Sosial (9-02-2015, 21:52)
Azərbaycanda çoxuşaqlı ailələrin sayı artır
Statistik məlumatlara görə, bu istiqamətdə artım daha çox kənd yerlərində müşahidə edilir
Azərbaycan tarixən çoxuşaqlı ailə ənənələrinə malik dövlətlərdən biri olub. Lakin 90-cı illərdən başlayaraq, ölkədə baş verən iqtisadi durğunluq, müharibə və digər sosial səbəblər bu sahədə ciddi dəyişikliklərə səbəb oldu. Belə ki, 90-cı illərin ortalarından etibarən çoxuşaqlılığa meyl kəskin şəkildə azalmağa başladı. Yəni, gənc ailələr əvvəlkilərdən fərqli olaraq 5-10 uşağın dünyaya gəlməsinə deyil, ailədə daha çox 2 uşağın doğulmasına üstünlük verdilər. Amma statistik məlumatlar göstərir ki, son vaxtlar bu yöndə cəmiyyətdə müsbət tendensiyalar müşahidə olunmaqdadır. Müsbət tendensiya ondan ibarətdir ki ailələrdə nəinki üçüncü, hətta dördüncü və beşinci uşağın dünyaya gəlməsinə meyl xeyli artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 1995-ci ildə Azərbaycanda doğum ardıcılllığına görə 9817 uşaq ailədə 4-cü, 5294 uşaq 5-ci və çox uşaq dünyaya gəlib. Lakin sonrakı illərdə bu göstəricilər azalmağa başlayıb. Nəticədə 2010-cu ildə doğum ardıcıllığına görə ölkədə 4-cü uşaq kimi dünyaya gələnlərin sayı azalaraq hətta 3018-ə, 5-ci və cox uşaq kimi dünyaya gələnlərin sayı 702-ə enib. Lakin 2011-ci ildə ölkədə 5 və daha çox uşaqlı ailələrin sayında artım olmasa da, həmin ildən 4 uşaqlı ailələrin sayı artmağa başlayıb. 2012-ci ildən isə doğum ardıcıllığı üzrə 5-ci və çox uşaq kimi dünyaya gələnlərin sayında da artımlar müşahidə edilir.
2011-ci ildə Azərbaycanda doğum ardıcıllığına görə 3130 uşaq 4-cü, 643 uşaq 5-ci və çox uşaq kimi, 2012-ci ildə 3625 4-cü, 752 uşaq 5-ci və çox uşaq, 2013-cü ildə 3827 uşaq 4-cü, 846 uşaq beşinci və çox uşaq kimi dünyaya gəlib.
Ümumilikdə, ölkədə həm şəhər, həm də kənd yerlərində 4, 5 və daha çox uşaqlı ailələrin sayı artsa da, bu artım daha çox kənd yerlərində müşahidə edilir.
Yeri gəlmişkən, ötən ilin 9 ayın statistikasına əsasən, Azərbaycanda 2722 qadına 5-dən çox uşağının olmasına görə dövlət tərəfindən müavinət verilir. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Milli Məclisdə “Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, 2013-cü ildə qəbul olunan “Sosial müavinətlər haqqında” qanuna əsasən, 5-dən çox uşağı olan qadınlara sosial müavinətlər verilir: «Bu qanuna əsasən, bu ilin ilk 9 ayı ərzində 2722 qadının 8 mindən artıq uşağına görə həmin növ müavinət hesablanaraq ödənilib. Bu ilin 9 ayı ərzində 72790 nəfər yeni doğulmuş uşağın hər birinə 90 manat məbləğində birdəfəlik müavinət ödənilib".
Beynəlxalq təcrübə nə deyir?
Məlumat üçün bildirək ki, bu gün əksər ölkələr demoqrafik disbalansı qorunmaq məqsədilə müxtəlif stimullaşdırıcı tədbirlər həyata keçirirlər. Məsələn, əmək haqlarının xeyli yüksək olduğu Avropa ölkələrində uşaq üçün ödənilən məbləğ kifayət qədər yüksəkdir. Belə ki, Böyük Britaniya vətəndaşı olan uşaqlara hökumət ayda təxminən 150 funt sterlinq pul ayırır. Birdəfəlik müavinət isə 500 funt sterlinqdən artıqdır. Latviyada hər doğulan uşağa görə ailəyə 560 avro müavinət verilir.
Avstriyada birinci uşağın 10 yaşına qədər ailə hər ay 130 avro, 19 yaşına qədər 153 avro, ikinci uşağa görə müvafiq olaraq 144 və 165 avro, üçüncü uşağa görə 166 və 188 avro, dördüncü uşağa görə isə 181 və 203 avro müavinət alır. Uşaq ali məktəbə qəbul olunduğu halda müavinət 27 yaşa qədər ödənilir. Almaniyada 3 yaşına qədər hər bir uşağa ayda 270 avro pul verilir. Uşağın bir yaşından isə onun adına ipoteka krediti sənədləşdirmək mümkündür. Fransada hətta uşaq dünyaya gəlməmiş anası ona görə müavinət alır. Belə ki, birinci hamiləliyin 5-ci ayından uşağın 3 aylığına qədər 109 avro, ikinci uşağı gözləyən anaya isə 130 avro müavinət verilir. Əgər ailədə üçüncü uşağın doğulması gözlənilirsə, onda hamiləliyin dördüncü ayından uşağın 3 yaşına qədər ailə dövlətdən 975 avro pul alır. Bundan əlavə, hər bir uşaq 18 yaşına qədər dövlətdən müavinət alır. İki uşaq üçün bu, 680 avro, üç uşaq üçün 1550, dörd uşaq üçün 2420, beş uşaq üçün 3300 avro təşkil edir. Əgər uşaqların sayı altıdan çoxdursa, onların hər birinə görə 870 avro ödənilir. 10 yaşdan 15 yaşa qədər olan uşaqların hər biri üçün əlavə 192 avro, 15 yaşdan yuxarı uşaqlar üçün isə əlavə 339 avro pul ödənir. ABŞ-da hər uşağa görə aylıq müavinət təxminən 680 dollar təşkil edir. Hər ştatda bu göstərici bir qədər fərqli ola bilər.
