Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (12-03-2015, 11:27)
“Azərbaycandakı məzənnə siyasətində də “şok terapiyası” elementləri var“

Mediatv.AZ Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin Trend-ə müsahibəsini təqdim edir

 

- Bu gün Azərbaycanda manatın məzənnəsi, bazarda qiymətlərlə bağlı geniş müzakirələr gedir. Siz bu məsələlərə hansı konseptdən yanaşırsınız?
- Mən bu məsələlərə konseptual baxımdan bir neçə istiqamətdən baxıram. Onlardan biri din və adət-ənənələrimizlə bağlıdır. Allahın, Peyğəmbərimizin sevmədiyi şeylərdən biri də israfçılıqdır. Azərbaycanda isə israf və qənaətcillik məsələsi gündəmdə deyil. Bunun kökləri Sovet dönəminə gedib çıxır. Çünki Sovet dönəmində qənaətcillik deyilən bir şey yox idi. İşıq səhərdən axşama kimi yandırılır, su axıdılır gedir, qazı kim nə qədər istəyir yandırır, geyimlər də çox ucuz idi. Yəni hər şey ya dövlət hesabına, ya da çox ucuz olduğuna görə bu məsələyə heç kim diqqət yetirmirdi. Qənaət məfhumu nə məktəbdə tədris olunur, nə də ailədə tərbiyə olunurdu. Sovet dönəmi bizim tarixən formalaşmış adət-ənənələrimizi, “ayağını yorğanına görə uzat”, çörək yerə düşəndə götürüb öpmək və kənara qoymaq kimi dəyərlərimizi ortadan apardı.
Mənim nənəm bəy nəslindən olub. Onun mənə qənaət etməklə bağlı öyrətdikləri indi də yadımdadır.
- Bildiyimə görə, sizin babanız Kərbəlayi Yunus Lənkəranın tanınmış tacirlərindən olub...
- Bəli, mənim o bəy nəslindən tacir arvadı olan Küba nənəm bizə həmişə qənaət etməyi öyrədərdi. O, bizə evdə çörək qırıntısını yerə salmağa qoymurdu. Nənəm mənə deyərdi ki, çörək bərəkətdir, onu yerə atmaq günahdır. Qazanda xörəyin artıq qalıb atılması deyilən bir şey isə yox idi. Yəni xörək o qədər bişirilirdi ki, ailəyə bəs etsin. Bəs indi nə edirlər? Baxın, şəhərin zibil qutularında görün nə qədər yemək var… Mən indi də yalnız yeyə biləcəyim yemək sifariş edirəm – bir dilim çörək, bir dilim pendir, bir dənə xiyar və yarım pay sulu xörək. Yəni mədəmin götürəcəyi qədər yeyirəm. Pulunu artıqlaması ilə verirəm, amma yeməyi israf etmirəm.
Bunları ona görə deyirəm ki, bizim istehlak mədəniyyətimiz “yorğanına bax, ayağını uzat” məsəlinə söykənir. Gəlin, indi evlərə, maşınlara nəzərə salaq. Görün nə qədər israfçılıq var. Mən bunu eyni zamanda dövlətin məmurlarına demək istəyirəm. İsraf etmək olmaz! Çalışmaq lazımdır ki, qənaət olsun, israf olmasın. Bu gün müəssisələrdə qənaət etməliyik. Bunun bir qolu da dövlət büdcəsinə gəlib çıxır. Baxırsan ki, xırda məmurdur, amma tələb edir ki, mütləq dövlət ona ayrıca avtomobil ayırmalıdır. Guya həmişə avtomobildə gəzib…
Yəni biz qənaət elementlərini bu gün dövlət büdcəsinə də daxil etməliyik.
- Belə çıxır ki, Azərbaycanda istehlak mədəniyyəti ilə bağlı müəyyən problemlər var?
- Son vaxtlar mənə tez-tez kredit məsələləri ilə bağlı müraciət edirlər. Onların əksəriyyəti 1000 manata qədər olan kiçik kreditlərlə bağlıdır. Yazırlar ki, ölürəm, ümid yerim sizsiniz. Adam gəlir yanıma. Görürəm ki, kasıb gəncdir. Ağlayır ki, bəs kredit götürmüşəm, indi ödəyə bilmirəm. Atam bilsə, məni öldürəcək. Bəs krediti niyə götürüb? Bahalı telefon almaq üçün. Deyirəm ay bala, niyə 50 manatlıq telefon almırsan? Axı sən kasıb ailənin övladısan, niyə 1000 manatlıq telefon alırsan? Bax, bunu insanlara başa salmaq lazımdır. Bu tərbiyə bu gün evlərdə verilməlidir.
