Region (5-07-2015, 12:39)
Rektor qızı: “Milyon dənə səhv addımım olub“
Ülkər İsayeva: "Təcrübələrimi özəl şəkildə bölüşürəm"
AzVision.az-ın növbəti qonağı nə siyasətçi, nə ictimai xadim, nə biznesmen, nə də hər hansısa bir şou-biznes nümayəndəsidir.
Həmsöhbətimiz hər kəsin yaxşı tanıdığı, bir müddət öncə “döyülmə” qalmaqalında adı hallanan Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevadır. O, müsahibəsi zamanı həyatı və işi ilə bağlı bir sıra ciddi məqamlara toxunub.
-Əvvəlcə özünüz haqqında danışaq...
- Psixologiya üzrə Türkiyədə və Amerikada təhsil almışam. Magistraturanı isə İngiltərədə oxumuşam. Artıq 7 ilə yaxındır ki, Azərbaycanda yaşayıram. Universitetin İnsan Resusları Deportamentinin direktoruyam, həmçinin universitetdə müəllimlik də edirəm. Təcrübələrimi özəl şəkildə bölüşürəm. Hazırda vaxtım olmadığına görə müraciət edənləri qəbul edə bilmirəm. Əsasən dərslərlə, təşkilatçılıqla məşğul oluram. Azərbaycanda ilk psixolji -elmi konfransı biz təşkil etmişik.
- Söhbətimiz zamanı bildirdiniz ki, bir neçə ay sonra Azərbaycanı tərk edəcəksiniz. Səbəbini bilmək olarmı?
- Bir neçə il bundan öncədən doktranturada təhsil almaq üçün hazırlaşırdım. Müəyyən təcrübə yığandan sonra doktrantura proqramına baş vurdum və Tükiyədəki Koç Universitetində təhsil almaq qərarını verdim. Çünki ən yaxşı psixologiya proqramları Koç Universitetində tədris olunur. Həmçinin orada tələbələrə təhsil haqqının olmadığı bir təhsil proqramı təqdim olunur və təhsil verən müəllimlərin əksəriyyəti Amerikada dokrantura proqramını öyrənmiş professorlardır. Bir neçə gün öncə isə mənə xəbər gəldi ki, Koç Universitetinin tam burslu Sosial və Təşkilat Psixologiyası üzrə Doktrantura Proqramına qəbul olmuşam. İnşallah sentyabr ayından dərslər başlayacaq.
-Yəqin ki, təhsilinizi başa vurduqdan sonra Azərbaycana qayıdacaqsınız...
-Yəqin ki, qayıdacağam. Əvvəllər deyirdim ki, İngiltərədə magistraturada oxuyub orada qalacam. Amma magistraturanı oxudum və geri qayıtdım. İndi heç nə deyə bimərəm. Hər şey ola bilər.Əgər kariyeramla bağlı uğur qazansam, Türkiyədə qala bilərəm. Hər şeyi zaman göstərəcək.
-Ailənizdən ayrı qalmaq bəs çətin olmayacaq?
-Qızım Cananı da özümlə aparacağam. Onsuz heç yerə gedə bilmirəm. Bakıda isə dostlarım, ailəm, atam, anam var. Türkiyə çox yaxın bir yerdir. Buna görə də Bakıya tez-tez gəlmək şansım çox olacaq. Xarici ölkədə olanda Bakı üçün darıxıram.
-Hazırda atanız Hamlet İsaxanlı hansı işlərlə məşğuldur?
-Onun vəziyyəti də yaxşıdır. Biz bir yerdə işləyirik. O da mənim Dokrantura Proqramına qəbul olmağımı çox istəyirdi. Çox illər öncə də mənə bu barədə məsləhətlər verirdi. Bu proqrama qəbulla bağlı bütün prossesləri atamla bir yerdə yaşadıq. Həyəcanımı, qəbul olunmağımın ilk xəbərini onunla bölüşdüm.
-Atanız bütün qərarlarınızı dəstəkləyirmi?
-Bəli. Çünki bütün qərarlarımı atamla məsləhətləşirəm, onun təcrübəsindən bəhrələnirəm. Çünki onun təcrübəsi bu sahədə daha çoxdur, təhsildən baş yaxşı çıxır. Başqa sahələri isə anamla məsləhətləşirəm. (gülür.)
-Hamlet İsaxanlı adı nə vaxt və harada köməyinizə gəlir?
