press-relizlərdən tutmuş bir sıra silsilə tədbirlərlə həqiqətləri çatdırmağa çalışdıq. Əslində Azərbaycana qarşı işğalçılıq siyasəti Şuşadan, Laçından, Kəlbəcərdən başladı və bir sıra ardıcıllıq da oldu. Həmin illərdən fərqli olaraq beynəlxalq aləm artıq bu gün tarixi reallıqların fərqindədir, işğalçının adını dəqiq bilir və onun əməlindən xəbərdardır.
 
Eyni zamanda, təsəlli tapacaq amillər də var. Bu gün qüdrətli Azərbaycan ordusu var, güclü dövlətimiz, davamlı inkişafda olan iqtisadiyyatımız mövcuddur. Milli ruh və vətənpərvərlik hissinin yüksək olması danılmazdır. Dağlıq Qarabağdan, qədim dədə-baba yurdundan məcburən köçürülən hər bir insan bu işğala, etnik təmizləməyə qarşıdır və həmin torpaqlara geri qayıtmaqda israrlıdır. Bu qətiyyət var. Torpaq həsrəti bu insanların hər birinə acı verir, yalnız onlar əzəli torpaqlarına geri dönməkdə qərarlıdırlar və bundan sonra mənəvi rahatlıq tapa bilərlər. Bu istiqamətdə Azərbaycan dövlətinin apardığı siyasət də göz önündədir. Bütün təzyiqlərə baxmayaraq rəsmi Bakı öz torpaqlarını ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə geri qaytarmaq niyyətini dünyaya bəyan edir, əməli fəaliyyətində bu siyasi mövqedə israrlıdır. Xalqımız, müstəqil dövlətimiz tarixdən ibrət götürərək öz torpaqlarını artıq heç kimə güzəşt etmək niyyətində deyil və bu, dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu amillər böyük ümidlər verir. Yəni artıq əminlik yaranır ki, biz öz torpaqlarımızı sözsüz geri qaytaracağıq. Sadəcə, çox da uzaqda olmayan zaman məsələsi var.
 
- Bu gün siz şəxsən bu məsələlərin həllində necə iştirak edirsiz? Heç köçkün düşən həmyerlilərinizlə əlaqə yarada bilib, onların qayğıları ilə maraqlanırsınızmı?
 
- Nəzərə alaq ki, mən xidməti vəzifəmlə əlaqədar olaraq 15 ilə yaxındır ki, ölkədən kənarda çalışıram. Ancaq bunun heç bir fərqi yoxdur, çünki hər bir azərbaycanlı harada yaşamağından, peşəsindən, məsafəsindən asılı olmayaraq öz vətəni, dövləti, müstəqilliyi ilə nəfəs almalıdır, onu qorumağa hər an hazır olmalıdır. Elə bir həftə yoxdur ki, Qarabağın, Kəlbəcərin, Şuşanın bir bağı, meşəsi, bulağı mənim yuxuma girməsin. Bu həsrətlə, qayğı ilə hər gün proseslərə nəzər salırıq. Qərbi Balkan bölgəsində yaşayan və çalışan həmvətənlərimizlə birgə diplomatlarımızın həyata keçirdiyi bütün tədbirlərdə ermənilərin işğalçılıq siyasəti, günahsız insanlara qarşı edilən amansızlıqlar, vəhşiliklər, yerlə-yeksan olunan tarix-mədəniyyət abidələri, viran qoyulan məscidlər gündəmə gətirilir, müzakirə olunur və KİV vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Çox böyük amansızlıqlar yaşandı. Kəlbəcərin işğalında nə qədər qız-gəlin düşmənə əsir düşməmək üçün özünü qayalardan atdı. Bu bizim milli tariximizdə qanlı səhifəmiz olmaqla yanaşı, eyni zamanda, bir cəsarət, ləyaqət, namus, qeyrət salnaməmizdir.
 
Bəzən telefonla və yaxud hər dəfə Bakıya gələndə, sözsüz ki, qaçqınlarımızın, məcburi köçkünlərimizin güzəranı, əhvalı ilə maraqlanıram. Yeri gəlmişkən, Azərbaycan dövlətinin bu istiqamətdə apardığı siyasət çox uğurludur. Eyni taleyi yaşayan digər ölkələrə nəzər saldıqda, müqayisə apardıqda bizim hökumətin məcburi köçkünlərlə, qaçqınlarla bağlı qayğısının, sosial dəstəyinin müqayisəsiz şəkildə üstün olduğunu görürük. Müharibəyə, işğala məruz qalan ölkələrdə, məsələn, Balkanlarda çalışarkən Azərbaycan dövlətinin bu sahədəki fəaliyyəti, öz vətəndaşına sahib çıxmağı daha aydın hiss olunur. Bütün bu diqqət və qayğılara rəğmən hər bir məcburi köçkünün və qaçqının ən böyük istəyi isə öz doğma torpağına qayıtmasıdır. Bu da həmin insanın ən böyük şərəfidir.
 