Geyim məsələsinə də toxunmaq istəyirəm. Baxırsan ki, tələbədir, Azərbaycan Tibb Universitetində oxuyur. Qrupda biri nazirin, biri iş adamının, digəri də kasıb ailənin qızıdır. Bir də görürsən ki, həmin kasıb qızı evinə gəlib atasına dirəşir ki, filankəsin qızı filan firmanın paltarını geyinir, mənə də ondan almalısan. Gedin, Lənkəran Dövlət Universitetindəki qızların geyiminə baxın. Ucuz paltarlar geyiniblər, amma görün onlara necə gözəl yaraşır. Bəlkə atasını məcbur edən qızın aldığı paltar heç həmin firmanın məhsulu deyil, saxtadır. Amma görürsən kişini borca saldı, evini yıxdı…
Avropa və Amerikada təhsil sistemində ingilis dilində “şopinq edukeyşn” (shopping education - red.) deyilən bir fənn tədris edilir. Məktəblərdə dərs keçirlər ki, bazarlığı necə etmək lazımdır, nəyi nə ilə geyinmək olar, qışda nə, yayda nə geyinilməlidir və s. Məsələn, ayaqqabı var ki, 50 dollaradır, rahatdır, ayağını da isti saxlayır. Ayaqqqabı da var ki, eybəcər forması var, ayağı da sıxır. Məgər hər şey insanın bahalı geyinməsi ilədir, yoxsa ona yaraşması ilədir? Bu, istehlak, alıcılıq mədəniyyəti ilə bağlıdır. Düzdür, geyim gözəllik yaradır, amma insanı dəyərə mindirən onun geyimi deyil.
- Bu sadaladıqlarınızın manatın məzənnəsinin dəyişməsi ilə birbaşa hansı əlaqəsi var?
- Bu gün ilkin görüntü nədir? Manatın məzənnəsinin dəyişməsindən ötən müddət ərzində hazırda bütün topdansatış, ticarət strukturlarında müəyyən məhsul qalığı var. Həmin qalıq hansı qiymətə alınıb? İndi o qalıq niyə baha qiymətə satılmalıdır? Dövlətimiz bu məsələlərə ciddi nəzarət edir ki, möhtəkirlik olmasın, qiymətlər süni şəkildə artırılmasın. Möhtərəm Prezidentimizin çıxışında bununla bağlı istiqamətlər göstərildi. Bu addım əslində islahatlara başladığımız dönəmdə manatın məzənnəsinə qayıdış idi. Uzun müddət manat sabit qaldı. Camaat bəzən bunun qədrini bilmədi. Elə bilirlər ki, bu sabitlik göydən düşür. Dünyanın əksər ölkələrində 12-14 faizlik inflyasiya baş verirdi, bizdə isə cəmi 1,4 faiz. Bu nə idi? Bu, stabillik demək idi. Bu, adamlarımızın rifahına, güzəranına kömək idi. Amma çoxları bunu başa düşmürdü. Hər il 2-2,5 milyard vəsait sərf olunurdu ki, bu stabillik qorunsun. İndi isə manat dollara nisbətdə dünyadakı real məzənnəyə qayıdıb.
Sual oluna bilər ki, məzənnənin dəyişməsinin müsbət tərəfləri nə olacaq? Düzdür, ilkin mərhələdə bu sahədə müəyyən problemlər yarana bilər. Amma dövlətimiz bununla bağlı ciddi tədbirlər görür və vaxtı çatdıqda onlar öz müsbət nəticəsini göstərəcək. Ola bilər ki, məsələn, pensiya ödəmələri indeksləşdirilsin və s. əlavə işlər görülsün. Bunların hamısı nəzərdə tutulub. Bu, bizə nə verməlidir?
Dediyimiz kimi, əvvəla qənaətcil olmalıyıq, pulun qədrini bilməliyik. İkincisi, ölkə çalışmalıdır ki, bütün sahələrdə xaricdən asılılığını azaltsın. Məsələn, bu gün Türkiyə, İran, Çin bazarı öz-özünü təmin etməyə və tənzimləməyə çalışır. Azərbaycanda da buna nail olmalıyıq. Dövlət başçısı da qarşımıza məhz belə bir vəzifə qoyub. Məsələn, ayıb deyil, lənkəranlı gedib göyərtini, xiyar-pomidoru İrandan alıb gətirsin?! Axı Lənkəran özü bütün dünyaya xiyar-pomidor ixrac edə bilər. Bunun kökündə biganəlik və bəzi iqtisadi uyğunsuzluqlar dayanır. Bu gün Azərbaycanda aqrar bölməyə böyük diqqət və qayğı göstərilir, bu sahəyə xüsusi güzəştlər edilir, aşağı faizlə kreditlər verilir, sahibkarlığın inkişafına dəstək var. İndi Azərbaycan özünü kartofla, çiyələklə və s. ilə tam təmin edə bilir. Vaxtilə isə bu sahələrdə xaricdən asılılığımız var idi, sonradan səy göstərildi və hər şey tənzimləndi.