- Atamın adına görə uğur qazanmaq istəmirəm. Ona görə Hamlet İsaxanlının qızı ifadəsini işlətməyi çox da sevmirəm. Hətta Türkiyəyə sənəd verəndən sonra cavabları gözləyirdik. Amma cavablar çıxmırdı. Axırıncı imtahanım idi. Hamlet müəllim mənə dedi ki, bəlkə cavabları zəng edib öyrənsin? Dedim ki, ata sən zəng vurma. Çünki Hamlet İsaxanlının qızı olduğumu heç kəsin bilməsini istəmirdim. Hər şeyə özüm nail olmaq istəyirəm. Biz ailədə dörd bacıyıq. Heç vaxt atamıza görə bizə hörmət edilməsinin tərəfdarı olmamışıq. Atam özü də bizi belə müstəqil bir ruhda böyüdüb. O, bizə həmişə öz ayaqlarımız üstündə durmağımızla bağlı məsləhətlər verərdi. Biz uşaqlıqdan belə tərbiyə olunmuşuq. İstər-istəməz psixoloji cəhətdən atamızın adının bizə görə hallanmasını istəmirik. Ailədə qarşılıqılı olaraq bir-birimizlə fəxr edirik.
-Ülkər İsayevanı necə xarakterizə edərdiniz? Gələcək planlarınız varmı?
-Mən bizneslə məşğul olmuram. Böyük pullar xərcləyib hansısa biznesə qoşulmamışam. Daha çox akademik sahə ilə məşğul oluram. Gələcəkdə özümü akademik sahədə çalışan yaxşı bir alim kimi görməyi planlaşdırıram. İnşallah gələcəkdə bu mümkün olacaq. Əsas planım budur. Psixologiya sahəsində yeni ixtiralar edən bir tətqiqatçı,adımı, izimi qoyub gedən bir insan olmaq istəyirəm.
-Ülkər İsayeva adı cəmiyyətdə niyə bu qədər populyardır?
-Hər yerdə aktiv olduğum üçün bəlkə də daha çox populyarlıq qazanmışam. Bütün tədbirlərdə insanlarla ünsiyyətdə oluram. Maraqlı flashmoblarda iştirak etmişəm. 20 yaşımdan bəri belə işlərlə məşğul oluram. İndi isə 30 yaşım olacaq. Yəni bu vaxta qədər çox sosial-aktiv olmuşam. Hətta Amerikada təhsil aldığım vaxtlarda da bütün tədbirlərə qatılırdım. Orda Azərbaycan rəqsləri edirdim. Çünki 8-9 il ərzində professional rəqslə məşğul olmuşam. Bir sözlə, təbiətcə də çox aktiv bir insanam.
-Bildiyimə görə həyat yoldaşınızdan ayrılmısınız. Qızınız Cananı tək böyütmək sizə çətin deyil ki?
-Ailə bir tərəfdən çətin, digər tərəfdən də asan bir şeydir. İnsanlar bir-birlərini yaxşı başa düşürlərsə, bir-birlərini qıcıqlandırmırlarsa, mənfi cəhətlərini görməməyi bacarırlarsa, həmişə dəstək ola bilirlərsə ailə çox gözəl bir şeydir. Ancaq bunlar yoxdursa mütləq müəyyən çətinliklər olacaq. Çox vaxt deyirlər ki, uşaq olandan sonra hər şey öz yoluna düşür. Ancaq mən buna o qədər də inanmıram. Gözəl ailənin olması uşaqdan aslı deyil. Sadəcə olaraq düzgün bir insanı tapmaq və onunla birlikdə yaşamaq lazımdır.
- Bəs yenidən ailə qurmaq...
- Hələ ki, özümü yenidən ailə qurmağa hazır hiss eləmirəm. Bəlkə, gələcəkdə ola bilər. Hazırda kariyeramla bağlı düşünürəm. Doktrantura porqramı çox çətin bir proqramdır. Günün 12 saatını işləməli olacağam. Bu vaxt bitdikdən sonra bəlkə yenidən ailə qura bilərəm. Bu şərtlə ki, həmin insana 100 faiz əmin olmalıyam. İnsan heç vaxt tək qocalmaq istəmir. Dərdlərini, xoşbəxtliklərini paylaşmaq istədiyi bir olmasını istəyir. Bəlkə, nə vaxtsa mən də həmin nöqtəyə gəlib çıxacağam. Zamanı bəlli deyil.
- Qızınızın atası ilə münasibətiniz necədir?
- Qızım onun atası-anası ilə görüşür. Mənim özümə gəldikdə isə keçmiş həyat yoldaşım Aydınla heç bir münasibətim olmadığı kimi düşmənçiliyimiz də yoxdur. Yenidən birləşmək ehtimalımız isə qətiyyən mümkün deyil.