- Rusiya Dövlət Dumasının üzvü Jirinovskinin "Dağlıq Qarabağ Rusiyaya birləşdirilməlidir” iddiası ölkədə böyük narahatlığa səbəb oldu. Sizcə, bu iddianın əsasında nə dayanır?
 
- Jirinovskinin çıxışlarına hansısa bir qatı milliyyətçinin, şovinistin və ya təlxəyin fikri kimi yanaşmaq sadəlövhlük olardı. Ehtimal etmək olar ki, o, millətçi, separatçı lobbisinin fəaliyyəti ilə yanaşı, eyni zamanda erməni separatizminin başında dayanan Zori Balayanların, Ara Abramyanların və yumşaq desək, Azərbaycanı sevməyənlərin də istəyini dilə gətirir. Bütün bunlarla yanaşı, mən Jirinovskinin diqqətinə onu çatdırardım ki, 1997-ci ildə "Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq, dostluq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə” imzalanıb. Həmin müqavilənin 1-ci maddəsinə əsasən, tərəflər öz üzərilərinə bir-birilərinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına hörmət etmək öhdəliyini götürüblər. Və Jirinovskinin o zaman da təmsil olunduğu Dövlət Duması həmin müqaviləni ratifikasiya edib.
 
Başqa bir tərəfdən əgər o, separatçı və dağıdıcı fəaliyyətindən əlavə vaxtı qalarsa, Rusiya Federasiyası Konstitusiyasının 15-ci maddəsinə diqqət yetirsin. Orada birmənalı deyilir ki, Rusiya dövlətinin tərəf çıxdığı beynəlxalq müqavilələr onun hüquq sisteminin tərkib hissəsidir. Odur ki, bu cür bəyanatlar verməsi onun fəaliyyət göstərdiyi, vətəndaşı olduğu dövlətin beynəlxalq öhdəliklərindən bixəbər olmasını, savadsızlığını və ya kimlərəsə xidmət etməsini və sifarişlər yerinə yetirdiyini göstərir. Bu bəyanat ilk növbədə Rusiya dövlətinə, onun qanunlarına yönələn hörmətsizlikdir.
 
Bununla yanaşı, onun israr etdiyi Gülüstan sülh müqaviləsinə gəldikdə isə yəqin ki, tarixçilərimiz onun cavabını daha yaxşı verərlər. Lakin az-çox mütaliə ilə məşğul olan bir insan kimi deyə bilərəm ki, Rusiyanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Qriboyedovun xatirələrini, etiraflarını oxusun, onun Rusiya dövlət arxivində bu gün də saxlanılan rəsmi hesabatları ilə tanış olsun. Qriboyedov Rusiya-İran müharibəsindən sonra ermənilərin azərbaycanlıların torpaqlarında yerləşdirilməsi və azərbaycanlılara bununla yaradılan problemlər barədə açıq yazıb. Tarixə istinad edərkən tarixi faktları danmaq olmaz. Yox, o, bu tarixdən bixəbərdirsə, heç olmasa bir tarixçiyə müraciət etsin ki, dəlilləri, faktları ona doğru versinlər. Ona, eyni zamanda, onun başbilənlərinə tarixi faktlara və Rusiyanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə diqqətlə baxmağı tövsiyə edərdim.
 
Azərbaycan onların bildiyi və ya keçmişdə tanıdığı bir ölkə deyil. Biz artıq itirdiklərimizi itirmişik - Zəngəzurdan Dərbəndə qədər. Dəfələrlə həmlələrə, hücumlara məruz qalmışıq. Bizə qarşı yetərincə ədalətsizliklər olub və hazırda ikili standartlarla üzləşirik. Bütün bunlardan sonra artıq hər bir Azərbaycan vətəndaşı reallığı dərk edib məsuliyyətini anlayır. Biz hələ tarixi itkilərimizi gündəmə gətirmirik. Amma zaman gələcək, bu məsələləri də ən azı beynəlxalq hüquq müstəvisində qaldıracağıq. Hələ ki, ölkəmizin işğal olunan ərazilərinin geri qaytarılmasına sülh yolu ilə çalışırıq. Dünyada, bəşəriyyətdə görürük ki, bütün bu təcavüzlərə, işğallara baxmayaraq Azərbaycan xalqı nə qədər böyük və səbirli xalqdır ki, bu gündə də ilk növbədə ədalətli sülh yoluna üstünlük verir. Azərbaycan prezidenti İlham Əliyevin bu məsələdə mövqeyi birmənalıdır. Xatırlayın, ilk gündən bu günə qədər torpaqlarımızın geri qaytarılmasına yönələn birmənalı siyasət yürüdür. Hər bir qaçqının və məcburi köçkünün, şəhid ailəsinin qəlbindəki, düşüncəsindəki mövqe prezident tərəfindən nümayiş etdirilib və bu mübarizəni dayanmadan davam etdirir. Prezident bilir ki, onun arxasında vətənpərvər xalq, iradəli, nizamlı, güclü ordu, inkişaf edən iqtisadiyyat dayanır. Buna görə deyirəm ki, təsəlli tapacaq çox şeylərimiz var və ümid edirəm ki, bu mübarizə öz bəhrəsini verəcək.
 
- Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn beynəlxalq münasibət sizi qane edirmi?
 