- Bəs niyə Azərbaycanda bəzi məhsulların istehsalı azalıb?
- Bunun əsasən iki səbəbi var. Birincisi, məsələn, İranda kənd təsərrüfatının 70 faizi dövlətin nəzarətindədir. Yalnız 30 faizi özəl təsərrüfatlardır. Xaricə hansı kənd təsərrüfatı məhsulu çıxarılırsa, dövlət həvəsləndirmək üçün onlara xüsusi vəsait verir, bazarda qiymətləri tənzimləyir. Göyərtini niyə İrandan gətirirlər? Çünki bizdə göyərti yetişdirmək üçün təsərrüfatların sayı azdır, olanlar da çox kiçikdirlər. İstehsal olunan göyərtinin maya dəyəri İrandan gələn göyərtinin qiymətindən çox olur. İranda yaranan həmin fərqi təsərrüfatçıya hökumət ödəyir. Bizdə də du sahədə yerli istehsalı stimullaşdırmaq üçün ya gərək İrandan gətirilən göyərtiyə qoyulan gömrük rüsumu qaldırılsın, ya da ki, bizim təsərrüfatçılara subsidiya və ya daha çox kredit verilsin. Kooperativlər göyərtini 6 sot yox, 6 hektar torpaqda və mexanikləşdirilmiş qaydada becərsinlər. Bu gün bu yöndə işlər aparılır. Bizim kənd təsərrüfatı sahəsində bütün istiqamətlərdə, hətta taxılçılıqda özümüzü tam təmin etmək imkanlarımız var. Başqa ölkələrdə bitən spesifik meyvə-tərəvəzlərə gəlincə, elə etmək lazımdır ki, onlar da Azərbaycana gətirilib bazara normal qiymətə çıxarılsın. Biz xarici bazardan asılılığımızı minimuma endirməliyik. Artıq Azərbaycanda avtomobillər, hətta kompüterlər istehsal olunur. Amma istehsal elə təşkil olunmalıdır ki, daxili tələbatı tam ödəsin. Ərzaq təhlükəsizliyi sahəsində başqa ölkələrdən asılılığımız olmasın. Xaricdən asılılığımız azaldıqca pul kütləsi daxildə oynayacaq və dünyada gedən proseslərin təsiri minimuma enəcək.
Qənaət və istehsalın artırılmasından başqa, vəziyyətdən digər çıxış yolu pul-kredit bazarının, kreditlərin faizinin və s. qismən tənzimlənməsidir. Dördüncü məsələ qənaətcilliklə bağlı olan istehlak mədəniyyətinin yüksəldilməsidir. Bu mədəniyyəti təbliğ etmək, belə mədəniyyətə sahib insanları mətbuatda həvəsləndirmək lazımdır. Bu gün məktəblərdə uşaqlar kimin telefonunun hansı markadan və daha baha olması üstündə mübahisə edirlər. Bu, normal deyil. Oxuyan kimdir, bahalı telefon gəzdirən kimdir? Bunları fərqləndirmək lazımdır.
- İstehlak mədəniyyətinin aşılanması, təbliği həm də sosial reklam tələb edir. Ölkədə sosial reklamlarla bağlı vəziyyət necədir? Bu məsələ sizi qane edirmi?
- Bu sahədə vəziyyət əlbəttə ki, qaneedici deyil. Bu məqsədlə biz qanunlarımızda bəzi dəyişikliklər də etdik. Hesab edirəm ki, Azərbaycanda sosial reklamlara daha çox yer verilməlidir.
- Məzənnə siyasətinin dəyişməsindən sonra ölkədə xüsusən də gənc, eləcə də imkansız ailələrin öz təminatını yaxşılaşdırması üçün nə tövsiyə edərdiz? 