- Əsil ailə başçısı olan kişi necə olmalıdır?
- Kişi ruhən bir çox məsələlərdə qadından daha güclü olmalıdır. Bəzən qadını zəif hiss etdirməli, ona sədaqətli , hər işində dəstək olan biri olmalıdır. Mənim üçün əsil ailə başçısı belə olmalıdır. İnsanlar bir-birlərinə yalan danışmağa başladılarsa, həmin ailə tez bir zamanda da dağılacaq.
- Sizin həyat yoldaşınızda saydığınız bu əlamətlər yox idi? Nikahnızın tez dağılmasına səbəb nə oldu?
- Bizim ailəmiz birdən-birə dağılmadı. Uzun bir prossesdən sonra bizim nikahımız dağıldı. Bunlar çox şəxsi məsələlər idi. Ona görə də çox danışmaq istəmirəm. Qızımın atasını bu dəqiqə küçədə görsəm yaxınlaşıb salam verəcəyəm. Çünki bizim övladımız var. Aramızda düşmənçiliyin səviyyəsi sıfırdır.
- Gənc xanım, gənc ana üçün övlad kəlməsi nə ifadə edir?
- Övlad dünyada ən gözəl nemətdir. Mən bunu bilmirdim. Canan dünyaya gələndən sonra mən övladın nə olduğunu başa düşdüm. Canan yavaş-yavaş böyüdükcə onun gözündəki sevgi hisslərini görürəm. Mənə həmişə soyuq bir insan olduğumu söyləyirlər. Dostlarım deyirlər ki, istiqanlı olduğumu görmək üçün mənə çox yaxın olmaq lazımdır. Əslində özümü elə hesab etmirəm. Amma hər kəs barəmdə elə deyir. Öpüb-qucaqlayaraq sevgimi göstərən insanlardan deyiləm. Amma Canana qarşı bütün hissələrim tamam başqadır. Ondan bir-iki gün uzaq olanda çox darıxıram. İlk dəfədir ki, kiminsə həyatı, hətta ayağındakı balaca bir cızıq belə mənim üçün çox önəmildir. Qızımı özümdən də çox istəyirəm.
- Bəzi məmur övladları özbaşınalıqlar edirlər, adları mətbuat səhifələrindən günlərlə düşmür. Siz də özünüzü məmur övladı hesab edirsinizmi?
- İnsanları ümumiləşdirmək lazım deyil. Mən belə “məmur uşaqları” ifadələrini sevmirəm. İnsanların yaxşısı da, pisi də olur. Bütün kasıb insanlar yaxşıdır, yaxud bütün varlı insanlar pisdir demək qətiyyən olmaz. Psixologiyada “önyarqı” deyilən bir ifadə var. Yəni əvvəlcədən, tanımdan insanı mühakimə etmək olmaz. “Önyarqı”dan uzaq bir insanam. Tanımadığımız insanı başqalarının dediklərinə görə ittiham etmək düzgün deyil. Mənim atam isə məmur deyil. Hamlet İsaxanlı ziyalı alimdir.
-Ülkər İsayevanın mənfi xüsusiyyətləri nədir?
- Çox tənbələm. Belə olmasaydım bəlkə də böyük uğurlara nail ola bilərdim. Bəlkə də bəzi uğurlara daha tez nail olardım. Məsələn doktrantura məsələsini bir-iki il öncə də edə bilərdim. Tənbəlliyim məni çox narahat edir. Hər zaman bu xüsusiyyətimlə mübarizə aparmağa çalışıram. Bəzən qeyri-punktual oluram, bunu aradan qaldırmaq üçün daimi mübarizə aparıram. Pis tərəflərimdən biri də odur ki, yaxın insanlara qarşı diqqətsiz qalıram. Həmin insanlar məndən küsürlər. Amma içimdə tamam başqa hisslər heçirirəm. Sadəcə olaraq onları üzə çıxara bilmirəm.
- Azərbaycanlı qızlara məsləhətiniz nədir?