- Bu gün artıq beynəlxalq aləmdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təsəvvürlər köklü şəkildə dəyişib və Azərbaycanın ədalətsizliyə, işğala məruz qalması həqiqəti mütləq əksəriyyətə məlumdur. Bu mənada qaneedici məqamlar var. Bu günlərdə Belqrad Universitetində tələbə, müəllim, professor heyəti ilə geniş görüş keçirildi. O auditoriyada 6 nəfər erməni tələbə və iki nəfər müəllim iştirak edirdi. Elə onların özü də açıq etiraf etdilər ki, bu gün Ermənistan rəhbərliyinin apardığı siyasət onların xalqının əleyhinə yönəlib, onu uçuruma aparır. Bu, bugünkü faktdır. Bu sözləri erməni ziyalısı deyir.
 
Lakin beynəlxalq təşkilatlara gəldikdə isə eyni sözləri söyləmək olmur. BMT-nin qəbul etdiyi 4 qətnamənin icrasız, kağız üzərində qalması belə bir mötəbər təşkilatın nüfuzuna başucalığı, inam, ümid gətirmir. Sülhün qarantı olan bir birlik öz qəbul etdiyi qətnamələrini həyata keçirə bilmirsə, yazıqlar olsun. Ona görə də dünyada cəzasızlıqdan ədalətsiz bir vəziyyət hökm sürür, hadisələr təkrar olunur. ATƏT-in Minsk qrupunun fəaliyyəti isə Azərbaycanı qane edə bilməz. Status-kvonun davam etməsi göz önündədir, bunu anlamaq üçün mütəxəssis olmaq lazım deyil. Hazırda Krımla bağlı olan qətnamələrə olan münasibətlə Azərbaycanla bağlı qəbul edilmiş sənədlərə olan münasibəti ortaya qoysaq, yenə ikili standartları görərik. Amma bunların heç biri bizi ruhdan sala, mübarizə mövqeyimizdən geri çəkindirə bilməz.
 
İndi gəlin son Ukrayna hadisələri ilə bağlı Azərbaycanın və Ermənistanın ortaya qoyduğu mövqeyə nəzər salaq. Bütün dünya bunu gördü. Və bundan sonra həmin dünyanın, beynəlxalq birliyin, BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT-in Azərbaycanla Ermənistana eyni gözlə baxması və yanaşması ədalətsizlikdir. Bu, beynəlxalq hüquq, BMT nizamnaməsi, onların təməl prinsipləri qarşısında bir imtahan, sınaq idi. Bizim milli iradəmiz, müstəqil dövlətçiliyimiz, onun müstəqil siyasəti ortadadır. Kimin kim olduğu ortaya çıxdı. Bütün bunlardan sonra hər bir Azərbaycan vətəndaşı özünün, ölkəsinin hüquqlarına, ərazi bütövlüyünə, pozulmuş sərhədlərinin bərpasına, etnik təmizliyə məruz qalmış məcburi köçkünlərin öz əzəli və əbədi torpaqlarına qayıtmasını və beynəlxalq müqavilələrə, qəbul olunmuş qətnamə və öhdəliklərə ədalətli yanaşmanı, beynəlxalq təşkilatlardan israrlı tələb etməkdə haqlıdır və tələb də edəcək!
 
Bütün bu mövcud və acı reallıqlar, ədalətsizliklər, ikili standartlar onu göstərir ki, Azərbaycan dövlətinin apardığı siyasət nə qədər çətin yollardan keçir və siyasi bacarıq tələb edir.
 
- Eldar Həsənov nə vaxtsa Kəlbəcərdəki evini bərpa etməyə inanırmı?
 
- Həqiqətən buna inanıram. Başqa bir fikri ağlıma gətirmək belə istəmirəm. Bu xəyanət olar. İstədiyim odur ki, torpaqlarımı Allahın qismət etdiyi ömür müddətində görüm. Qədrini bilmədiyimiz o torpaqların qarşısında diz çöküb, bağrıma basmaq, külünü belə qucaqlamaq istəyirəm. Bunlar barədə danışmaq mənim üçün çox ağırdır. Sadəcə arzu edərdim ki, azərbaycanlılar beynəlxalq aləmdə ədalətsizlik, cəzasızlıq hökm sürdüyü belə bir dönəmdə milli birliyini əsas götürsün, ona xüsusi önəm versin. Fikir, mövqe, siyasi əqidə müxtəlifliyi ola bilər, bu, vətəndaş cəmiyyətinin, demokratik proseslərin reallığıdır, lakin ümummilli maraqlarda, vətənin, xalqın, dövlətin taleyüklü məsələlərində, müstəqil dövlətçiliyin qorunmasında Azərbaycan yumruq kimi bir olmalıdır. Xırda çəkişmələrə, intriqalara, şəxsi və qrup maraqlarına zaman itirmək vaxtı deyil. Əsla. Bizim, işğal altında olan torpaqlarımızın qaytarılması digər amillərlə yanaşı milli ruhdan daha çox asılıdır. Milli ruh isə vətənə bağlılıqdan və milli birlikdən keçir.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024