- Manatın məzənnəsi ilə bağlı siyasətin dəyişməsi xəstənin müalicəsi prosesinə oxşayır. Adam ağır xəstə olanda onu incidir, iynə vurur, qarnını kəsib əməliyyat edirlər. Həmin vaxt qışqırıb bağıran da, həkimi söyən də olur. Lakin sağalandan sonra sakitləşirlər, hələ həkimin canına dua da edirlər. Bax, Azərbaycandakı məzənnə siyasətində də “şok terapiyası” elementləri var. Biz dünyadan xali deyilik. Bu addım məcburən atılıb. Buna ilk növbədə dünyada gedən proseslər, neftin qiymətinin aşağı düşməsi təsir edib. Digər tərəfdən manatın dollara nisbətən baha olması Azərbaycana xaricdən yatırımların qoyulmasına mane olurdu. Ona görə də bu addım ümumi işin xeyrinə olacaq.
Kapitalizmin sosializmdən fərqi nədir? Bunun üçün loru da olsa, bir misal çəkəcəyəm. Kapitalist adamı atır dənizin ortasına. Üzə bilsən, gedib sahilə çatırsan, üzə bilməsən, gərək çapalayıb üzməyi öyrənəsən, birtəhər qurtulasan. Nə üzə bilməsən, nə də cəhd etməsən, suda batıb boğulacaqsan. Sosializmdə isə dövlət öz ilə aparıb səni sahilə çıxarır. Bu isə sonda səndə arxayınlıq yaradır.
Yadınızdadırsa, Polşada “şok terapiyası” deyilən bir şey oldu. Onlar keçid dövründə bazarı tənzimləmədən sərbəst, öz ixtiyarına buraxdılar. Qiymətlər qalxdı, narazılıq artdı. Lakin 1 ildən sonra hər şey öz yerini tutmağa başladı. Bu gün Polşa normal inkişaf edən dövlətlərdən biridir.
Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki? Amma adam da var ki, gəlib deyir ki, mənim övladıma bir iş düzəlt. Məlum olur ki, oğlunun nə ali təhsili, nə də əlavə bacarığı var. Deyirəm, bəs nə əcəb tikintiyə işləməyə göndərmirsən? Deyir, aaa, bəs ayıb deyil? Deməzlər ki, filankəsin oğlu fəhləlik edir? Bu yanaşma düzgün, doğru deyil. Axı o niyə daş daşımamalıdır? Niyə fəhlə olmamalıdır? Cəmiyyətdə bəzilərinin belə məsələlərə baxışı kökündən doğru deyil. Axı halal yolla pul qazanmaq ayıb olmamalıdır.
Deyirlər ki, guya iş yoxdur. Mən bununla da razı deyiləm. Populyar və qeyri-populyar, yüksək və az ödənişli iş məsələsi var. Çox təəssüf ki, adam var öz kəndində, rayonunda fəhləlik etmir, amma Bakıya gəlib kirayə mənzildə yaşayaraq eyni əməkhaqqı ilə fəhlə işləyir. Guya onu rayonda tanıyanlardan utanır, bu işi özünə ayıb hesab edir. Nə vaxtdan çörək qazanmaq ayıb olub? Bu gün bölgələrdə artıq malabaxan, torpaqda işləyən adam tapmaq müşkülə çevrilib.
Bizdə ünvanlı yardım deyirlər. Dünyanın heç bir yerində əlini göyə açaraq yerində duran insanlara pul verən yoxdur. Bu, ələbaxımlılıq, tənbəllik yaradır. Onlara deyirlər ki, sənə layihə verirəm, gəl işlə, pul verim. Məsələn, Çində əlil insana pul əvəzinə həmin dəyərdə bir neçə cüt ayaqqabı verirlər. Həmin adam da gedib onları satıb pul qazanır. Daha çox satdıqca da daha çox qazanır. Bununla o, həm ələbaxımlılıqdan qurtulur, həm də iş quraraq pul qazana bilir.
- Bəs Azərbaycanda gəliri az olan, imkansız ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün konkret hansı işlər görülməlidir?
- Bizdə ildə bir dəfə yaşayış minimumu deyilən bir rəqəm təsdiq olunur - ən aşağı yaşayış həddindəki dolanışın tələbləri. Buna uyğun olaraq da əməkhaqqı verilir. Ola bilər ki, bəzi ölkələrdə bu rəqəm yüksəkdir. Bu verilən məbləğ minimumdur. Amma kim çox istəyirsə, gedib işləsin. Əvvəllər vətəndaş qanunla yalnız bir yerdə işləyə bilərdi. İndi 3 yerdə də işləyə bilər. Əgər işin öhdəsindən gəlirsə, gedib işləsin.
Sosial müdafiənin 5 mərhələli Avropa modeli deyilən bir şey var. Buna katolik modeli də deyirlər. Biz də buna doğru gedirik. İslam modelində belədir ki, dövlət bu işə müdaxilə etmir. Cəmiyyət özü-özünə yardım edir. Bunlar ehsan, fitrə, zəkat, xums, bəxşiş və s. formasında olur. Amma Avropada bu, başqa cürdür.