- Azərbaycan qızlarına məsləhət verə bilmərəm. Çünki qızlarımız bir-birlərindən çox fərqlənirlər. Çox individualdırlar. Bu sualın cavabı çox genişdir. Məncə qızlarımız daha çox təhsilə yer ayırmalıdırlar. Kişi də, qadın da öz ayaqları üzərində durmağı bacarmalıdır. Azərbaycanda belə bir tendensiya var ki, qızlar universitetə daxil olurlar, diplom alırlar və onu evdə yatızdırırlar. Səbəb isə olur ki, ailə qurub ev –eşik sahibi olurlar. Bəzi qızlar üçün xoşbəxtlik budur. Mən buna heç nə demirəm. Amma hər şey ola bilər. Məsələn, boşanma, həyat yoldaşın rəhmətə getməsi, müflis olma və s. Bunlardan heç kim sığortalanmayıb. Ona görə də hər kəs öz ayaqları üzərində durmağı bacarmalıdır. Kariyera qursunlar, təhsil alsınlar. Onsuz da bizim qızlar yemək bişirmək məsələlərində əvəz olunmazdılar.
- Ülkər İsayeva üçün sevgi nədir? Kimisə sevirsiniz?
- Sevginin nə olduğunu deyə bilmirəm. O mənim üçün çox qəribə bir şeydir. Yəqin ki, sevmişəm və gözəl bir şey olmalıdır. Amma hər zaman gözəl olmur. İnsan sevəndə həm xoşbəxt, həm də bədbəxt anları olur. Psixoloq olsam da tam şəkildə sevginin nə olduğunu təsvir edə bilmərəm. Amma psixoloqlar sevgini hormonların coşması ilə izah edirlər. O dərinliklərə girmək istəmirəm. Hələ ki, sevməyə hazır deyiləm.
- Səhv addımlarınız olubmu? Nəyə görə peşmançılıq hissləri keçirmisiniz?
- Səhv addım atmayan insan yoxdur. İndiyə qədər milyon dənə səhv addımım olub. Əsas odur ki, həmin səhv addımlardan dərs çıxardasan və həmin hərəkətləri bir də təkrarlamayasan.Bəzi şeylər var ki, düzgün olmadığını üəyimdə hiss etmişəm. Amma riskə getmişəm. Riskli addımlar atmağı sevən insanam.
Həyatda hər şey ola bilər. Mən həmişə deyirəm ki, həyatda iki cür insan var. Birinci hamının başına pis iş gələ bilər. Hamı zəlzələyə düşə bilər. Zəlzəldən sonra bəzi insanlar normal həyatlarını davam edib hər şeyə pozitiv yanaşa bilirlər. Bəziləri isə depressiyaya düşürlər. Əsas insaların ətrafda baş verənlərə necə yanaşmalarıdır. Hadisələrə reaksiya insanın gələcək həyatını müəyyən edir. Mən özümü çox güclü və pozitiv insan tipinə aid edirəm. Təbii ki, ağladığım anlar da olur. Mən də qadınam. Nə üçün ağladığım yadımda deyil. Çox şeylər üçün ağlamışam. Axırıncı dəfə isə sevinc göz yaşları tökmüşəm. Doktranturaya qəbul olmağımla bağlı xəbəri maşında öyrəndim. Ağlıma gəldi ki, nə yaxşı qəbul oldum. Birdən başqa ölkəyə köçəcəyimi və yeni həyat quracağımı düşündüm,maşındaca ağlamağa başladım.
Çox sakit bir insanam. Ülkər İsayevanı tanıyanlara heç nə demək istəmirəm. Hər kəs tanımaq istədikləri kimi insanları tanıyırlar. Özüm haqqında yeni bir şey deyə bilmərəm. Nə varsa hər şey üzdədir. Özüm üçün kiçik bir cəmiyyət qurmuşam. Öz çevrəm, dostlarım və mənə bənzər insanlar var. Onların yanından çox da ətrafa çıxmıram. Ətrafda baş verənləri isə heç də sevmirəm. İnsanların bəzi analizlərini bir psixoloq kimi həyatıma yaxın buraxmıram. Ona görə də sıxılmıram və belə hallar qarşısında çox dayanıqlıyam.
- Sizi qorxudan nədir? Kimdən və nədən qorxursunuz?
- Əsas Cananım, yaxınlarımızın başına bir iş gəlməsin. Anamın, atamın, bacılarımın başına bir iş gəlməsindən çox qorxuram. Bundan başqa elə də böyük qorxularım yoxdur.
- Hamlet İsaxanlını qocaldan səbəblər nədir?
- Mən onun qocalmağını hiss etmirəm. İnsan ruhən cavan olarsa, heç vaxt qocalmaz.
- Ərköyünsünüzmü?
- Bir az ərköyünlüyüm var. Çünki ailənin ən sonuncu qızıyam. Buna görə ərköyünlük bir az mənə yansıyıb. Amma artıq böyümüşəm.