İsveç hökuməti isə hər uşağa görə 185 dollar müavinət ödəyir. Bu müavinət uşağın 18 yaşına qədər ödənilir. Üçdən artıq uşağı olan ailələr üçün əlavə müavinət də nəzərdə tutulub. İsrail dövləti isə birinci uşağa görə 325 dollar, əkizlərə görə 1600 dollar birdəfəlik müavinət ödəyir. Əgər uşaqlar üçəm olsa, bu məbləğ 2500 dollara qədər artır. Hər uşağa görə isə ayda 180 dollar müavinət verilir. Boşanmış ailələrdə bu göstərici 725 dollar təşkil edir.
Finlandiyada isə hər doğulan uşağa görə anaya bir neçə yüz avroluq paket təqdim edilir. Bu paket bir yaşına qədər uşağın bütün xərclərini ödəyir. Polşada uşağın 18 yaşına qədər dövlət ailəyə hər ay 125 dollar pul verir. İsveçrədə isə bu göstərici 345 dollar təşkil edir. Avstraliyada isə hər bir uşaq 18 yaşına qədər dövlətdən 540 dollar pul alır.
İqtisadi və sosial amillər çoxuşaqlılığa marağı artırıb
Mövzu ilə bağlı fikirlərini «Həftə içi»nə açıqlayan "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova cəmiyyətdə dördüncü və beşinci uşağa meylin artma tendensiyasını müxtəlif səbəblərlə əlaqələndirib. Onun sözlərinə görə, burada əsas amillərdən biri əvvəlki illərlə müqayisədə əhalinin sosial vəziyyətinin nisbətən yaxşılaşmasıdır: "Etiraf edək ki, hazırda vətəndaşların iqtisadi durumu müsbətə doğru dəyişib. Yəni, mövcud iqtisadi vəziyyətin yaxşılaşması və müəyyən proqramların həyata keçirilməsi ailələrdə uşaq artımına müəyyən marağın artmasına gətirib çıxarır. İkinci bir tərəfdən insanlar artıq başa düşməyə başlayır ki çoxuşaqlı ailələrdə bir-birinə dəstək və yardım daha üstündür. Üçüncüsü fikirləşirlər ki hansısa fəlakətlər və bədbəxt hadisələr nəticəsində ölüm halları ola bilər. İtkilərin yerini doldurmaq üçün uşaq nə qədər çox olsa bu bir o qədər yaxşıdır. Hesab edirəm ki, bu psixoloji aspektlər və iqtisadi vəziyyətin yaxşılaşması çoxuşaqlılığa meyli artırır. Çünki bir ara vəziyyət çətin idi, müharibə gedirdi və çoxlu sayda itki var idi. İnsanlar uşaqlarını saxlaya bilmirdi, iş yerləri yox idi, dolanışıq həddindən artıq çətin idi. Ancaq indi müəyyən mənada iş yerləri bərpa olunub, yeni iş yerləri açılıb, eyni zamanda uşaqları saxlamaq rahat olub. O vaxt xüsusilə kəndlərdə işıq, qaz, su yox idi. Məktəb problemləri kəskin dayanırdı. İndi məktəb problemləri də bir qədər yüngülləşib və uşağa baxmaq əvvəlki illərə nisbətən daha asandır".
Ailələr tək övlad böyütməyin çətinliyini dərk etməyə başlayıblar
Mövzu ilə bağlı fikirləri bölüşən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə məsələyə daha çox psixoloji tərəfdən yanaşıb. Həmsöhbətimiz öz açıqlamasında bildirib ki, artıq ailələr tək övlad böyütməyin çətinliyini dərk etməyə başlayıblarüçüncü uşağa marağın artma səbəbini belə izah etdi: "İndi ailələr bacıya qardaş qardaşa qardaş yanaşmasına görə dördüncü və beşinci uşağın dünyaya gəlməsinə daha çox çalışırlar. Digər tərəfdən iqtisadi vəziyyətin yaxşılaşması uşağa münasibətin normallaşması normal ailədə uşağlara diqqətin artırılması buna zəmin yaradır. Ancaq təəssüflər olsun ki, hələ də elə çoxuşaqlı ailələr var uşaqları baxımsız şəraitdədir. Uşağın sayının çoxluğu onlar üçün o qədər də önəmli deyil. Elə ailələr var ki uşaqların çox olmasına qazanc mənbəyi kimi baxırlar. Belə hallar təbii ki bizdə ürək ağrısı yaradır".
Sevinc