Birincisi, qanunvericilik elə qurulur ki, vətəndaş özü-özünü müdafiə edə bilsin. Bunlar minimum əməkhaqqı, iş yerlərinin yaradılması və s. ilə bağlıdır.
İkincisi, ailədə sosial müdafiədə iştirakı mütləq təmin edilir. Bizdə 3 qrupa bölərək əlilliyə görə müavinətlər verilir, onlarda isə şəxslərin sosial vəziyyətinə görə. Əgər uşaq əlildirsə, lakin onun valideynləri imkanlıdırsa, ona müavinət verilmir.
Üçüncüsü, sosial müdafiədə cəmiyyətin, dini qurumların, ictimai birliklərin iştirakıdır. Məsələn, kilsələrin xəstəxanaları, məktəbləri var. Eyni zamanda, qeyri-hökumət təşkilatları bu istiqamətdə müxtəlif layihələr həyata keçirirlər.
Dördüncüsü, sığorta məsələsidir. Azərbaycanda sığorta mədəniyyəti çox aşağı səviyyədədir. Almaniyada insanlar bədən üzvlərini, ağacını, ev heyvanlarını sığorta etdirirlər. Avropada sığortanın müxtəlif növləri, o cümlədən tibbi sığorta sistemi geniş yayılıb.
Beşinci mərhələ isə dövlətin sosial müdafiədə iştirakını nəzərdə tutur. Məsələn, dövlət büdcədən əlillərə, qocalara, demoqrafik vəziyyətin yaxşılaşdırılmasına və s. məsələlərə vəsait ayırır.
Bütün bunların mahiyyətində ünvanlılıq durur. Yəni kimin buna ehtiyacı olduğu tapılmalı, ona lazımi kömək göstərilməlidir.
- Bu arada, Azərbaycanda ikinci və növbəti qız uşaqlarına görə 10 min manat müavinətin verilməsi məsələsi də gündəmə gətirildi. Azərbaycanda belə bir addımın atılması mümkündürmü? 
- Azərbaycanda ailələrdə ikinci və növbəti qız uşaqlarının adına hesab açılacağı və onların hesabına 10 min manat vəsaitin köçürüləcəyi ilə bağlı yayılan xəbərlər əsassızdır. Bu, kökündən düzgün deyil. Dünyada belə bir praktika yoxdur. Bəziləri bu məsələdə Rusiyanı misal göstərirlər. Axı Rusiya demoqrafik uçurumun kandarında idi. Hər il ölkə əhalisinin sayı 1 milyon nəfərə yaxın azalırdı. Onlar hələ 2 il öncə balans yarada biləndə buna sevinirdilər. Azərbaycanda isə belə bir problem yoxdur. Ölkədə hər il orta hesabla 130-150 min nəfərlik təbii artım var. Ona görə də bu, kökündən yanlış məsələdir. Belə şey etmək olmaz. Dövlətimizin qanunu var ki, selektiv abort etmək qadağandır. Yəni uşaqları cinsinə görə seçib abort etmək olmaz. Lakin bu qanunu yerlərdə pozurlar.
Digər tərəfdən, Allahın bizim üçün qoyduğu qaydalar var. Yəni toxunmasalar, dünyaya 51 faiz oğlan uşağı, 49 faiz qız uşağı gələcək. Təxminən 18 yaşına çatanda bu balans düzəlir. Çünki, qəribə də olsa, qız uşaqları dözümlü olduğundan qalır, oğlan uşaqları isə zəif olduğundan daha çox ölür. Daha sonra müxtəlif səbəblərdən oğlanların sayı getdikcə azalır, qızların sayı isə çoxalır. Hazırda 70 yaşlarında insanların 40 faizi kişi, 60 faizi qadındır. Ona görə də təbii qanunlara müdaxilə etmək olmaz. Vaxtilə Çində bu işə müdaxilə etdilər. Orada dedilər ki, şəhərdə yaşayanların 1 uşağı olsun və ultrasəs müayinəsini (USM) də qadağan etdilər ki, heç kim uşağın cinsiyyətini müəyyən edə bilməsin. Lakin kimin imkanı varsa, gedib xaricdə USM-də baxdırdı, oğlanı saxladı, qızı öldürdü. Bir də ayıldılar ki, Çində dünyaya gələn uşaqların 62 faizi oğlan, 38 faizi qızdır. Deməli, bir az sonra 1 qadının 2 əri olmalı idi. Deməli, Allahın qoyduğu balansı pozmaq olmaz.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024